Uğurlu iqlim diplomatiyasında yeni mərhələ
Siyasət

Uğurlu iqlim diplomatiyasında yeni mərhələ

Azərbaycan 2024-cü ilin noyabr ayında keçiriləcək İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) təşkilati bacarıq və ekoloji davamlılığa sadiqlik nümayiş etdirərək ev sahibliyi hüququ qazanıb.

Rəsmi Bakı qlobal iqlim diplomatiyasının formalaşmasında yaxından iştirak edir və iqlim dəyişmələri ilə mübarizədə xüsusi fədakarlıq nümayiş etdirir.

İyunun 19-da Bakıda "COP29-a aparan yol: dayanıqlı və davamlı gələcək" mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantı çərçivəsində panel iclaslar keçirilib. "Çağırışın statusunun icmalı", "Balanslaşdırma, azaltma, uyğunlaşma və davamlılıq" və "İqlim dəyişikliyi və onun su, biomüxtəliflik və ərzaq təhlükəsizliyi ilə əlaqələri" kimi müxtəlif mövzular əhatə olunub. Qeyd edək ki, 8 paneldən ibarət və 100-dək qonağın iştirak etdiyi tədbirin ilk günündə iştirakçılar, həmçinin "Elm, texnologiya və innovasiyanın rolu", "Ərzaq və kənd təsərrüfatı sektorunun xüsusi vəziyyəti", "İqlim dəyişikliyinə və Davamlı İnkişaf Məqsədlərinə cavabımızın maliyyələşdirilməsi", "Eyni planet, eyni sağlamlıq: davamlı gələcək üçün birləşmək" və "Azərbaycanın öz təcrübəsindən dərslər" mövzularında fikirlərini bölüşüb, təkliflərini səsləndiriblər. Tədbirin ikinci günündə dörd panel müzakirəsi keçirilib. Son panel müzakirələrdən birinin isə iyunun 21-də Zəngilan rayonunda təşkil olunması nəzərdə tutulub.

Həmçinin "Sağlam gələcəklərin proqnozlaşdırılması" qlobal sammiti keçirilib. Üç gün davam etmiş tədbirin məqsədi iqlim dəyişmələri və onun insan sağlamlığına təsirlərini müzakirə etmək üçün iqlim və səhiyyə mütəxəssislərini bir araya toplamaq, eləcə də "məlumatlılıqdan fəaliyyətə" birlikdə hərəkət etmək imkanları və strategiyalarını müəyyənləşdirmək olub. İyunun 20-də səhiyyə nazirinin müavini Nadir Zeynalov iqlim və insan sağlamlığı mövzusunda çıxış edib, COP26, COP27, COP28 və COP29 təmsilçiləri arasında COP Davamlılıq Dialoqu baş tutub.

COP29 dünyanın hər yerindən minlərlə nümayəndəni, dövlət başçılarını, hökumət rəsmilərini, iqlim ekspertlərini, fəalları və biznes liderlərini bir araya gətirəcək. Konfransın məqsədi istixana qazları emissiyalarının azaldılması, iqlim dəyişmələrinin təsirlərinə uyğunlaşma və iqlimlə bağlı fəaliyyət üçün maliyyənin səfərbər edilməsi üzrə qlobal səyləri sürətləndirməkdir. Bakının müasir infrastrukturu və strateji mövqeyi bu mühüm toplantı üçün ideal şərait yaradır. Azərbaycan konfransın ən yaxşı şəkildə həyata keçməsi üçün müstəsna təşkilatçılıq nümayiş etdirir. Ən müasir qurğular, səmərəli daşıma və hərtərəfli təhlükəsizlik tədbirləri həyata keçirilir. Logistika və tədbirlərin mükəmməl şəkildə əlaqələndirilməsi Azərbaycanın irimiqyaslı beynəlxalq konfranslara ev sahibliyi etmək qabiliyyətinin növbəti təzahürüdür.

Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycan COP29-da iddialı iqlim gündəmi təqdim edib. Ölkəmiz karbon emissiyalarını əhəmiyyətli dərəcədə azaltmağı öhdəsinə götürüb və enerji kompleksində bərpaolunan enerjinin payını artırmaq planlarını açıqlayıb. Bu öhdəliklər konkret tədbirlər və yaşıl texnologiyalara investisiyalarla dəstəklənir. COP29-un öz inklüzivliyi ilə seçiləcəyinə şübhə yoxdur. Prosesdə gənclər, qeyri-hökumət təşkilatları da daxil olmaqla cəmiyyətin bütün təbəqələrinin iştirakını təmin etmək üçün səy göstərilir. Bu inklüziv yanaşma qlobal həmrəylik hissini və məsuliyyəti gücləndirir. Azərbaycan yeni tərəfdaşlığın qurulmasında mühüm rol oynayır. Bir sıra ölkələr və maliyyə institutları Yaşıl İqlim Fonduna və digər iqlim maliyyələşdirmə mexanizmlərinə kömək etməkdə maraqlı olduqlarını bildiriblər.

COP29-a uğurlu ev sahibliyi ölkəmizin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, həm də ekoloji və iqtisadi keçidi sürətləndirəcək. Konfrans Azərbaycanın 2030-cu ilədək dayanıqlı inkişafa baxışı ilə uyğunlaşaraq bərpaolunan enerji, dayanıqlı kənd təsərrüfatı və ekoloji cəhətdən təmiz şəhər inkişafı sahələrində yerli innovasiyalara təkan verəcək. Bu gün ölkəmiz daha yaşıl, daha möhkəm gələcəyə doğru kollektiv fəaliyyətə dəstək verməkdə davam edir.

Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmizin iqlim fəaliyyətinə və davamlı inkişafa sadiqliyini bir daha nümayiş etdirir.

Nurcan SÜLEYMANOVA,

"Respublika".