Azərbaycanı ikiyə bölən müqavilə
Tarix

Azərbaycanı ikiyə bölən müqavilə

Səndən qeyri, biz hər şeyi bölə billik.

Səndən qeyri, biz hamımız ölə billik.

(Məmməd Araz)

Azərbaycan tarix boyunca başına gələn çoxsaylı faciələrə şahidlik edib. Bunların arasında 210 il bundan əvvəl imzalanmış, xalqımızı iki yerə ayıran "Gülüstan müqaviləsi" 1813-cü il 12 oktyabr tarixində bağlanıb. Qarabağın Gülüstan kəndində bağlanan bu müqavilə ilə ölkəmizin tarixi torpaqları Rusiya və İran arasında bölüşdürülüb. Həmin ilin 12 oktyabrı dövlətçilik tariximizdəki uğursuz günlərdən biri hesab olunur. Belə ki, bu gün həm də fars və rus hegemonluğundan, işğalçılığından canı boğaza yığılan doğma xalqımızın taleyinə əbədi ayrılıq, parçalanma yazıldı. Daha dəqiq desək, 410 min kvadratkilometrlik ərazilərimiz əlimizdən çıxdı.

Müqavilənin mətninə diqqət yetirsək, əsas məqsədin elə ölkəmizi parçalamaq olduğunu aydın şəkildə görmək mümkündür. "Gülüstan müqaviləsi"ndə bircə dəfə də olsun Azərbaycan adına təsadüf olunmur. Əfsuslar olsun ki, həmin müqavilənin davamı kimi imzalanan "Türkmənçay müqaviləsi"ndə də Azərbaycanın adı çəkilməyib. Həmin dövrdə əsrarəngiz yurdumuza sahiblənmək istəyənlər törətdikləri cinayətləri gizlətmək üçün bilərəkdən Azərbaycanın adını müqaviləyə salmayıblar. Halbuki, onların bölüşdürdükləri torpaqlar tarixi Azərbaycan torpaqları idi. Beləliklə, 11 maddədən ibarət müqavilə ilə yurdumuz amansızcasına bölüşdürüldü, düşmənçiliyə son qoymaq üçün iki ölkə bundan sonra "əbədi dostluq şəraitində yaşayacaqlarına" söz verdilər. Şübhəsiz, bütün bunlar sadəcə gözdən pərdə asmaq məqsədi daşıyırdı. Xatırladaq ki, "Gülüstan" müqaviləsi İran tərəfdən şahın vəkili Mirzə Əbdülhəsən xan, Rusiya imperiyası tərəfdən isə Ratişev tərəfindən imzalanıb. Sözügedən "sülh" müqavilənin şərtlərinə əsasən Azərbaycan xanlıqlarından İrəvan və Naxçıvanı çıxmaq şərtilə yerdə qalan bütün xanlıqlar (Lənkəran, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ, Şəki) Rusiyaya verilirdi.

Bu müqavilə Rusiya tarixində "sülh sazişi" kimi qeyd edilsə də, əslində məğlub Qacar İranın Qafqazdan əl çəkməsi anlamına gəlirdi. 1828-ci ildə ikinci Rusiya-İran müharibəsindən sonra Türkmənçay kəndində daha bir "sülh" müqaviləsi imzalandı. Bu dəfə isə Naxçıvan və İrəvan xanlıqları da Rusiyanın tərkibinə qatıldı. Gülüstan müqaviləsinin imzalanması təkcə Azərbaycanın torpaqlarını deyil, həm də Dağıstan camaatlıqları və gürcü çarlıqlarının da Rusiya imperiyasının tabeliyinə keçməsinə səbəb olmuşdu. Məsələni daha dərindən analiz etsək, görərik ki, bu torpaqlar Rusiya imperiyasının olmadığı kimi, tam mənasında İranın da deyildi. Xüsusi vurğulamaq lazımdır ki, bu tarixi dramın başqa iştirakçıları da var idi.

Gülüstan müqaviləsinin imzalanması Azərbaycan tarixində, ədəbiyyatında və ictimai şüurunda "ikiyə bölünmüş Azərbaycan" məfhumu formalaşdırdı. Çünki məhz bu müqavilə nəticəsində xalq bir gecənin içərisində iki ayrı-ayrı dövlətin hüquqi sferasına düşdü. Əslində, bu ayrılıq XIX əsrdə bir o qədər də hiss olunmurdu. Amma XX əsrdən başlayaraq xalqın ikiyə bölünmüş hissələri arasındakı fərq modernləşmə və şəhərləşmə nəticəsində sürətlə özünü büruzə verdi. Nəticədə, xalq iki ayrı mədəni inkişaf  sferasına cəlb olundu.

Ölkəmizin son 200 illik tarixinə nəzər salsaq, təəssüf ki, yalnız ərazilərimizin bölünməsi, işğal edilməsi faktları ilə qarşılaşırıq. Amma 2020-ci il tariximizdə dönüş nöqtəsi oldu. İkinci Qarabağ savaşı nəticəsində Azərbaycan torpaqları işğaldan azad edildi. Bu prosesə nəinki biz, bütün dünya şahidlik etdi. 44 günlük Vətən müharibəsi dövlətçilik tariximizə yeni bir mərhələ kimi həkk olundu. Xüsusi vurğulamaq lazımdır ki, itirdiyi tarixi torpaqları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan ordusunun qüdrəti ilə geri qaytardı.

Nəzrin ELDARQIZI,

"Respublika".