Müasir Azərbaycan gəncliyi savadlı, yaradıcı və vətənpərvərdir
Digər xəbərlər

Müasir Azərbaycan gəncliyi savadlı, yaradıcı və vətənpərvərdir

Gənclər bütün tarix boyu Azərbaycan xalqının əsas aparıcı qüvvəsi kimi milli kimliyimizin formalaşmasında, milli-mənəvi dəyərlərimizin və adət-ənənələrimizin qorunub saxlanılmasında böyük rol oynayıb, əzmkarlığı, cəsarəti və qəhrəmanlığı ilə özündən bəhs etdirib. Azadlıq mübarizələrində də Azərbaycan gəncləri ön sırada yer alıblar. Həmçinin sağlam düşüncəli, milli ruhlu, vətənpərvər, soykökünə bağlı və dövlətinə sadiq olublar.

Müasir müstəqil Azərbaycanın banisi, xalqımızın ümummilli lideri Heydər Əliyev ölkəmizin inkişaf strategiyasını müəyyənləşdirərkən gənclərə xüsusi önəm verib, Vətənimizin tərəqqisində, dövlətimizin gələcək inkişafında onların rolunu yüksək dəyərləndirib. Ümumiyyətlə, ulu öndərin istər sovetlər dövründə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik edərkən onun fəaliyyətində gənclər siyasəti prioritet olub. Gənclərin sağlam şəraitdə böyümələri, yaxşı təhsil almaları, müasir elmlərə yiyələnmələri, dövlət vəzifələrində irəli çəkilmələri üçün əhəmiyyətli işlər görüb. Ulu öndər qurub-yaratdığı müasir Azərbaycanı gənclər ölkəsi adlandırırdı və gələcək inkişafında gənclərə böyük ümidlər bağlayırdı. Həqiqətən də, Azərbaycan gəncliyi ona olan ümidləri layiqincə doğrultdu. Məhz bunun nəticəsidir ki, bu gün ölkəmiz tarixinin ən parlaq dövrünü yaşayır, dönməz inkişaf yolu tutaraq sabaha inamla irəliləyir.

Bu gün Azərbaycan gəncliyi demokratik ölkədə əmin-amanlıq şəraitində xoşbəxt yaşayır. Dövlətimiz onların hərtərəfli inkişafı, potensialının üzə çıxarılması və qiymətləndirilməsi, ictimai-siyasi həyatda rolunun artırılması, cəmiyyətdə əsas aparıcı qüvvəyə çevrilməsi üçün bütün zəruri şəraitləri yaradıb. Odur ki, gənclərdə öz gücünə, istedadına inam hissi artıb, bütün sahələrdə, o cümlədən idman, təhsil və digər sahələrdə uğurları bir-birini əvəzləyir. Savadı, yaradıcılığı, işgüzarlığı ilə ad çıxaran müasir Azərbaycan gəncliyi həm də dövlətə sədaqəti, Vətənə olan dərin məhəbbəti ilə də fərqlənir. Onlar Vətən müharibəsində bir daha sübut etdilər ki, Ana Vətəni canlarından artıq sevir və bu yolda şəhid olmağı özləri üçün şərəf hesab edirlər. Gənclərimiz, həqiqətən də, rəşadəti, qəhrəmanlığı ilə bütün dünya ictimaiyyətini özlərinə heyran qoydular. Biz Vətən müharibəsində iştirak etmiş hər bir gəncə minnətdarıq.

Azərbaycan həmkarlar ittifaqları dövlətimiz tərəfindən müəyyən olunan gənclər siyasətinə öz səlahiyyətləri çərçivəsində fəal dəstək verir. Gənclərin böyük qisminin həmkarlar ittifaqı sıralarında birləşməsi təşkilatımızın bu istiqamətdə məsuliyyətini daha da artırır. Belə ki, həmkarlar ittifaqı üzvlərinin 38,5 faizini (29 yaşadək) gənclər təşkil edir. AHİK müxtəlif vaxtlarda "Azərbaycanda uşaq və gənclərin hüquqlarının müdafiəsi və mənəvi tələbatlarının ödənilməsi sahəsində həmkarlar ittifaqlarının fəaliyyəti və tədbirlər planı", "Gənclər siyasəti konsepsiyası", "Azərbaycan həmkarlar ittifaqlarının gənclər siyasətinin həyata keçirilməsi", "Azərbaycan həmkarlar ittifaqlarının gənclər siyasəti üzrə fəaliyyətinin əsas istiqamətləri" və s. qərar və sənədlər qəbul edib və uğurla həyata keçirib. Ümumiyyətlə, biz gənclərin həmkarlar ittifaqlarının fəaliyyətində yaxından iştirakını yüksək qiymətləndiririk və onları həmkarlar ittifaqlarının gələcək inkişafının və daha da möhkəmlənməsinin əsas mənbəyi hesab edirik. Buna görə də gənclərin sosial-iqtisadi problemlərinin həllinə kömək göstərilməsinə, onların həmkarlar ittifaqı strukturlarındakı fəaliyyətinə, keçirilən tədbirlərə, aksiyalara cəlb edilməsinə və həmkarlar ittifaqının kadr ehtiyatının gənclər hesabına yaradılmasına xüsusi önəm veririk.

Sahə həmkarlar ittifaqlarının demək olar ki, böyük əksəriyyətində gənclər şurası fəaliyyət göstərir və gənclərlə mütəmadi iş aparılır. Şuralar gənclərin tələbatına cavab verən strategiyanın, kollektiv müqavilələrin və sazişlərin işlənib hazırlanmasında, peşə ustalığı üzrə müsabiqə və baxışların keçirilməsində fəallıq göstərirlər. Gənclərin həmkarlar ittifaqı üzvlüyünə motivasiyasının gücləndirilməsi məqsədilə əməkdə, təhsildə və ictimai fəaliyyətdə nailiyyətlər qazanmış 500-ə yaxın gənc "İlin peşəkar gənci" fəxri adına layiq görülüb. AHİK Beynəlxalq Əmək Təşkilatı, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası, Ümumhəmkarlar İttifaqları Konfederasiyası və digər təşkilatlar tərəfindən gənclərlə bağlı təşkil edilən tədris proqramlarında onların iştirakına xüsusi diqqət yetirir.

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin əlaçı müdavimlərinə hər il həmkarlar ittifaqlarının pul mükafatı verilir. Həmçinin ali təhsil müəssisələrində qış və yay sessiyalarının nəticələrinə görə təhsildə uğur qazanmış, ictimai işlərdə fərqlənmiş tələbələrə də "Adlı təqaüd" verilir. İndiyədək 3000 nəfərə yaxın gənc bu təqaüdə layiq görülüb. Bəzi ali məktəblərdə aztəminatlı ailələrdən olan 300-dək tələbənin nahar xərcləri, hər il onlarla imkansız tələbənin təhsil haqlarının 30 faizi, bəzilərinin isə 100 faizi həmkarlar ittifaqı tərəfindən ödənilir. Tələbə-gənclər arasında sağlam həyat tərzinin təbliğ edilməsi, onlarda elmə marağın aşılanması, intellektual səviyyələrinin yüksəldilməsi istiqamətində addımlar atılır.

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları

Konfederasiyasının sədri,

Milli Məclisin deputatı.