Hər günü bir tarix idi...
Tarix

Hər günü bir tarix idi...

Vətən müharibəsinin 36-cı günü

27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı və ordusu tək yumruq şəklində birləşərək 30 ilə yaxın düşmən tapdağında olan Vətən torpaqlarının azad edilməsi uğrunda müqəddəs savaşa başladı. 44 gün davam edən bu müharibə ordumuzun şanlı qələbəsi, düşmənin kapitulyasiyası ilə başa çatdı, minlərlə igid əsgər və zabitimizin canı, qanı hesabına torpaqlar işğaldan azad olundu. Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər günü bir tarixdir.

1 noyabr

  • Vətən müharibəsinin 36-cı günündə Silahlı Qüvvələrimiz tərəfindən döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində uğurla davam edib.
  • Oktyabrın 31-i gün ərzində və noyabrın 1-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya qurğuları və raketlərdən atəşə tutub.
  • Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında xeyli sayda itki var.
  • Düşmənin hərbi avtomobil kortejinin məhv edilməsinin videogörüntüsü yayılıb.
  • Müdafiə Nazirliyi cəbhədə noyabrın 1-nə olan son vəziyyəti açıqlayıb. Düşmənin məhv edilən hərbi texnikasının siyahısı təqdim olunub.
  • Sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 1 ədəd PDM, 2 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 8 ədəd müxtəlif tipli topu, 2 rabitə qülləsi, 5 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
  • Düşmənin döyüş sursatı yüklənən hərbi yük maşınlarının məhv edilməsinin videogörüntüsü yayılıb. Düşmənin iki ədəd "Qrad"ı məhv edilib.
  • Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 1-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezident İlham Əliyev deyib: "Müharibənin ilk günlərindən, ilk saatlarından başlayaraq Türkiyə bizim yanımızdadır. Əziz qardaşım, cənab Prezident dediyi kimi, Türkiyə hər zaman Azərbaycanın yanındadır, Azərbaycan tək deyil. Bu siyasi və mənəvi dəstək bu gün də davam edir. Həm hörmətli Prezident, eyni zamanda, Türkiyə Böyük Millət Məclisinin Sədri, siz - Xarici İşlər naziri, Müdafiə naziri və digər yüksəkvəzifəli şəxslər dəfələrlə Azərbaycana dəstək göstərmisiniz. Bu, bizi, Azərbaycan xalqını çox məmnun edir. Bu, bir daha göstərir biz bütün dövrlərdə - yaxşı günlərdə, çətin günlərdə bir-birimizin yanındayıq. Bu siyasi və mənəvi dəstək əlbəttə ki, bizi ruhlandırır və biz haqq işimizi davam etdiririk".
  • Azərbaycan Prezidenti İlham Əliyev görüşdə həmçinin deyib ki, bildiyiniz kimi, əməliyyat uğurla davam etdirilir. Bu günə qədər bir çox kəndlər, şəhərlər, qəsəbələr işğalçılardan azad edilibdir, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri. Ümumiyyətlə, təqribən 200-ə yaxın yaşayış məntəqəsi düşməndən azad edilib və bu, davam edir. Mən hər həftə azad edilmiş yeni şəhərlər və kəndlər haqqında məlumat verirəm və ümid edirəm ki, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik.
  • Düşmənin iki artilleriya batareyasının məhv edilməsinin videogörüntüsü yayılıb.
  • Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin meşələri və mülki obyektləri raketlərdən atəşə tutması nəticəsində yanğınlar baş verib.
  • ANAMA bildirib ki, cəbhəyanı ərazilərdə top və minaatan mərmiləri, tank əleyhinə silahlar aşkarlanıb.
  • Ermənistan silahlı qüvvələrinin hərbi yük maşınları partladılıb.
  • Zəngilan istiqamətində düşməndən növbəti hərbi qənimət götürülüb.
  • Düşmənin canlı qüvvəsinin məhv edilməsinin videogörüntüsü yayılıb.

"Respublika".