Fəaliyyətə verilən yüksək dəyər minnətdarlıqla qarşılanır
Digər xəbərlər

Fəaliyyətə verilən yüksək dəyər minnətdarlıqla qarşılanır

Müasir dövlətçiliyimizin banisi, xalqımızın tərəqqisində əvəzsiz xidmətləri olan ulu öndər Heydər Əliyev yaddaşlarda uzaqgörən, geniş dünyagörüşünə malik ictimai-siyasi xadim olmaqla bərabər, həm də xalqına bağlı, dövlətinin mənafeyini hər şeydən üstün tutan müdrik rəhbər kimi yaşayır. Ümummilli liderin respublikamıza rəhbərliyinin hər iki dövründə dövlətçiliyimizin qorunub saxlanması, cəmiyyətin gələcək inkişafı üçün hüquqi islahatların həyata keçirilməsi istiqamətində gərgin və əməli fəaliyyəti beynəlxalq münasibətlər sisteminə inteqrasiyaya istiqamətlənən, sosial ədalət prinsipinə əsaslanan demokratik və hüquqi dövlət quruculuğuna imkan yaratdı.

Müstəqillik yoluna yeni qədəm qoyan dövlətimizin inkişaf yolunu müəyyənləşdirən dahi lider Azərbaycanı bütün dünyaya geostrateji ölkə olaraq tanıtdı. "Əsrin müqaviləsi"nin imzalanması ilə iqtisadi inkişafa əsaslı zəmin yaranan ölkəmizin beynəlxalq nüfuzu daha da yüksəldi. Ümummilli liderin müdrikliklə, uzaqgörənliklə qoruyub möhkəmləndirdiyi müstəqil Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş, güclü orduya sahib, gələcəyə hesablanmış uğurlu xarici siyasət yürüdən ölkə kimi qəbul edilir.

Müstəqil dövlətimizin qurucusu Heydər Əliyevin zəngin və çoxşaxəli irsi xalqımızın milli sərvətidir və bu mirası qoruyub saxlamaq hər bir azərbaycanlının müqəddəs borcudur. Azərbaycan Prezidenti İlham Əliyevin ötən il sentyabrın 29-da imzaladığı sərəncama əsasən görkəmli siyasi və dövlət xadiminin  anadan olmasının 100 illiyi münasibətilə 2023-cü ilin ölkəmizdə "Heydər Əliyev İli" elan olunması və "Heydər Əliyevin 100 illiyi (1923-2023)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ulu öndər ideyalarına sadiqliyin, xatirəsinə böyük ehtiramın təntənəsidir. Qeyd edək ki, "Heydər Əliyevin 100 illiyi (1923-2023)" Azərbaycan Respublikasının yubiley medalı  ilə ulu öndərin irsinin tədqiqində və təbliğində xüsusi xidmətləri olan, dövlət idarəçiliyində, dövlət qulluğunda və ictimai-siyasi sahədə, azərbaycançılıq ideyasının həyata keçirilməsində mühüm vəzifələrin icrasında səmərəli fəaliyyət göstərən şəxslər təltif olunur. Hakim Yeni Azərbaycan Partiyasının qurucularından biri, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri, 2006-2011-ci illərdə Azərbaycanın Belarusda səfiri olmuş texnika elmləri doktoru, professor Əli Teymur oğlu Nağıyev də  "Heydər Əliyevin 100 illiyi (1923-2023)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub. Ə.Nağıyev redaksiyamıza ünvanlandığı məktubda  dövlət başçısı İlham Əliyevin prezidentliyi dövründə qazandığı uğurlardan bəhs edərək yazır: "Hələ 2003-cü ildə xalqın yüksək etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildiyiniz gündən Heydər Əlirza oğlunun layiqli davamçısı olduğunuzu fəaliyyətinizin bütün sahələrində əldə etdiyiniz uğurlarla  sübuta yetirdiniz, sözün tam mənasında hər bir azərbaycanlının Prezidenti olduğunuzu təsdiqlədiniz. Bununla da ümumxalq sevgisi qazandınız və növbəti qələbələrin əldə olunmasına möhkəm əsas yaratdınız.

Möhtərəm Prezident, 2020-ci ilin sentyabrına qədərki dövrdə bir rəhbər kimi əldə etdiyiniz çoxsaylı nailiyyətlər Sizin uğurlu Prezident, böyük şəxsiyyət kimi adınızı Azərbaycanın tarixinə yazmışdı, amma 2020-ci il 44 günlük Vətən müharibəsində  Ali Baş Komandan kimi ordumuzla və xalqımızla birlikdə qazandığınız Zəfər Sizin adınızı qızıl hərflərlə təkcə Azərbaycan tarixinə deyil, Böyük Türk tarixinə yazdı. Bu Zəfərlə Siz Azərbaycanımızın yeni şərəfli tarixini yaratdınız".

Ə.Nağıyev öz məktubunda "Heydər Əliyevin 100 illiyi (1923-2023)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunduğuna  görə dövlət başçısına daim minnətdar olduğunu bildirib.

"Respublika".