Terror təzyiq vasitəsi olmamalıdır
Siyasət

Terror təzyiq vasitəsi olmamalıdır

Türkiyə

2017-ci il yanvar ayının birində İstanbul şəhərinin Beşiktaş səmtində, Bosfor boğazının sahilində yerləşən "Reyna" adlı əyləncə mərkəzində baş verən terror aktı ilə martın 22-də Moskva ətrafındakı "Crocus Citiy Holl" əyləncə mərkəzində törədilən terror aktı arasında oxşarlıqlar var. Hər iki terror aktında çoxsaylı insan eyni silahla - "Kalaşnikov" avtomatı ilə öldürülüb. Hər iki terror aktını Orta Asiyadan olan terrorçular həyata keçiriblər. Teraktın ikisinin də İŞİD tərəfindən planlaşdırıldığı bildirilir. Hər iki cinayətdə əsas niyyət bacardıqca çox adam öldürmək olub.

Ötən illərə nəzər salaq: 1999-cu ilin sentyabr ayında Moskva, Buynaksk və Volqodonsk şəhərlərinin yaşayış binalarında "şəkər kisələrinə" yerləşdirilmiş partlayıcıların işə düşməsi nəticəsində 307 nəfər ölmüş, 1700-dən çox insan yaralanmışdı. Bu terror aktlarını Şimali Qafqazdan olduğu iddia edilən silahlı dəstənin törətdiyi bildirilmişdi. Həmin hadisədən sonra ölkədə Qafqaz, Orta Asiyadan olan Rusiya vətəndaşlarına və mühacirlərə müxtəlif səviyyədə təzyiqlər göstərilmişdi.

2002-ci il oktyabrın 23-də Moskvada Teatr Mərkəzinin binasında 900-dən çox insan girov götürülmüşdü. Onların 174-nün öldüyünə, 700-ə yaxın insanın xəsarət aldığına dair məlumat yayılmışdı. 1996-2017-ci illərdə Rusiyada metro stansiyasında törədilən 9 partlayış nəticəsində 130-dan çox insanın öldüyü, 500-dən çox insanın xəsarət aldığı bildirilmişdi.

2001-ci il sentyabrın 10-da "Əl-Qaidə" terror qruplaşması tərəfindən ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərində törədilən hadisələrdə 2977 nəfərin öldüyünə, çoxlu sayda insanın yaralandığına dair xəbərlər yayılmışdı.

2017-ci ildə İstanbulda ''Reyna" adlı əyləncə mərkəzində baş verən qətliamda da 39 nəfər ölmüş, 71 nəfər isə yaralanmışdı. Özbəkistan vətəndaşı olan və İŞİD-in döyüşçüsü hesab edilən Abdulkadir Maşaripov adlı şəxs qırğını təkbaşına törətmişdi. Maşaripov İstanbula Konyadan gəlmiş, terror aktı törətmək üçün günlərcə hazırlaşmışdı. Cinayətin baş verdiyi gün o, "Reyna"ya daxil olaraq, əvvəlcə polisi və şəxsi mühafizəçiləri öldürmüş, sonra zala keçərək 7 dəqiqə boyunca qarşısına çıxan hər kəsə atəş açmışdı. Qırğından sonra yaranmış qarışıqlıqdan istifadə edən terrorçu heç nə olmamış kimi paltarını dəyişərək aradan çıxmışdı. Həmin teraktda 12 Türkiyə vətəndaşı həyatını itirmişdi. İstanbulun ən dəbdəbəli rayonunun elit əyləncə mərkəzində törədilən qətliamda ölənlərin arasında ölkənin öz vətəndaşlarının az olmasının əsas səbəbi o idi ki, "Reyna" beynəlxalq miqyaslı, həm də olduqca bahalı istirahət məkanı olub. Ona görə də qonaqlar arasında turistlər üstünlük təşkil edib. Məhz bu səbəbdən ölənlərin yeddisi Səudiyyə Ərəbistanından, dördü İraqdan, üçü Livandan olub. Tunis, Mərakeş, Hindistan və İordaniyanın hər birinin iki vətəndaşı, Rusiya, Küveyt, Kanada, İsrail və Suriyanın hərəsinin bir vətəndaşı həlak olub. Yaralananların içində iki Azərbaycan vətəndaşı da vardı. Başqa sözlə, İŞİD rəhbərliyində təmsil olunan ərəb əsilli terrorçuların törətdiyi terror aktında ölənlərin çoxu elə ərəblər oldu.

Hadisədən dərhal sonra İŞİD terakta görə məsuliyyəti öz üzərinə götürmüş və bəyan etmişdi ki, bu terror aktının törədilməsinin səbəbi Türkiyənin "Xristianlığın qoruyucusu" olmasıdır, çünki bu ölkədə "xristianların mürtəd bayramları qeyd olunur", hücuma məruz qalan "Reyna" da bu cür əyləncə təşkil edən məşhur gecə klublarından biridir.

Hadisədən 8 gün sonra terrorçunun 2011-ci ildən Türkiyədə yaşayan Abdulkadir Maşaripov adlı özbək olduğu elan edilmiş, yanvarın 17-də isə onu İstanbulun Esenyurt bölgəsində yaxalamışdılar.

Həmin hadisədən düz 7 il keçib. "Reyna" qatili ömürlük həbs cəzası aldı və kim bilir bəlkə də o artıq həyatda yoxdur...

"Crocus Citiy Holl" qatilləri də mütləq tapılacaq və cəzalarını alacaqlar. İnanmaq istərdik ki, bu terakt hadisəsi mülki və günahsız insanlara qarşı törədilən sonuncu terror aktı olacaq. Nə qədər ki, məzlumların faciəsi üzərində hakimiyyət qurmaq istəyənlər var, belə vəhşi cinayətlərin sayı azalmayacaq.

Moskvadakı son terror aktı böyük güclərin başqa ölkələrin ərazisində bir-birinin maraqlarına qarşı apardığı mübarizənin nəticəsi kimi də qiymətləndirilir. Hadisələrin bu şəkildə inkişafı beynəlxalq ictimaiyyət üçün heç də yaxşı vəd vermir. Bu o deməkdir ki, güclər xüsusi xidmət orqanlarının təşkilatçılığı ilə bir-birinin ərazisində terror, silahlı hücum və qətllər törədə bilər. Terror artıq bir-birinə təzyiq etmək üçün bir alətə çevrilib.

Onu da qeyd edək ki, son günlər Türkiyənin 30 vilayətində İŞİD terror təşkilatına qarşı eyni zamanda genişmiqyaslı əməliyyat keçirilib. "BOZDOĞAN-17" kod adı altında keçirilən əməliyyat zamanı İŞİD-lə əlaqəsi olmaqda şübhəli bilinən 147 nəfər saxlanılıb.

Son on ay ərzində Türkiyədə separatçı terror təşkilatına qarşı 22 min 541 əməliyyat keçirilib. Bu əməliyyatlar nəticəsində 60-ı ölü, 649-u yaralı olmaqla 830 terrorçu zərərsizləşdirilib. Terrorçulardan 121-i isə könüllü təslim olub. Bu haqda Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib. Bütün dünyanın terrorla bağlı çətin dövrdən keçdiyini deyən nazir Moskvada törədilən terror aktını xatırladaraq dinc insanları hədəf alan bu cür hücumları lənətlədiklərini vurğulayıb. Nazir Ali Yerlikaya diqqətə çatdırıb ki, Türkiyənin 81 vilayəti və 922 rayonunda başda terror olmaqla hər cür cinayətlərə qarşı belə əməliyyatlar nazirlik tərəfindən davam etdiriləcək.

Xatırladaq ki, 2023-cü il iyunun 1-dən indiyədək Türkiyədə İŞİD terror təşkilatına qarşı 1329 əməliyyat keçirilib. Bu əməliyyatlarda terror təşkilatı ilə əlaqəsi olmaqda şübhəli bilinən 2919 nəfər saxlanılıb. Bu şəxslərdən 692-si həbs edilib, 531 nəfər məhkəmə nəzarətinə alınıb. Onlardan 187-si barəsində məhkəmə prosesi davam edir.

Esmira YAZKAN ASLANOVA,

"Respublika" qəzetinin

Türkiyə üzrə müxbiri.