Azərbaycan-Özbəkistan münasibətləri yüksələn xətlə inkişaf edir
Türk dünyası

Azərbaycan-Özbəkistan münasibətləri yüksələn xətlə inkişaf edir

Azərbaycan və Özbəkistan arasındakı münasibətlər bu gün iki ölkə liderinin uzaqgörən siyasəti, qarşılıqlı səfərləri və mütəmadi təmasları nəticəsində artan templə inkişaf etməkdədir. Orta Dəhliz kimi böyük layihələrdə ölkələrimiz dost qismində böyük işlər həyata keçirib. Özbəkistan təbii sərvətlərlə zəngindir və bundan əldə olunan gəlirlər liman, yol və dəmir yolu infrastrukturuna əhəmiyyətli dərəcədə sərmayə qoymağa imkan verir.

Ölkələrimiz arasındakı münasibətlərin tarixinə qısaca nəzər salsaq görərik ki, hələ ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistana sığınıb. Bu gün 40 mindən çox azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. İki xalqı yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Rəsmi mənada isə diplomatik münasibətlər 1995-ci ildə qurulub. 1996-cı ilin avqustunda Azərbaycanın Özbəkistanda, 1998-ci ilin iyulunda isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. Azərbaycan və Özbəkistan arasında hərtərəfli və strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Bu münasibətlər məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində daha da güclənib. Ümummilli lider Heydər Əliyev və Özbəkistanın o zamankı prezidenti Şərəf Rəşidov arasında yaranmış dostluq münasibətləri iki ölkə arasındakı əlaqələrin bugünkü inkişafının əsası olub. Bunu ölkə başçımız 2019-cu ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Bakı səfəri zamanı bir daha xatırladıb: "Heydər Əliyev özbək xalqına böyük hörmət və məhəbbət bəsləyirdi. Mən hələ yeniyetmə idim, onun Şərəf Rəşidoviç Rəşidovla sıx dostluq münasibətlərinin şahidi olmuşam. Onlar qardaşcasına dostluq edirdilər və yadımdadır, qondarma yenidənqurma illərində müəyyən dairələrin törətdiyi ədalətsizlik ona çox mənfi təsir göstərmişdi. Söhbət "özbək işi" adlandırılan məsələ barədə idi. Bunu edən "məşhur" adamlar Qdlyan və İvanov idilər. Onlar təkcə Özbəkistana deyil, hesab edirəm ki, bizim hamımıza çox böyük ziyan vurdular. Ona görə ki, bu, Sovet İttifaqının türkdilli respublikalarına qarşı məqsədyönlü şəkildə təşkil edilmiş hücumu idi. Bu hücum Azərbaycandan da yan keçmədi, burada da təxminən eyni əməlləri həyata keçirməyə çalışırdılar, lakin bunun üçün sadəcə vaxtları çatmadı".

Şərəf Rəşidovun türk kimliyini əsla unutmaması onun Ulu Öndərlə dostluğunun təməli olub. Hər iki lider SSRİ-nin məhdud imkanları çərçivəsində ölkələrinin inkişafı uğrunda mübarizə aparıb. Ş.Rəşidovun Nəriman Nərimanovun adını daşıyan məktəbdə oxuması ölkəmizə qarşı yaranan sevginin əsası olub. Bunun nəticəsidir ki, 70-ci illərin axırlarında - 80-ci illərin əvvəllərində Şərəf Rəşidovun təşəbbüsü ilə Daşkənd yaxınlığında böyük bir kompleks, motorqayırma zavodu tikilərkən orada şəhər salındıqda bu şəhərə Nəriman Nərimanovun adını verib. Rəşidovun bu təşəbbüslərini Ulu Öndər sevinc hissi ilə qarşılayıb: "Bütün bunlar və bir çox digər işlər inandırıcı surətdə göstərir ki, biz bir-birimizə çox yaxınıq, biz bir-birimizlə sıx bağlıyıq", - deyib.

Gələcək münasibətlərin köklü təməlinin atılması isə 1996-cı ildə Bakıda imzalanmış "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə"si ilə birbaşa əlaqəlidir. Bundan düz bir il sonra Heydər Əliyevin 1997-ci ilin iyununda Özbəkistana səfəri qarşılıqlı anlaşma, etimad və hörmətə əsaslanan gələcək münasibətlərimizin konturlarını müəyyən edib.

Şübhəsiz ki, ölkələrimiz arasındakı münasibət dərin köklərə söykənir. Bu müstəvidə Özbəkistan hakimiyyəti istər Qarabağ münaqişəsi zamanı və postmüharibə dövründə daim ölkəmizə dəstək verib. Bu mənada deyə bilərik ki, Özbəkistan 2008-ci ilin martında BMT Baş Assambleyasında səsverməyə çıxarılmış "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət" adlı qətnamənin lehinə səs verən yeganə Mərkəzi Asiya ölkəsi olub. Özbəkistan yeganə ölkələrdən biridir ki, Ermənistanda səfirlik açmayıb.

Özbəkistan postmüharibə zamanı da öz dəstəyini əsirgəməyib 2021-ci ilin noyabrında İstanbulda Türk Dövlətləri Təşkilatının VIII Zirvə Görüşündə Prezident Şavkat Mirziyoyev Füzulidə Özbəkistan büdcəsinin vəsaiti hesabına böyük məktəb inşa ediləcəyini bildirmişdir. Hazırda həmin məktəb istifadəyə verilib.

İki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Xüsusi vurğulamaq lazımdır ki, Şavkat Mirziyoyev Özbəkistanda Prezident seçildikdən sonra bu əlaqələr ən yüksək səviyyəyə çatıb. Şübhəsiz ki, əlaqələrin bugünkü səviyyəsi Prezident İlham Əliyevin güclü xarici siyasəti nəticəsindədir. Burada əsas məsələlərdən biri də məhz qarşılıqlı maraqlardır. İki ölkə başçısının əvəzsiz xidmətləri nəticəsində Azərbaycan və Özbəkistan münasibətləri daha da güclənir. Ölkələrimiz arasında bütün sahələrdə əlaqələr yüksək səviyyədə inkişaf edir. Ötən il Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın iclası da keçirilib. İclas zamanı ticari-iqtisadi, kənd təsərrüfatı, energetika, səhiyyə, nəqliyyat-logistika, ətraf mühitin mühafizəsi, dövlət xidmətlərinin göstərilməsi, mədəni-humanitar, sosial və turizm sahələrində əməkdaşlığın gücləndirilməsi ilə bağlı razılıq əldə olunub. Özbəkistanın zəngin təbii ehtiyatları qarşılıqlı olaraq ölkələrimiz arasında ixracat üçün yüksək səviyyəli zəmin yaradır. Belə ki, dost ölkə neft və qaz ixrac edir, habelə dünyanın 5 pambıq ixracatçısından biridir. Qızıl ehtiyatlarına görə Özbəkistan dünyada 4-cü, onun hasilatına görə isə 9-cu yerdədir.

İyulun 18-də İqtisadiyyat naziri Mikayıl Cabbarov Şuşada Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratovla görüşüb. Bu, Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 12-ci iclası idi. Protokol imzalanıb. Buraya iqtisadi-ticarət, enerji, nəqliyyat, innovasiyalar və startaplar, səhiyyə, kənd təsərrüfatı, qida təhlükəsizliyi, su təsərrüfatı, turizm, humanitar və sosial sahələrdə əməkdaşlığın genişləndirilməsi daxil edilib.

Özbəkistan Xəzər dənizində gəmilərinin olmasında maraqlıdır. Şübhəsiz ki, bu da Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə yük daşımalarının artmasına kömək edə bilər. Həmçinin Özbəkistan tərəfi bildirib ki, dost ölkə bizimlə gəmiqayırma layihələrində iştirak etmək istəyir. Özbəkistanın Nəqliyyat Nazirliyi yanında Nəqliyyat və Logistikanın İnkişafının Öyrənilməsi Mərkəzinin direktoru Bekzod Xolmatov bildirib ki, dənizə birbaşa çıxışı olmayan bir ölkə kimi, Özbəkistana donanmasının olması vacibdir. Özbəkistanın dənizə çıxışı olmadığına görə, o, okeanlara çıxış üçün azı iki dövlətin sərhədini keçməlidir. Həmçinin Özbəkistan tərəfi vurğulayıb ki, ölkələrinin Xəzər dənizinə də çıxışı olan nəqliyyat habına çevrilməsini istəyirlər.

Üçtərəfli əməkdaşlıq çərçivəsində isə ötən ilin avqustunda Daşkənddə Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər, ticarət-iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşü baş tutub. Ötən il ticari dövriyyəsi hələ ilin ortasında 131,06 milyon dollar olub. 2021-ci ildə isə bu göstərici 111,9 milyon dollar təşkil edib. Ötən il yükdaşımaların həcmində də artım müşahidə olunub. Belə ki, 2022-ci ilin yanvar-sentyabr aylarında göstərici 578 min ton olub. Bu, əvvəlki illərə nisbətən 2-3 dəfə çoxdur. Belə ki, dövriyyə 2021-ci ildə 172,1 min, 2020-ci ildə 272,1 min ton olub. Bununla yanaşı, Prezident İlham Əliyevin ötən il Özbəkistana səfəri zamanı imzalanan "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş" Azərbaycan vasitəsilə Özbəkistan məhsullarının daşımalarının həcminin daha da artmasına təkan verib.

Avqustun 22-də iki ölkə prezidentləri arasında geniş tərkibdə görüş baş tutub. Daha sonra Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi həyata keçirilib. Belə ki, "Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə", "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Özbəkistan Respublikasının Rəqabətin İnkişafı və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Komitəsi arasında əməkdaşlıq haqqında Protokol", "İcazə blanklarının elektron mübadiləsi üzrə informasiya sisteminin tətbiqi sahəsində əməkdaşlıq haqqında Protokol", "Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının Katibinin Xidməti ilə Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının Aparatı arasında əməkdaşlıq haqqında Memorandum", "Azərbaycan Respublikası və Özbəkistan Respublikası vətəndaşlarının vizasız gediş-gəlişi haqqında Sazişə əlavə və dəyişikliklərin edilməsi haqqında Protokol", "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında hərtərəfli strateji tərəfdaşlığın dərinləşdirilməsinə dair 2023-2024-cü illər üzrə Yol Xəritəsi", mədəniyyət, energetika, media, gənclər və idman sahələrində ümumilikdə 20 sənəd imzalanıb.

Qeyd edək ki, bu Şavkat Mirziyoyevin prezident seçildikdən sonra ölkəmizə, ümumilikdə xaricə ilk səfəridir. Görüş çərçivəsində ölkələrimiz arasındaki hava məkanında reyslərin daha da artırılması ilə bağlı müzakirələr də aparılıb. Şavkat Mirziyoyev dövlətlərimiz arasındakı hava məkanında dostluğu, hər iki ölkə başçısının öz dilində danışdığı zaman tam formada anlamasını yüksək qiymətləndirib: "İlham Heydər oğlu, Sizə səmimiyyətlə demək istəyirəm, Azərbaycan dilində danışanda mən Sizi çox gözəl başa düşürəm. Mən Zirvə toplantılarında özbək dilində çıxış edəndə İlham Heydər oğlu da mənə deyir: "Mən Sizi tam başa düşürəm". Beləliklə, bu, çox şey deməkdir, biz bunu bilməli, qiymətləndirməli, sevməli və təbliğ etməliyik".

Növbəti gün Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzuliyə səfər ediblər. Onlar Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak ediblər. Daha sonra şəhərdə yeni evlərə köçürülən sakinlərlə həmsöhbət olan ölkə başçıları şəhərin Baş planı ilə tanış olublar.

Şübhəsiz ki, münasibətlərimizin yüksələn xətlə inkişaf etməsi gələcəkdə daha böyük layihələrin həyata keçirilməsinə imkan verəcək.

T.SƏMƏDOVA,

"Respublika".