Şərqi Zəngəzurun ilk beynəlxalq hava limanı
Digər xəbərlər

Şərqi Zəngəzurun ilk beynəlxalq hava limanı

İkinci Qarabağ müharibəsindən sonra həyata keçirilən bərpa-quruculuq işləri çərçivəsində işğaldan azad olunmuş ərazilərdə nəqliyyat infrastrukturunun kompleks şəkildə yenidən qurulması əsas məsələlərdən biri olmuşdur. Belə ki, bu ərazilərdə digər infrastruktur layihələrlə yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə Füzuli, Zəngilan və Laçında beynəlxalq hava limanlarının tikintisinə başlanmış, regionun inkişafında strateji əhəmiyyət kəsb edən 3 hava limanının inşa edilməsi postmüharibə dövründə həyata keçirilən genişmiqyaslı işlərin əsasını təşkil etmişdir.

2021-ci ilin yanvar ayında ölkə başçımız Füzulidə beynəlxalq hava limanının tikintisi barədə Sərəncam imzalamış, elə həmin ay şəhərdə işğaldan əvvəl mövcud olan köhnə aeroportun yerində tikiləcək hava limanının təməlqoyma mərasimi keçirilmişdir. Ötən il oktyabr ayının 26-da müasir standartlar əsasında tikilmiş Füzuli Beynəlxalq Hava Limanının rəsmi açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak etmişlər.

Zəngilan rayonunda Logistika Mərkəzinin yaradılması məqsədilə ölkə başçısının göstərişi ilə 2021-ci ilin aprelində Zəngilan aeroportunun təməlqoyma mərasimi keçirilmişdir. Mərasimdə iştirak edən ölkə başçısı bu limanın dövlətimizin gücünün, qüdrətinin və əbədi, əzəli torpaqlarımıza böyük qayıdışın bariz nümunəsi olduğunu qeyd edərək demişdir: "Azad edilmiş torpaqlarda ikinci hava limanının tikintisinə start verilibdir... Zəngilan rayonunun coğrafi yerləşməsi və burada olan imkanlar təbii ki, Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. Təsadüfi deyil ki, hava limanı məhz Zəngilanda inşa ediləcək. Çünki coğrafi vəziyyətə baxdıqda hər kəs görə bilər ki, Füzuli, Zəngilan və ondan sonra Laçın rayonunda inşa ediləcək üçüncü beynəlxalq hava limanı bütün Qarabağ və Şərqi Zəngəzur zonasını Zəngilan daxil olmaq şərtilə əhatə edəcək. Buradan dəmir yolu, avtomobil yolu keçəcək, Naxçıvana yol açılacaq. Əlbəttə ki, Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafı üçün bu hava limanının böyük rolu olacaqdır".

Şərqi Zəngəzurda mühüm infrastruktur layihələrdən biri olan və regionun gələcək sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq Zəngilan Beynəlxalq Hava Limanı ölkəmizdə müasir logistika mərkəzinin yaradılması istiqamətində reallaşdırılan böyük əhəmiyyətli layihədir. Ötən il inşasına başlanan, Vətən müharibəsində işğaldan azad edilən ərazilərdə ikinci beynəlxalq hava limanı olan, ağır nəqliyyat təyyarələri də daxil olmaqla bütün növ hava gəmilərini qəbul edə biləcək Zəngilan Beynəlxalq Hava Limanının uçuş-enmə zolağının uzunluğu 3 kilometrdir.

Ermənistan və İranla həmsərhəd olan Zəngilan rayonunda həm sərnişin, həm də beynəlxalq yük daşımaları baxımından hava limanına böyük ehtiyac var idi. Rayonun əlverişli coğrafi mövqeyi də buna imkan verir. Zəngəzur dəhlizinə inteqrasiya olunacaq bu hava limanı həm də Şərq-Qərb nəqliyyat dəhlizinə birləşəcək. İşğaldan azad edilən ərazilərimizdə Füzuli Beynəlxalq Hava Limanından sonra ikinci hava limanı olan, yaxın gələcəkdə böyük nəqliyyat qovşağına çevriləcək Zəngilan Beynəlxalq Hava Limanı təkcə ölkəmizin deyil, bütün regionun iqtisadiyyatının inkişafında əhəmiyyətli rol oynayacaq. Regionda nəqliyyat infrastrukturunun inkişafında, eyni zamanda Azərbaycan üzərindən beynəlxalq yüklərin daşınmasında vacib rol oynayacaq hava limanından eyni zamanda sərnişinlər də istifadə edəcək ki, bu da ilk növbədə bölgədə turizmin dirçəldilməsinə müsbət təsir göstərəcək. Belə ki, bu hava limanı böyük və fasiləsiz turizm potensialı olan Şərqi Zəngəzura həm yerli, həm də xarici turistlərin gəlməsinə şərait yaradacaq, bölgənin sənaye sahəsinin potensialını da artıracaq. Çoxfunksiyalı beynəlxalq hava limanı sosial, iqtisadi və nəqliyyat məsələlərinin həllində mühüm rol oynamaqla regionda böyük əhəmiyyət kəsb edəcək.

Dünya standartlarına cavab verən, bütün müasir tipli böyük təyyarələri qəbul edə biləcək Zəngilan Beynəlxalq Hava Limanı üçün ICAO və IATA-nın beynəlxalq kodları (müvafiq olaraq UBBZ və ZZE), həmçinin EUROCONTROL təşkilatının naviqasiya vasitələrinin bütün çağırış siqnalları təyin edilmişdir. Hava limanı texniki cəhətdən tam komplektləşdirilmiş, bütün tələb olunan aeronaviqasiya avadanlıqları ilə təmin edilmiş və hava hərəkətinin avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təchiz edilmiş HHİ qülləsinin tikintisi başa çatdırılmışdır. Bu ilin aprel ayında "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin və Almaniyanın ərazisində hava hərəkətinin idarə olunmasına cavabdeh olan DFS Aviation Services şirkətinin nümayəndələrinin birgə iştirakı ilə uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün aeronaviqasiya infrastrukturunun bərpası çərçivəsində Zəngilanda inşa olunan beynəlxalq hava limanında yeni avtomatlaşdırılmış hava hərəkətini idarəetmə sistemi tətbiq edilmişdir.

Sentyabr ayının 9-da isə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində ikinci, Şərqi Zəngəzurun isə ilk hava limanı - Zəngilan Beynəlxalq Hava Limanında "Azərbaycan Hava Yolları"nın ən böyük sərnişin təyyarəsi Airbus A340-500 ilk texniki uçuşunu müvəffəqiyyətlə yerinə yetirərək yeni uçuş-enmə zolağına enmişdir. Sərnişin təyyarəsində Bakı-Zəngilan marşrutu üzrə uçuş müddəti təqribən 45 dəqiqə təşkil etmişdir.

İşğaldan azad edilmiş ərazilərdə inşa olunan ən yeni naviqasiya infrastrukturu ilə təchiz edilən Zəngilan Beynəlxalq Hava Limanı bütün müasir təhlükəsizlik standartlarına cavab verməklə yanaşı, həm də ikinci avtomatlaşdırılmış hava hərəkətini idarəetmə sisteminə malikdir.

Böyük iqtisadi əhəmiyyət daşıyan Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın iqtisadi imkanlarının regiona inteqrasiyası, nəqliyyat yük daşımalarının intensivliyi baxımından mühüm rol oynayacaq.

Mehparə ƏLİYEVA,

"Respublika".