TDT regionda mühüm gücə çevrilir
Türk dünyası

TDT regionda mühüm gücə çevrilir

 Türk Dövlətləri Təşkilatı (TDT) müasir dünyanın aparıcı çoxtərəfli platformalarından birinə çevrilmişdir. Məlum olduğu kimi, son dövrlərin qlobal geosiyasi və iqtisadi trendləri ölkələrarası əməkdaşlığın möhkəmləndirilməsini daha da zəruri etmişdir:  Bu baxımdan, ölkə başçımız İlham Əliyevin təşəbbüsü ilə bu il martın 16-da Ankarada baş tutan Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü tarixə qızıl hərflərlə yazılmışdır. Görüş çərçivəsində qəbul olunmuş Ankara Bəyannaməsi ölkələrarası əlaqələrin yeni mərhələsinin başlanğıcını qoymuşdur. Bəyannamədə bir sıra mühüm məsələlərin öz əksini tapması, təşkilatın istər regionda, istərsə də beynəlxalq aləmdəki nüfuzunun artmasının sübutudur. Şuşada keçirilməsi planlaşdırılan görüşün məhz dövlətimizin başçısının təşəbbüsü ilə Ankarada baş tutması “Türkün tək dostu türkdür” deyimi ilə üst-üstə düşmüşdür. Bəyannamədə Türkiyədə baş verən zəlzələlərdən zərərçəkmiş şəxslərə ehtiyac duyulduğu təqdirdə, humanitar yardımların həyata keçirilməsi məsələsi də ehtiva edilmişdir. Bundan başqa, sənəddə hazırda hökm sürən ksenofob və islamofob meyillərə qarşı birgə mübarizə, qarşılıqlı əlaqələrin genişləndirilməsi və digər məqamlar da yer almışdır. Onu da qeyd edək ki, Türk Dövlətləri Təşkilatı hər zaman ölkəmizin üzləşdiyi haqsızlıqlarla mübarizəsinə də öz dəstəyini göstərmişdir. Zirvə görüşündə  (TDT) dövlət başçılarının Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən silahlı hücumu pisləməsi və bütün təqsirkarların məsuliyyətə cəlb edilməsi üçün tez və hərtərəfli araşdırmanın aparılmasına çağırış etməsi də dövlətimizin regiondakı nüfuzundan xəbər verir.

Məlumdur ki, bu gün dünyanın bəzi aparıcı beynəlxalq təşkilatları müxtəlif ölkələrin maraqlarının toqquşması nəticəsində öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirə bilmir.  Əsasında ortaq tarix və mədəniyyət dayanan TDT-nin unikal üstünlükləri isə çoxdur. Təşkilata üzv ölkələrin bir-birinə dərin bağlılığı TDT daxilində həmrəyliyin güclənməsinə xidmət etməklə yanaşı, qarşılıqlı inam və dəstəyə, əməkdaşlığın yeni mərhələsinə şərait yaratmışdır.  Bütün bunlar, bir daha təşkilatın əhəmiyyətinin artıq praktiki şəkildə də özünü büruzə verdiyini sübut edir. Üzv ölkələr, həmçinin qoşulduqları digər beynəlxalq platformalardakı fəaliyyətlərində təşkilata üzvlüyün doğurduğu öhdəliklərə zidd davranmamağı özlərinə borc bilirlər. Hazırda Türk Dövlətləri Təşkilatının qlobal çəkisinin artması bütün dünyanın diqqətini cəlb edir. TDT artıq ölkələrin ortaq qərar almasında müstəsna rol oynayan çoxtərəfli platformalardan biri kimi də qiymətləndirilir. Təşkilat daim hərbi-siyasi cəhətdən daha da qüdrətlənən üzv ölkələri dünyada sülh və əmin-amanlığın, sabitliyin, təhlükəsizliyin, iqtisadi inkişafın təmin edilməsinə səsləmişdir. BMT kimi sadəcə kağız üzərində qətnamə qəbul etməklə işini bitmiş hesab edən, aparıcı güclərin əlində oyuncağa çevrilən təşkilatlardan fərqli olaraq TDT dünyada sülh tərəfdarı olduğunu hər zaman bəyan etmişdir. Qeyd etmək yerinə düşər ki, Azərbaycan 44 günlük Vətən müharibəsində xain düşmənin 30 illik işğalına son qoyaraq, BMT qətnamələrini təkbaşına tətbiq etməyə nail olmuşdur. Bu, bir daha TDT üzvü olan ölkəmizin Qafqazda sülh və əməkdaşlıq üçün unikal imkan yaratmaq bacarığını təsdiqləyir. Çünki TDT hansısa maraqlara xidmət etmək üçün formalaşdırılmış bir alyans deyil, müxtəlif sahələrdə beynəlxalq əməkdaşlığın güclənməsinə xidmət edən qlobal əhəmiyyətli platformadır. Müxtəlif ölkələr arasında rəqabətin açıq qarşıdurma mərhələsinə keçdiyi bir dövrdə sui-istifadə hallarının qarşısının alınması və təhlükənin aradan qaldırılması baxımından da TDT mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən platformanın güclənməsi bir daha təsdiqləyir ki, TDT mövcud mürəkkəb vəziyyətin sabitləşməsinə öz mühüm töhfəsini verməyə qadirdir.

Nəzrin ELDARQIZI,

“Respublika”.