Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək
Türk dünyası

Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

Məhəmməd Füzulinin adı Azərbaycan tarixinə görkəmli şair, mütəfəkkir, tərcüməçi, Azərbaycan ədəbi dilinin yaradıcılarından biri kimi əbədi həkk olunub. Onun insanlığa ərməğan etdiyi əsərləri hələ mətbəənin olmadığı zamanlarda dəfələrlə əlyazma şəklində çoxaldılaraq dünyanın hər yerinə yayılıb. Bu gün İraq, Türkiyə, Azərbaycan və İran başda olmaqla, dünya kitabxanalarının bir çoxunda onun əsərlərinin çap və əlyazma nüsxələrinə rast gəlinir.

1494-cü ildə Bağdad yaxınlığında yerləşən Kərbəlada dünyaya göz açan Məhəmməd Füzuli mükəmməl yaradıcılığı ilə dahilik zirvəsinə yüksəlib. O, türk dünyasının ədəbi-bədii fikrini zənginləşdirib və onun irsi Prezident İlham Əliyevin sərəncamı işığında yenidən tədqiq olunaraq gələcək nəsillərə çatdırılır. Belə ki, ölkə başçımız bu ilin yanvar ayında dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Bu il Türkiyədə də dahi Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq elmi konfrans və müsabiqə keçiriləcək. Azərbaycanın Ankaradakı səfirliyində baş tutan görüş zamanı Prezident İlham Əliyevin türk dünyası ədəbiyyatının tanınmış siması Məhəmməd Füzulinin 530 illik yubileyinin keçirilməsi barədə sərəncam imzaladığını xatırladan Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bildirib ki, bununla əlaqədar Avrasiya Yazarlar Birliyi ilə birgə şeir müsabiqəsinin təşkil olunması nəzərdə tutulur. Həmçinin Azərbaycan ədəbiyyatından türk dilinə peşəkar tərcümələr edən nəzm və nəsr ustaları üçün təlimlərin keçirilməsi ilə bağlı razılıq əldə olunub.

Avrasiya Yazarlar Birliyinin rəhbəri Yaqub Öməroğlu hazırda bir sıra mühüm layihələrin reallaşdırıldığını, Beynəlxalq "Mahmut Kaşqarlı hekayə müsabiqəsi" və "Dədə Qorqud Teatr əsər müsabiqəsi" kimi ədəbi tədbirlərin keçirildiyini, Türk dünyasında yeni şair və yazıçıların yetişdirilməsi üçün yazı seminarlarının, tanınmış ədəbiyyat nümayəndələrinin yubiley və anım günlərinin, habelə bu mövzuda yeni nəşr olunmuş kitab təqdimatlarının təşkil edildiyini diqqətə çatdırıb.

Bu ilin payız aylarında Türkiyədə Məhəmməd Füzulinin 530 illik yubileyi ilə əlaqədar Azərbaycan, Türkiyə və digər ölkələrin füzulişünas alimlərinin iştirakı ilə beynəlxalq elmi konfransın keçiriləcəyi də bildirilib.

Daha sonra bu ilin oktyabr ayında Ankarada keçiriləcək beynəlxalq kitab sərgi-yarmarkasında Azərbaycanın geniş təmsil olunması, ədəbi əlaqələrin daha da genişləndirilməsinə dair fikirlər səsləndirilib.

Görüşdə təkliflər, birgə layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb.

Esmira YAZKAN ASLANOVA,

"Respublika" qəzetinin

Türkiyə üzrə müxbiri.