Şanlı Zəfər tariximizin parlaq salnaməsi
Tarix

Şanlı Zəfər tariximizin parlaq salnaməsi

Bu gün Zəngilanın erməni işğalından azad olunmasından 3 il ötür. 2020-ci il oktyabrın 20-də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciət edərək azərbaycanlıların qədim yurdu olan Zəngilanın və bir neçə kəndin Rəşadətli Ordumuz tərəfindən geri qaytarıldığı müjdəsini vermiş və hər kəsə böyük sevinc bəxş etmişdi. Sözsüz ki, həmin gün ən çox sevinən doğma el-obalarından didərgin düşmüş zəngilanlılar olmuşdu. Bu xəbəri Azərbaycan xalqı toy-bayramla qarşılamışdı. Televiziya qarşısında dayanıb Ali Baş Komandanın qələbə xəbərlərini böyük həvəslə gözləyən insanların bu dəfə də sevinclərinin həddi-hüdudu yox idi. Hər günü ayrıca bir zəfər olan 44 günlük Vətən müharibəsində oktyabrın 20-si əbədi olaraq qalacaqdır.

Parlaq səhifələri özündə cəmləşdirən şanlı tariximizdə Zəngilanın düşmən işğalından azad edilməsi xüsusi əhəmiyyətli hadisədir. Qeyd edək ki, 2023-cü il iyulun 31-də Prezident İlham Əliyev tərəfindən respublikamızın işğaldan azad olunmuş əraziləri üzrə şəhər günləri təsis edilib. Sərəncamda qeyd edilib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatdı.

Azərbaycanın döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı - Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını da bir güllə atılmadan işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu.

30 illik işğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran edilmiş, mədəni irsimizə böyük zərbə vurulmuş, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qalmışdır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır.

Məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrasına başlanılmışdır. Artıq Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndinə və Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı təmin olunmuşdur və bu istiqamətdə işlər davam etdirilir. Sərəncama əsasən hər il oktyabr ayının 20-si Zəngilan Şəhəri Günü kimi qeyd edilir. Bununla yanaşı, dövlətimizin başçısı Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularını "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif etmişdir.

Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunmasında canlarını qurban verən qəhrəman hərbçilərimiz Zəngilanın geri qaytarılmasında da böyük şücaət göstərmişdilər.

İkinci Qarabağ müharibəsi başladığı gündən etibarən ölkəmizə qarşı başladılan beynəlxalq təzyiqi yüksək peşəkarlıqla dəf edən Ali Baş Komandan 44 gün ərzində televiziya kanallarına verdiyi müsahibələrlə haqq işimizin dünyaya çatdırılmasında mühüm rol oynamışdır.

Şanlı Qələbəmizdən dərhal sonra digər rayonlarda olduğu kimi, Zəngilanda da bərpa-yenidənqurma işlərinə başlanıldı.

Böyük Qayıdış Proqramının uğurla icra olunduğu ərazilərdən olan Zəngilan rayonunun Ağalı kəndi keçmiş məcburi köçkünlərin qayıtdığı ilk məkandır.

Bir məqamı da xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan postsovet məkanında öz ərazilərini düşmən işğalından və separatçılardan tam olaraq təmizləyən ilk ölkə oldu.

Bu il aprelin 23-də isə Laçında nəzarət-buraxılış məntəqəsi quran sərhədçilərimiz ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə müvəffəq oldu.

Sonda isə qarşıda duran problem Qarabağda fəaliyyət göstərən separatçı rejimin hələ də mövcud olması idi. Üçtərəfli Bəyanatın şərtlərinə əməl etməyən Ermənistanın qondarma rejimi buraxmaması Silahlı Qüvvələrimizi lokal xarakterli antiterror tədbirləri görməyə məcbur etdi. Yüksək peşəkarlıqla aparılan tədbirlər nəticəsində darmadağın edilən separatçılar 24 saat tamam olmamış ağ bayraq qaldıraraq təslim oldular.

Bununla da Azərbaycan bütün ərazilərində tam olaraq suverenliyini də bərpa etməyə nail oldu. Prezident İlham Əliyev 15 oktyabrda Ağdərədə, Xocalıda, Əsgəranda və Xankəndidə Dövlət Bayrağımızı ucaltmaqla bir daha Azərbaycan xalqına əvəzolunmaz hisslər yaşatmışdır.

Musa BAĞIRLI,

 "Respublika".