Yerlə-yeksan olan növbəti erməni xülyası
Siyasət

Yerlə-yeksan olan növbəti erməni xülyası

Qədim yurd yerimiz olan Xankəndi şəhərinin Baş planı hələ sovet hakimiyyəti dövründə xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təsdiq edilib. Həmin illərdə Xankəndidə Azərbaycan SSR-in maliyyə vəsaiti hesabına genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilib. SSRİ süqut etdikdən sonra bu ərazinin separatizmin beşiyinə çevrilməsi şəhər mərkəzində bəzi qondarma tikililərin inşa edilməsinə gətirib çıxardı. Belə binalar işğal faktorunu özündə əks etdirirdi.

"Dünya durduqca, bu binalar duracaq...". Bu sözlər Ermənistan parlamentinin eks-spikeri Tiqran Torosyana aiddir. O bu cür xəyalpərəsət fikirləri 2007-ci il sentyabrın 2-də qondarma rejimin "parlament" binasının açılışında demişdi. Amma bugünkü reallıq tam başqadır. Həmin "parlament" binası Xankəndinin əbədi sakinləri olan azərbaycanlılar tərəfindən tarixin zibilliyinə göndərilib. Çünki işğaldan azad olunmuş ərazilərdə, eləcə də Xankəndi şəhərində işğal illərində qanunsuz tikilmiş binalar sökülür.

İndi sadəcə toz-torpaq yığını olan "parlament" binası inşa edilənə qədər erməni məmurlarının ciblərini doldurub. Mənbələrdə göstərilir ki, "parlament"in tikintisi üçün 586 min ABŞ dolları vəsait ayrılıb. Ancaq həmin maliyyə vəsaiti "yetərsiz" olduğundan, daha sonra 985 min ABŞ dolları da əlavə edilib. Nə qədər təəccüblü görünsə də, son göstərilən məbləğ də qondarma rejimə bəs etməyib. Ona görə də binanın inşa edilib başa çatması üçün adı gizli saxlanılan sponsorlardan ianələr toplanılıb. Beləliklə, ümumi sahəsi 1350 kvadratmetr olan binanın açılışı min fırıldaqdan sonra baş tutub. "Parlament" binasında oturanlar uzun illər ölkəmizin suverenliyini təhdid edib, günahsız insanlara qarşı qətliam, soyqırımı planları hazırlamaqla məşğul olduğundan, bura əslində terrorçu yuvası kimi fəaliyyət göstərib.

Xankəndidə sökülən başqa bir tikili "Arsaxı azad etmiş döyüşçülər ittifaqı"nın binasıdır. Tikili üçmərtəbəli olmaqla ümumi sahəsi 1886 kvadratmetrdir. Binaya yuxarıdan baxdıqda xaç işarəsinə bənzəyir. Xankəndi şəhərindəki mərkəzi meydanda binanın açılışı 9 may 2013-cü ildə baş tutmuşdu ki, bu tarix də təsadüfən seçilməmişdi. Məhz Şuşanın işğal günü Ermənistan prezidenti Serjik Sarkisyan və qondarma rejimin rəhbəri Bako Saakyan "veteranlar" binasının açılış mərasimində iştirak etmişdilər. Həmin gündən etibarən, iki erməni cəlladın "xeyir-dua"sı ilə fəaliyyətə başlayan mərkəzdə "Yerkrapa" terror təşkilatının üzvləri bir araya gəliblər. Qurumun təsis edilməsi üçün 2014-cü ildə maliyyə fırıldaqlarına görə Rusiyada həbs həyatı yaşamış və orada ölmüş Levon Ayrapetyan adlı erməninin xeyriyyə fondu, işğal olunmuş ərazilərə külli miqdarda "investisiya" qoymuş "Vallex Group", eləcə də Moskva və Stavropol diyarındakı erməni icmasının nümayəndələri pul ayırmışdılar.

Ermənilər bu cür çirkin əməllərini Şuşada da davam etdirmək istəsələr də, Vətən müharibəsindəki Qələbəmiz onların arzularını ürəyində qoydu. Şəhərdə dövlət başçımızın "şeytan yuvası" adlandırdığı - "parlament"in binasının tikintisi planlaşdırılırdı. Ancaq ötən il həmin yerdə beşulduzlu "Şuşa" otelinin açılışı gerçəkləşdirildi. Prezident İlham Əliyev Şuşaya ilk səfərində - 2021-ci il yanvarın 14-də bu barədə demişdi: "Qondarma rejim bəyan etmişdi ki, "Dağlıq Qarabağ respublikası"nın "parlamenti"ni Şuşa şəhərinə köçürəcək. Beləliklə, Şuşa şəhərini erməniləşdirmək üçün növbəti cəhd edilməli idi. Bax, bu binanı onlar "Dağlıq Qarabağ respublikası"nın "parlament" binası kimi inşa etməyə başlamışdılar. Ancaq çatdıra bilmədilər. Biz gəldik, bu torpağın sahibləri gəldi, onları buradan qovdu və beləliklə, onların bu çirkin əməlləri həyata keçmədi".

Ermənistan isə bügünkü reallıqları qəbul etmək əvəzinə yenə öz xəyal dünyasından əl çəkmək istəmir. Qanunsuz tikililərin sökülməsi guya "mədəni irs"in məhv edilməsi kimi qələmə verilir. Bunun heç bir hüquqi əsası olmadığını İrəvan rəhbərliyinin özü də çox yaxşı bilir. Azərbaycanın həyata keçirdiyi tədbirlər - işğal izlərinin aradan qaldırılması tarixdə görünən nümunələrdəndir. Məsələn, Hitler Almaniyası məğlub edildikdən sonra nasistlərin bütün tikililəri digər ölkələrdə məhv edildi. Buna görə heç bir dövlət qınaq obyektinə çevrilmədi. Odur ki, Ermənistan bugünkü reallıqlarla barışmalı, fikrini sadəcə sülh prosesinə yönəltməlidir.

Musa BAĞIRLI,

"Respublika".