Qan yaddaşımız haqqında tarixi həqiqətlər
Tarix

Qan yaddaşımız haqqında tarixi həqiqətlər

XX əsrin əvvəllərindən başlayaraq erməni millətçiləri, daşnaklar, ermənipərəst bolşeviklər xalqımıza qarşı dəhşətli soyqırımları törətmiş, mahallarımız, ərazilərimiz işğal olunmuş, yüz minlərlə soydaşımız faciəli şəkildə qətlə yetirilmişdir. 1905 və 1918-ci illərdə xalqımıza qarşı törədilən soyqırımları daha dəhşətli olmuşdur. Xüsusilə 1918-ci ildə erməni quldur dəstələri Azərbaycan türklərinə qarşı tarixdə görünməmiş vəhşiliklər törətmişlər. Bakıda, Şamaxıda, Qubada, Naxçıvanda, Qarabağda, Zəngilanda, həmçinin Azərbaycanın digər şəhər və kəndlərində, qədim oğuz torpağı olan İrəvanda yüz minlərlə azərbaycanlı amansız işgəncə ilə qətlə yetirilmişdir. Erməni vəhşiləri qocaları, qadınları, uşaqları qılıncdan keçirmiş, süngüyə taxmışlar. Dinc, silahsız əhaliyə qarşı 1918-ci il soyqırımlarının törədilməsinə Stepan Şaumyanın bilavasitə rəhbərliyi ilə xüsusi hazırlıq işləri aparılmışdır.

1918-ci ilin mart qırğınları ərəfəsində Bakı Soveti rəhbərliyi özünün sərəncamında olan silahlı qüvvələrin təşkili və təchizatı sahəsində xeyli iş görə bilmişdi. Həmin il noyabrın 15-də S.Şaumyan V.İ.Lenin tərəfindən Qafqazın fövqəladə komissarı təyin olunmuş və bu, ona kifayət qədər döyüş sursatı göndərilməsinə şərait yaratmışdır. Bakı Soveti qoşunlarının sərəncamına hətta top, zirehli maşın və təyyarələr də göndərilmişdi. Lakin müsəlman əhalisinin müqavimətini qırmaq üçün gələcək hərbi əməliyyatlarda Bakı Soveti qoşunlarının kifayət edəcəyinə əmin olmayan Şaumyan faciə ərəfəsində daşnaklarla taktiki ittifaqa girmişdir. Həmin dövrdə Bakıda daşnakların sayı 4 min nəfərdən artıq olan yaxşı silahlanmış hərbi qüvvələri var idi.

Daha sonra Şaumyan İrandan və Qərb cəbhəsindən qayıdan 7000 nəfər silahlı rus əsgərinin Bakıda qalmasını təmin etmiş, sonralar həmin əsgərlərdən müsəlmanlara qarşı hərbi əməliyyatlarda istifadə olunmuşdur. Xəzər hərbi donanması matroslarının da Bakı Sovetinin tərəfində vuruşacağı nəzərə alınmışdı. Ən dəhşətlisi bu idi ki, mart faciəsi ərəfəsində sayı 6 min nəfərə çatan Bakı Soveti qüvvələrinin istər tərkibinin, istərsə də komandir heyətinin əsas hissəsini erməni millətindən olanlar təşkil edirdilər. Bunların arasında "Daşnaksütyun" partiyasının üzvü Z.Avetisyan, Amazasp, polkovnik Kazarov və başqaları da vardı. Beləliklə, mart qırğınları ərəfəsində hər cəhətdən üstünlük Bakı Soveti qoşunlarının tərəfində idi. Həmin vaxtlarda ermənilər müsəlmanları Bakı Soveti ilə silahlı toqquşmaya sövq etmək üçün bütün vasitələrindən istifadə etmişdilər. Onlar əvvəl Azərbaycan milli qüvvələri ilə bolşeviklərə qarşı ittifaqa girəcəklərini, sonra isə bitərəf qalacaqlarını bildirsələr də həqiqətdə azərbaycanlılara qarşı məkrli niyyətlərini həmişə olduğu kimi gizlədirdilər. Faciə ərəfəsində erməni riyakarlığına aid bir neçə fakta istinad edək: "Martın 18-də keçmiş şəhər rəisi Qaik müsəlmanların iclası keçirilən İsmailliyyə binasına gələrək erməni milli şurası və daşnaksütyun partiyasının adından bildirmişdi ki, əgər müsəlmanlar bolşeviklərin əleyhinə çıxsalar, o zaman erməni qoşun hissələri müsəlmanlara qoşulacaq və bolşevikləri Bakıdan qovub çıxarmaqda onlara kömək edəcək. "Erməni milli şurasının" başqa bir nümayəndəsi Ter-Zaxaryan həmin gün müsəlmanların milli şurasına gəlmiş və bildirmişdi ki, bu, siyasi əqidələr uğrunda mübarizədir. Bu mübarizədə ermənilər və müsəlmanlar sazişə gələ bilərlər. Bu sazişdə bolşeviklər Bakıdan qovulduqdan sonra müsəlman-daşnak hökumətinin yaradılması nəzərdə tutulurdu. Əlbəttə, belə milli xəyanətlə müsəlmanlar razılaşa bilməzdilər. Bu təklifi irəli sürənlər də bunun qəbul edilməyəcəyini bilirdilər. Məqsəd yalnız müsəlmanlarla bolşevikləri toqquşdurmağa, müsəlman hərbi hissələrini Bakı Soveti qoşunlarının əli ilə tərk-silah etməyə, dinc müsəlman əhalisinə divan tutmağa xidmət edirdi. Şəhərdə erməni silahlı dəstələrinin tez-tez görünməsi azərbaycanlı əhaliyə pis təsir edir və müsəlmanlar fəlakətin yaxınlaşdığını görürdülər. Bakı Soveti fitnəkarlıqla müsəlman əhalini cavab tədbirləri görməyə sövq edir, sonra isə hərbi qüvvədən istifadə edərək cəbhəboyu hücuma keçmək və bütün təqsiri müsəlmanlarda görmək üçün bəhanə axtarırdı. Bu məqsədlə Bakı Soveti rəhbərliyi açıq şantaj tədbirinə əl atdı. 1918-ci il martın 29-da Bakı Soveti İcraiyyə Komitəsinin sərəncamı ilə "Elevina" gəmisində Lənkərana getmək üçün üzməyə hazırlaşan müsəlman diviziyasının yüzlərlə zabit və əsgəri tərk-silah edildi. Bu isə şəhərdə müsəlman əhalisi arasında narazılığı artırdı və ciddi etirazlara səbəb oldu, çünki bu tədbir erməni daşnak və bolşevik qüvvələri qarşısında azərbaycanlıların tərk-silah edilməsi tələbi idi.

Martın 30-da Bakı məscidlərində etiraz mitinqlərinə başlanıldı. Günortadan sonra Şamaxı yolunda və Tatarski küçəsində qızıl ordunun süvari hissəsinə fitnəkarların təşkil etdiyi hücum şəhərdə əmin-amanlığın bərpa olunacağına bütün ümidləri puça çıxardı. Bununla da Şaumyan və daşnaklar istədiklərinə çatdılar. Dərhal qızıl ordu hissələri müsəlman məhəllələrinə soxularaq hərbi əməliyyatlara başladılar. Bu barədə sonralar Şaumyan yazmışdır ki, "Biz süvari hissələrimizlə ilk silahlı basqına qarşı hər cür hazırlıq görmüşdük və dərhal bütün cəbhəboyu hücuma başladıq". Beləliklə, əvvəlcədən hazırlanmış plan üzrə Bakı hadisəsi həyata keçirildi. Bolşeviklərin rəhbərliyi ilə İnqilabi Müdafiə Komitəsi yaradıldı və Komitənin tərkibinə əsasən ermənilər daxil edildi. Elə həmin gün "inqilaba sadiq qüvvələr" digər antimüsəlman qüvvələrlə birlikdə müsəlmanların qeyri-mütəşəkkil silahlı qüvvələrinə qarşı cəbhəboyu qəti hücuma başladılar. Döyüşlərdə silahsız əhaliyə qarşı zirehli maşınlardan, top və aviasiyadan istifadə olunurdu. Bakı Soveti qoşun qüvvələri müsəlmanların yaşayış yerlərini atəşə tutur, tarixi binaları, məscidləri dağıdırdılar, İçərişəhər ətrafında, Şamaxı yolunda və şəhərin digər hissələrində şiddətli küçə vuruşmaları gedirdi. Dinc əhali arasında öldürülən və yaralananlar çox idi. Düşmənin üstün qüvvələri qarşısında günahsız insan itkilərinin çox olacağını görən müsəlmanlar martın 31-də atəşi dayandırmağı, sülh danışıqlarının başlamasını təklif etdilər. İnqilabi Müdafiə Komitəsi bu təklifə ultimatumla cavab verdi: Bakı Soveti hakimiyyəti qeyd-şərtsiz tanınmalı, müsəlman hərbi birləşmələri, onun ardınca isə erməni qüvvələri şəhərdən çıxarılmalıdır... Lakin hadisələrin əsl faciəvi davamı ultimatumun qəbulundan sonra başladı: birləşmiş daşnak bolşevik qüvvələri şəhərin müsəlmanlar yaşayan hissələrində qarətlər, yanğınlar, qətllər törətməyə amansızlıqla davam etdilər. Daşnaklar uşaqları, körpələri süngülərə taxıb göyə qaldırır, qadınları saçlarından bağlayıb küçə boyu çılpaq qaçmağa məcbur edir, qocalara rəhm etmirdilər. Bu vəhşilər adamları öldürməklə kifayətlənməyib, onların qulaqlarını, burunlarını kəsir, qarınlarını yırtır və s. qeyri-insani hərəkətlər törədirdilər. Yerli azərbaycanlıların rəhmsizliklə məhv edilməsi, onların öz doğma şəhərindən qovulması erməni millətçilərinin məkrli niyyətlərinə xidmət edirdi. 31 mart qırğınları 3 gün davam etmiş, Bakının 17000 müsəlman əhalisi qətlə yetirilmişdir. 18 apreldə Şaumyan V.İ.Leninə yazdığı məktubda göstərirdi ki, "Biz döyüşlərdə parlaq qələbə əldə etmişik, düşmən tamamilə darmadağın edilmişdir".

Ermənilərin törətdikləri mart hadisələri yalnız Bakı qırğınları ilə qurtarmadı. Qatil ermənilər 1918-ci ilin aprel ayından hərəkətə keçərək Şamaxıda, Qubada, Lənkəranda, Salyanda, Hacıqabulda cinayətlər, qırğınlar və talanlar törətmişlər. İlk olaraq S.Şaumyan erməni soydaşları ilə əlaqəyə girərək Şamaxıda müsəlmanların qırılması aktına rəhbərlik etmiş və bu plan 1918-ci ilin aprel ayında həyata keçirilmişdir. Bu məqsədlə Şamaxı ətrafında bütün erməni əhalisi qabaqcadan silahlandırılmışdır. Silahsız Şamaxı əhalisinə hücuma keçmək üçün ətraf erməni kəndləri mərkəzin əmrini gözləyirdilər. Belə bir vaxtda Şamaxıda erməni silahlı dəstələrinin görünməsi yerli müsəlman əhalisini narahat etməyə bilməzdi, çünki 1905-1907-ci illərdə müsəlmanlara qarşı törədilmiş hadisələrdən cəmi 10-12 il keçirdi. O vaxt baş verə biləcək hadisələrin qarşısını almaq üçün müsəlmanlar ermənilərlə təcili danışıq apardılar. Ermənilər özlərinə xas riyakarlıqla bildirdilər ki, onların yerli Azərbaycan əhalisi ilə heç bir işi olmayacaqdır. Azərbaycanlılar ermənilərin bu vədlərinə inandılar. Lakin erməni məkri çox davam etmədi. Ermənilər hələ danışıqlar başa çatmamış aprelin 18-də sübh tezdən Mədrəsə kəndində yerləşdirilmiş toplardan Şamaxı şəhərini atəşə tutdular. Həmin gün axşamüstü silahlı erməni dəstələri şəhərə daxil olub qırğın törətdilər. Daşnak Amiryan və Lalayanın başçılığı ilə Şamaxının bütün müsəlman əhalisi qılıncdan keçirildi və on minlərlə kişi, qadın və uşaq amansızlıqla qətlə yetirildi. Erməni vəhşiləri bu ərazinin 40-dan çox kəndini darmadağın etdilər. Yerli müsəlman əhalisinin qırılması, hamilə qadınların qarınlarının yırtılması, qızların təhqir olunması, uşaqların diri-diri odda yandırılması və s. bütün bunlar daşnaklar arasında "bəzi haqsızlıqlar" adlandırılırdı. O vaxtlar yaradılmış Fövqəladə İstintaq Komissisiyasının sənədlərində göstərilir ki, yalnız yanvar ayında Bakıdan Şamaxının ermənilər yaşayan kəndlərinə 16 araba silah gətirilmişdir. Bakı Soveti və onun daşnak üzvləri martın ortalarında Şamaxıya 2 min silahlı erməni əsgər, 60 araba silah göndərmişdilər. Sənəddə göstərilir: "Evində çoxlu uşaq və qadın gizlədilmiş Axund Molla Cəfər öldürüldü. Erməni azğın əsgərləri məscidə soxularaq axundu tapıb gözlərini çıxardılar, dilini, burnunu və qulaqlarını kəsdilər, üzünün və başının dərisini soydular və güllələdilər. Axundun evində və məsciddə olan bütün qadınları öldürdülər".

Quba hadisələri: Erməni quldur dəstəsinin başçısı S.Şaumyan 1918-ci il may ayının 1-də daşnak Amazaspın başçılığı ilə tərkibi ancaq ermənilərdən ibarət olan 2000 nəfərlik hərbi qüvvəni Qubaya göndərdi. Hərbi dəstə Qubanı mühasirəyə alıb, şəhəri toplardan və pulemyotlardan atəşə tutdu. Amazasp Qubanı işğal etdikdən sonra o vaxt yerli əhaliyə demişdir: "Mən erməni xalqının qəhrəmanı və onun marağının müdafiəçisiyəm. Mən Qubaya xüsusi cəza dəstəsi ilə göndərilmişəm. Mən buraya qayda-qanun yaratmaq, Sovet hakimiyyətini qurmaq üçün gəlməmişəm. Bu yerlərdə Xəzər dənizinin sahillərindən tutmuş Şahdağa qədər olan ərazilərdə yaşayan bütün müsəlmanları məhv etmək barədə mənə göstəriş verilib. Mənə sizin yurd-yuvanızı yerlə-yeksan etmək, Şamaxıda törətdiklərimizi sizin başınıza açmaq tapşırığı verilib". Amazaspın dəstəsi Qubada və digər ərazilərdə çox dəhşətli və qansız hərəkətlər etmişlər. Ermənilər kəndləri, obaları, yurd yerlərini yandırır, rastlaşdıqları kişiləri, qadınları, uşaqları qəddarlıqla qətlə yetirirdilər. Təkcə şəhərdə 2 mindən artıq kişi öldürülmüş, gözləri çıxarılmış, xəncərlə doğram-doğram edilmişdi. Əhalinin varidatı talan edilmiş, oğurlanmışdır. Ermənilər Qubada 4 milyon manat nağd pul, xeyli qızıl pul, daş-qaş, 25 milyon manatlıq ərzaq ehtiyatı ələ keçirmişlər. Xatırladaq ki, həmin qızılların və qızıl pulların bir hissəsi sonralar Şaumyan və onun məsləkdaşları həbs edilərkən çamadanlarındakı 80 milyon məbləğindəki qızıl pulun içərisində olmuşdur. Təkcə Quba şəhərində ermənilər 105 ev yandırmışdılar. Erməni "Cəza dəstəsi" Qubaya gələrkən Bakı-Xaçmaz yolunun ətrafında yerləşən kəndləri viran qoymuş, insanları öldürmüş, əmlaklarını talan etmiş, bütün məscidləri dağıtmış, müqəddəs Quran kitablarını yandırmışlar. Bütünlüklə daşnaklar Quba mahalında yüz iyirmi kəndi yandırmış, dağıtmış, viran qoymuşlar.

Erməni daşnak dəstələri və bolşeviklər həmin dövrdə yalnız Bakıda, Şamaxıda, Qubada deyil, Salyanda, Lənkəranda, Muğanda və azərbaycanlıların məskunlaşdıqları digər ərazilərdə də xalqımıza qarşı qanlı faciələr törətmişlər. 1918-ci ilin yaz-payız aylarında Zəngəzur qəzasında azərbaycanlılar yaşayan 116 kənd məhv edilmiş, 7729 nəfər vəhşicəsinə öldürülmüşdür. 1917-ci ilin dekabrından 1918-ci ilin axırına qədər İrəvan, Şərur, Təzə Bəyazid ərazilərindən var-yoxu talanan, doğma yurd-yuvalarından qovulan azərbaycanlıların sayı iki yüz min nəfərə çatmışdır. 1918-ci ildə yaradılmış Fövqəladə İstintaq Komissiyasının hazırladığı məruzədə erməni vəhşilikləri kifayət qədər əks etdirilmişdir. Hətta həmin məruzədə azərbaycanlılara qarşı bu cinayətləri törədənlərin ən ağır cəzaya layiq olduqları göstərilmişdir. Lakin belə bir qiymətli sənəd uzun müddət xalqdan gizlədilmişdir. Xalqdan gizlədilən həqiqətlər Azərbaycanda 1920-ci ildə hakimiyyətə gələn bolşeviklərin səyi nəticəsində xatirələrdən silinmişdir. Vaxtilə Üzeyir Hacıbəyli yazırdı ki, 1918-ci ilin mart-may aylarında ermənilərin silahsız xalqımıza qarşı qansız və vicdansız hərəkətlərinin qarşısı türk qəhrəmanlarının vaxtında köməyə gəlməsi sayəsində alındı. Əgər belə olmasaydı, Bakıda, Şamaxıda, Qubada deyil, bəlkə də bütün Azərbaycanda ermənilər daş üstə daş qoymazdılar. 1918-ci ilin 31 Mart soyqırımı, 1990-cı ilin Yanvar faciəsi, 1992-ci ilin Xocalı soyqırımı nəinki azərbaycanlılara, bütövlükdə bütün bəşəriyyətə qarşı törədilmiş soyqırımıdır. Təbii ki, məğrur Azərbaycan xalqı erməni vandallarının törətdiyi bu qeyri-insani vəhşilikləri heç vaxt unutmayacaq. Qeyd etməliyik ki, 1918-ci il iyulun 15-də ADR 31 Martı Azərbaycan xalqının soyqırımı günü elan etmişdir. Lakin Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinmişdir. Yalnız 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyev "Azərbaycanlıların soyqırımı haqqında" Fərman imzalayıb. Fərmanda 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı hadisələrinə siyasi-hüquqi qiymət verilmiş və 31 Mart Azərbaycanlıların soyqırımı günü elan olunmuşdur. 2018-ci ildə Prezident İlham Əliyevin "1918-ci il Azərbaycanlıların soyqırımının 100 illiyi" haqqında imzaladığı sənəddə erməni silahlı qüvvələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri soyqırımları barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə genişmiqyaslı tədbirlər planı hazırlanmışdır".

İllər keçsə də, 31 Mart soyqırımları və ondan sonrakı illərdə də ermənilərin xalqımıza qarşı ərazi iddiaları adı altında törətdikləri cinayətlərin qisası döyüş meydanında alındı. Bu gün hər bir azərbaycanlı bəşər tarixinin ən dəhşətli cinayətlərindən biri olan 31 Mart soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 2020-ci il 44 günlük Vətən müharibəsində və 2023-cü il 19-20 sentyabr 24 saatlıq lokal antiterror tədbirində düşmən üzərində qazandığı tarixi Qələbənin sevincini yaşayır. Torpaqlarımızın düşmən işğalından azad olunması ilə soyqırımı qurbanlarının və Vətən müharibəsi şəhidlərinin ruhu şaddır.

Ədalət FƏRƏCOV,

Prezident təqaüdçüsü, professor,

91-lərin üzvü.

Sultanəli QURBANOV,

YAP üzvü, ADPU-nun dosenti.