Tacikistanın sənaye və yeni texnologiyalar naziri Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti ilə tanış olub
İQTİSADİYYAT

Tacikistanın sənaye və yeni texnologiyalar naziri Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti ilə tanış olub

Tacikistanlı iş adamları sənaye zonalarında yaradılmış investisiya mühitindən yararlanamağa dəvət edilib.

14 iyun İqtisadi Zonaların İnkişafı Agentliyindən məlumat verilir ki, iyunun 13-də Tacikistanın sənaye və yeni texnologiyalar naziri Şerali Kabirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Sumqayıt Kimya Sənaye Parkında görüş keçirilib. Tacikistanın Azərbaycandakı səfiri Rustam Soliyevin iştirak etdiyi görüşdə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Elşad Nuriyev qonaqlara ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları, burada sahibkarlar üçün yaradılmış investisiya imkanları, tətbiq edilən vergi və gömrük güzəştləri barədə məlumat verib, sənaye zonalarının təqdimatı göstərilib.

Tacikistanın sənaye və yeni texnologiyalar naziri Şerali Kabir ölkəsinin Azərbaycanla əməkdaşlığın, xüsusilə sənaye və logistika sahəsində əlaqələrin genişlənməsində, sənaye parklarının yaradılmasında Azərbaycan təcrübəsindən yararlanmaq niyyətində olduqlarını və bu istiqamətdə işlərin aparıldığını diqqətə çatdırıb. Görüş çərçivəsində əməkdaşlıq əlaqələrinin qurulması, birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib, Tacikistanlı iş adamları sənaye zonalarında mövcud investisiya imkanlarından yararlanmağa dəvət edlib.

“Respublika”.