BAKI YENİ İLİN ASTANASINDA
Digər xəbərlər

BAKI YENİ İLİN ASTANASINDA

Hər birimiz Yeni ilin gəlişini səbirsizliklə gözləyirik. Həmişəki kimi, bu ildə də arzu və diləklərimizin gerçəkləşəcəyinə inamımız, ümidlərimiz artır. Bayram əhvali-ruhiyyəsi ruhumuza hakim kəsilib. Yeni ilin gəlişi ilə bağlı ənənəvi olaraq paytaxtımızın küçə və meydanlarında rəngbərəng və gözoxşayan oyuncaqlarla bəzədilmiş yolkalar qurulub.

Yeni ilin böyük coşqu ilə qeyd olunduğu Dənizkənarı bulvar boyunca müxtəlif rəngarəng kompozisiyalar, yolkalar quraşdırılıb. Uşaqların sevimli məkanı Azərbaycan Dövlət Kukla Teatrının yanındakı yeraltı keçidin önündə, bulvar ərazisi istiqamətində quraşdırılan işıqlarla bəzədilmiş tunel də maraqla qarşılanır. Bayram günlərində bulvarda Yeni ilin atributları olan Şaxta baba və Qar qız tədbirlərin qonağı olacaq.

Azərbaycan tarixində ilk dəfə olaraq ölkəmizin ərazi bütövlüyünün təminatı, suverenliyimizin bərpası fonunda yeni ilin keçirilməsi böyük önəm kəsb edir. Məhz 2024-cü ili xalqımız müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə bütöv və suveren Azərbaycanda qarşılayacaq.

"Respublika".