AZƏRBAYCANDA BƏRPAOLUNAN MÜHÜM ENERJİ LAYİHƏLƏRİ
İQTİSADİYYAT

AZƏRBAYCANDA BƏRPAOLUNAN MÜHÜM ENERJİ LAYİHƏLƏRİ

Ölkəmiz bu sahədə böyük potensiala malikdir

Hazırda qlobal iqlim dəyişikliyi dünya gündəmində əsas mövzudur. Bu dəyişikliklərin müsbət yöndə qarşısını almaq üçün planetin enerjiyə olan tələbatının ətraf mühitə zərər vurmadan ödənilməsi ən aktual məsələlərdəndir. Bütün canlıların gələcəyi təbii ehtiyatların mövcudluğundan asılıdır. Təbiət və insan daima bir-birinə təsir göstərir.

İnsan öz varlığını təbiətin əhatəsində saxlayır, təbiətdən ehtiyac duyduğu maddələri alır, tullantıları təbiətə geri qaytarır. Təbiətin üzərinə qoyduğumuz yükü yüngülləşdirmək üçün isə riayət etməli olduğumuz bəzi qaydalar var. Havanın, suyun çirklənməsinin qarşısı alınmalı, istehsalatın su tullantıları təkrar emal edilməlidir. Bununla yanaşı, meşələr qorunmalı, qanunsuz ağac kəsilmələrinin qarşısı alınmalıdır. "Yaşıl enerji" layihələri isə bu baxımdan mühüm əhəmiyyət kəsb edir. "Yaşıl enerji" dedikdə, tükənməz olan mənbələrdən alınan enerji başa düşülür və o, həmçinin bərpaolunan enerji olaraq da bilinir. Bərpaolunan enerji təbii ehtiyatlardan istifadə edərək əldə edilir. Buraya - günəş, külək və s. enerjiləri daxildir. Kömür, təbii qaz, neft kimi yanacaqlardan fərqli olaraq, bu enerji mənbələri tükənmir.

"Yaşıl enerji" sahəsində Azərbaycan Respublikasında mühüm işlər görülür. Bərpaolunan enerji potensialımız 27000 MVt təşkil edir. Ayrılıqda isə külək enerjisi potensialı 3000 MVt, günəş enerjisi potensialı 23000 MVt, bioenerji potensialı 380 MVt, dağ çayları üzrə potensial isə 520 MVt həcmindədir. Bu isə "yaşıl enerji" sahəsində Azərbaycanın beynəlxalq arenada bir çox ölkələrdən fərqli imkanlara malik olduğunun göstəricisidir. İşğaldan azad edilmiş ərazilərimizin də böyük həcmdə bərpaolunan enerji imkanları var. Orada 4000 MVt-dan artıq günəş, 500 MVt-dək külək enerjisi potensialı mövcuddur. Həmçinin Qarabağ bölgəsi Azərbaycanda yerli su ehtiyatlarının formalaşdığı əsas bölgələrdən biridir. Təsadüfi deyil ki, yerli su ehtiyatlarının 25 faizi bu ərazidə formalaşır. Bununla yanaşı, regionda digər mühüm enerji obyektləri, gücü 200 MVt olan "Xudafərin" və 80 MVt gücündə "Qız Qalası" hidroqovşaqları mövcuddur.

Azərbaycanda həyata keçirilən ən mühüm layihələrdən biri də Cənub Qaz Dəhlizi layihəsidir. Yanvar ayından Rumıniya da bu layihənin rəsmi tərəfdaşıdır. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasında Prezident İlham Əliyev qeyd edib: "Təbii ki, dekabr ayı enerji təhlükəsizliyi üçün çox vacib idi, çünki iki mühüm hadisə baş tutdu. Birincisi, biz Azərbaycan və Rumıniya qaz təchizatı haqqında saziş imzaladıq və qaz təchizatı bu yaxınlarda başlayacaq. Beləliklə, Rumıniya həmin Cənub Qaz Dəhlizində iştirak edən ölkələr heyətinə qoşulur və biz, həmçinin Yaşıl Enerjinin İstehsalı və Nəqli sahəsində Sazişi Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında imzaladıq. Bu, səylərimiz üçün əlavə əməkdaşlıq imkanını yaradacaq enerji təhlükəsizliyində bir növ yeni səhifə açacaq. Bir sözlə, bunlar vacib hadisələr idi. Azərbaycan ilə Macarıstan arasında qaz təchizatı sahəsində Anlaşma Memorandumunu imzaladıq və beləliklə, heyətimizə üzv olan ölkələrin sayı artır. Bütün bunlar, ilk növbədə, cəlb edilmiş ölkələrlə sıx siyasi münasibətlər, fəal əlaqələndirmə və Avropa Komissiyası ilə Azərbaycanın bu təşəbbüslərə səmərəli rəhbərliyi sayəsində mümkün olmuşdur. Bu, həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasında başlamış və rəsmi çərçivəyə salınmış enerji dialoqunu da nümayiş etdirdi".

Həmçinin Azərbaycan ötən ilin iyulunda Avropa İttifaqı (Aİ) ilə "Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu"nu da imzalayıb. Memoranduma əsasən, 2027-ci ilə qədər illik qaz ixracının 20 milyard kubmetrə çatdırılması gözlənilir. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen çıxışı zamanı qeyd edib ki, Rusiya etibarlı enerji tərəfdaşı deyil. Buna görə də Aİ Azərbaycanın timsalında daha etibarlı və etimad doğuran tərəfdaşlara üz tutdu. Ümumilikdə, Azərbaycan Avropa ölkələrinin bir hissəsinin qaz istehlakının 80, digərlərinin isə 15-20 faizini təmin edir. Bu, ABŞ prezidenti tərəfindən də dəstəklənir. O, Azərbaycan Prezidentinə ünvanladığı son məktubunda qeyd edib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynayır. Azərbaycanla Aİ arasında əməkdaşlıq bununla bitmir. Həmçinin Cənub Qaz Dəhlizi Türkmənistan, İran, İraq, Şərqi Aralıq dənizi ölkələri də daxil olmaqla bir çox enerji ehtiyatları ilə zəngin ölkələr bu infrastruktura qoşulub Avropaya qaz daşımaları həyata keçirmələrinə şərait yaradır. Bundan sonra Türkmənistanla "Dostluq" yatağının birgə istismarı haqqında saziş, həmçinin Aşqabadda Azərbaycan, İran və Türkmənistan arasında qarşılıqlı qaz tədarükü üzrə üçtərəfli saziş Türkmənistanın, gələcəkdə isə hətta İranın Cənub Qaz Dəhlizinə qoşulmasını mümkün edir. Aparılan bu islahatlar nəticəsində Azərbaycan artıq Avrasiyanın mərkəzində yerləşən əlçatmaz bir məkan deyil.

Bununla yanaşı, Azərbaycan Respublikası ərazisində "Yaşıl" kənd və ya "Ağıllı" kənd , Qarabağda "Ağıllı" şəhər və kəndlərin salınması ilə bağlı işlər sürətlə davam edir. İşğaldan azad edilmiş bölgələrdə "ağıllı" şəhər və kəndlərin qurulması, necə deyərlər "Azərbaycanın beynəlxalq arenadakı gücünə güc qatdı". Bir çox işlərlə yanaşı, enerji sahəsində də Azərbaycan özünü etibarlı tərəfdaş kimi dünyada bir daha təsdiqlədi.

Töhfə SƏMƏDOVA,

"Respublika".