Siyasət

"Dəmir yumruq" yerindədir!

İyunun 17-si saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Bəzirxana yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Qeyd edək ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb. İkinci Qarabağ savaşında məğlubiyyətə uğrayan Ermənistan öz çirkin əməllərindən hələ əl çəkmir.

Son günlərdə Qarabağdakı Ordumuzun mövqelərinin atəşə tutulması İrəvanın təxribatlardan əl çəkmək niyyətində olmadığını göstərir. Ermənistanın bütün cəhdləri sülh prosesini bloklamağa, süni gərginlik yaratmaqla regiona daha çox xarici qüvvə cəlb etməyə yönəlib. Ermənistanın müvafiq üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəlikləri pozaraq, iki dövlətin sərhədi boyunca vəziyyəti gərginləşdirməsi məqsədyönlü hərbi avantüradır. Ermənistan tərəfinin Azərbaycana qarşı təcavüz siyasətinin qeyri-qanuni əməllərinin qarşısının alınması məqsədilə Laçın yolunun başlanğıcında sərhəd-nəzarət keçid məntəqəsi yaradıldı. Azərbaycan bundan sonra da öz milli maraqlarının təhlükəsizliyinin müdafiəsi məqsədilə bütün lazımi tədbirləri görüb. Lakin Ermənistan ona verilən bütün şansları itirməkdədir. Müstəqil dövlət kimi özü qərar qəbul edə bilməyən bu ölkənin rəhbərliyi bununla da öz xalqının, dövlətinin deyil, başqalarının maraqlarına, mənafeyinə xidmət edir. Düşmən ölkə hər zaman üçüncü tərəfləri iki ölkə arasındakı sərhəd məsələlərinə cəlb etməyə çalışıb. Azərbaycan-Ermənistan sərhədində müxtəlif zamanlarda törədilən təxribatlar da bu məqsədlərə xidmət edir. Ermənistan sərhəddə gərginlik yaratmaq, bütövlükdə regionu çalxalamaq, suyu bulandırmaqla, öz siyasi spekulyasiyalarını həyata keçirir. Düşmən tərəf bunu konfliktdən maksimum yararlanmağa çalışan xarici qüvvələri regiona cəlb etmək özünə daha çox havadar qazanmaq üçün edir. Bir sıra xarici qüvvələrin erməniləri qızışdırması da istisna hal deyil. Sülh sərhəd məsələləri ilə bağlı işlərin görüldüyü, görüşlərin keçirildiyi, müzakirələrin aparıldığı müxtəlif məqamlarda iki ölkənin sərhədində bu cür təxribatların baş verməsi çirkin niyyətlərdən xəbər verir.

Ermənistan hər vəchlə Rusiyanın vasitəçiliyilə razılaşdırılan üçtərəfli Bəyanata əməl etməməyə çalışır. Azərbaycan tərəfi təxribatlara son qoyulması üçün dəfələrlə qarşı tərəfə xəbərdarlıq edib. Ermənistan isə hələ ki, xəbərdarlıqlardan nəticə çıxarmır. Lakin təxribatların qarşısını almaq üçün Azərbaycan Ordusu Qarabağda antiterror əməliyyatları keçirə bilər. Hamıya məlumdur ki, ermənilər vaxtilə azərbaycanlılara qarşı etnik təmizləmə aparıb. Ermənistanda Qarabağdakı hadisələri yüz il əvvəl Osmanlı imperiyasında baş verən hadisələrlə əlaqələndirməyə çalışırlar. Bütün olanlar, ermənilərin israrla üçtərəfli Bəyanatın şərtlərini pozması, təxribatlara əl atması, mövqelərimizi atəşə tutması, Qarabağda qanunsuz məskunlaşması separatçı qüvvələri silahlandırması bunu deməyə əsas verir ki, Azərbaycan ən qısa zamanda antiterror əməliyyatı keçirməlidir. Ermənistan Azərbaycanın səbir kasasını daşırmamalıdır. Onlar bilməlidir ki, "Dəmir yumruq" yerindədir!

Nuranə DAXİLQIZI,

"Respublika".