Sülhə növbəti zərbə: “silah
Siyasət

Sülhə növbəti zərbə: “silah" manipulyasiyası

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, sülh müqaviləsinin imzalanması istiqamətində əlverişli şəraitin yarandığı haqqında söhbət getdiyi bir zamanda yenə də prosesi pozan bir sıra təxribatlar qeydə alınıb.

Cənubi Qafqaz regionunda stabilliyə əngəl törətmək istəyənlər yenidən Ermənistanı təxribatlara sürükləyərək sülh müqaviləsinin imzalanmasını ləngitməyə cəhd edirlər. Belə ki, Ermənistan tərəfi Fransadan "Sezar" haubitsaları alacağını açıqlayıb. Bununla bağlı razılıq Ermənistan Müdafiə Nazirliyinin rəhbəri Suren Papikyanın Fransaya səfəri zamanı əldə olunub.

Beləliklə, rəsmi Parisin xəbis niyyəti bir daha özünü göstərir. Emmanuel Makron hakimiyyəti isə bu silahların hər hansı bir ölkəyə qarşı olmadığını söyləməklə əsl niyyətini "müdafiə" adı altında gizlətməyə çalışır.

Rəsmi Paris bundan öncə də Ermənistanı Hindistan üzərindən hücum silahları ilə təmin etmişdi. Yaxın günlərdə imzalanan müqavilə isə 2023-cü ilin dekabrında da gündəmdə idi. Əslində, bu müqavilənin indi imzalanması heç də təsadüfi deyil. Məlum olduğu kimi, Ermənistan hökuməti bu yaxınlarda KTMT-dən çıxacağını elan edib. Bu razılaşma isə Nikol Paşinyan hakimiyyətinin təhlükəsizlik sferasında Rusiyanın iştirakını məhdudlaşdıran prosesin sürətlənməsində maraqlı olduğunu təsdiqləyir. Fransa da yaranmış vəziyyətdən istifadə edərək Rusiyanın "boş qalan" yerindən böyük pay almaq məqsədi güdür. Bundan başqa, rəsmi Paris və İrəvan arasındakı müqavilə Fransanın daxili siyasəti üçün də mühüm əhəmiyyətə malikdir. Hazırda Fransa prezidenti Emmanuel Makronun ölkədə, eləcə də qlobal arenada nüfuzu yerlə-yeksan olub. Avropa Parlamentində keçirilən seçkilərdə ifrat sağçılara məğlub olan Fransa lideri Milli Assambleyanı buraxdıqdan sonra daha da zəifləyib. Bu məqsədlə, I turu iyunun 30-da, II turu iyulun 7-də keçiriləcək növbədənkənar seçkilərdə Emmanuel Makrona Fransadakı erməni icmasının səsi lazımdır. Ona görə də Fransa lideri bu gün Ermənistanla əlaqələri daha da gücləndirməyə çalışır. Makron yaxşı bilir ki, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi imzalansa, onun "Cənubi Qafqaz" planı iflasa uğrayacaq. Bu baxımdan, Paris rəsmi İrəvanı silahlandırmaqla həm sülhə əngəl olmağa, həm də özünü Ermənistanın "dostu" kimi göstərməyə çalışır.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın Xarici İşlər Nazirliyinin 19 iyun tarixli bəyanatına dair şərhində qeyd edib ki, 30 il ərzində məhz beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan, bu gün dəfələrlə istinad etdiyi Alma-Ata bəyannaməsinə zidd olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı təcavüz törədən, qonşularına qarşı ərazi iddialarını davam etdirən, öz təcavüzkar əməllərini məhz Azərbaycan tərəfindən atılmış addımlar nəticəsində dayandıran Ermənistanın sülhpərvər ölkə imici yaratması siyasi manipulyasiyadır: "Guya sülhü dəstəkləyən və Ermənistanın məhz müdafiə qabiliyyətini artırmağa yönəlmiş bəyanatlarına zidd olaraq, Ermənistanın ölümcül hücum silahları ilə təchiz edilməsində yarışan Fransa kimi ölkələrin Ermənistanın yeni gərginlik və təhdid mənbəyinə çevrilməsinə xidmət etdiyi bəllidir. Bu siyasətin Ermənistanın növbəti mümkün təcavüzünə töhfə verdiyini nəzərə alaraq, nə qədər ki gec deyil, bu addımlardan çəkinilməsi əhəmiyyət kəsb edir".

Bütün bunlar bir daha göstərir ki, Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Rəsmi İrəvan həm atəşkəsi pozur, ərazilərimizi intensiv şəkildə atəşə tutur, həm də Fransa kimi araqarışdırana uyaraq hücum silahları almaqla yeni təxribatlara hazırlaşır. Bir məqamı da qeyd edək ki, "Sezar" özüyeriyən artilleriya qurğuları hücum məqsədilə istifadə olunur. Fransa həmin silahlardan ən azı 12 ədəd Ermənistana verəcək ki, bununla da bir diviziondur. Fransanın Paşinyan komandasının gücləndirməyə cəhd etməsi, yeni münaqişə ocaqlarının yaradılması istiqamətində fəaliyyəti hər iki tərəfin əsl üzünü bəlli edir. Ümumiyyətlə, son zamanlarda baş verən proseslər, xüsusilə də atəşkəsin intensiv şəkildə pozulması Ermənistanın Fransadan aldığı silahlar fonunda yenidən cəsarətləndiyinin göstəricisidir. Amma Fransa və Ermənistan unudurlar ki, Azərbaycan Silahlı Qüvvələri bu kimi hücumların qarşısının alınması üçün bütün imkanlara və potensiala malikdir. Rəsmi İrəvan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək, Zəngəzur dəhlizini açmaq, konstitusiyasına dəyişiklik etmək əvəzinə, Bakıya qarşı silahlanmaya üstünlük verirsə, nəticə Ermənistan üçün heç də ürəkaçan olmayacaq.

Nəzrin ELDARQIZI,

"Respublika".