Ermənistan region üçün təhdiddir
Digər xəbərlər

Ermənistan region üçün təhdiddir

Məlum olduğu kimi, mənfur Hayastan 30 il Azərbaycan torpaqlarını işğal altında saxlamış, şəhər və kəndlərimizi çapıb talamışdır. 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ savaşında Azərbaycanın əks-hücum əməliyyatlarına tab gətirə bilməyən düşmən məğlubiyyətini təsdiqləyən kapitulyasiya aktını imzalamağa məcbur olmuşdur. 44 gün ərzində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir. Ermənistanın zorakı siyasətinin əksinə, Prezident İlham Əliyev daim torpaqlarımızın sülh yolu ilə qaytarılmasına üstünlük vermişdir.

Ağdam, Kəlbəcər, Laçının döyüşsüz və heç bir itki olmadan qaytarılması dövlətimizin başçısının siyasi iradəsinin nəticəsidir. Postmünaqişə dövrünün reallıqlarına uyğun olaraq, bu gün əsas addımlar iki ölkə arasındakı münasibətlərin tənzimlənməsi istiqamətində atılır. Müharibənin bitdiyini təsdiqləyən və Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli Bəyanat qələbəmizin rəmzi hesab olunur. Azərbaycan tərəfinin sənəddə əks olunmuş tələbləri tam yerinə yetirdiyinə baxmayaraq, Ermənistan öhdəliklərinə əməl etmir. Azərbaycan hətta ermənilərin yaşadığı ərazilərimizdə onlar üçün maneəsiz hərəkətə şərait də yaratmışdır. Lakin xain düşmən Bəyanatın əsas tələblərindən olan, sərhədlərin delimitasiya və demarkasiyası, Naxçıvanla birbaşa nəqliyyat dəhlizinin yaradılması istiqamətində heç bir iş görməmişdir.

Ermənilər 30 illik işğal dövründə minaladıqları ərazilərdən başqa, tərk etmələri üçün vaxt istədikləri Ağdam, Kəlbəcər və Laçın rayonlarına yeni minalar basdırmış, yaşayış evlərini yandırmış, meyvə ağaclarını kəsmiş, öz vandallıqlarını bir daha göstərmişlər. Ermənistanın bu cür vəhşi əməlləri Qarabağın təbiətinə, ekologiyasına böyük ziyan vurmuş, ümumilikdə minlərlə hektar meşə sahələri düşmən tərəfindən məhv edilmişdir. Görünür Ermənistana 44 günlük Vətən müharibəsi dərs olmayıb.

Paşinyanın məğlubiyyətdən sonra düşdüyü rəzil vəziyyət hər kəsə məlumdur. Əslində Paşinyanın mənfur əməlləri ATƏT-in keçmiş Minsk qrupunun qatı ermənipərəst həmsədri Fransa tərəfindən dəstəklənir ki, bu da danışıqlar prosesinə maneə yaradır. Ölkəmiz problemin sülh yolu ilə həll olunması üçün bütün imkanlardan istifadə edir. Qarabağı hüquq məsələsi adlandıran Ermənistanın baş naziri isə başa düşmək istəmir ki, əgər Qarabağ Ermənistan ərazisi olsaydı, müharibə dövründə 11 min nəfər erməni fərarisi olmazdı. Xain düşmən bunu da unudur ki, Azərbaycanın itirdiyi bütün ərazilərini 44 gün ərzində geri qaytarması ölkəmizin hər an hərbi, strateji, eləcə də coğrafi mövqeyindən istifadə edərək istədiyi nəticəyə nail ola biləcəyi anlamına gəlir. Həmçinin Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Ermənistan törətdiyi hər bir cinayət əməlinin cavabını layiqincə alacaqdır. Ölkə başçımızın mayın 3-də Şuşada keçirilən "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda beynəlxalq konfransdakı çıxışı zamanı səsləndirdiyi fikirlər bunu bir daha təsdiqləyir: "Mən dəfələrlə bu məsələyə dair fikrimi bildirmişəm. Demişəm ki, əgər Ermənistan sülh istəmirsə sülh olmayacaq. Tarixdən bilirik ki, sülh sazişini imzalamayan ölkələr də var. Bu, nə Ermənistan, nə də region üçün yaxşı olmayacaq. Əlbəttə ki, Azərbaycan üçün də yaxşı olmayacaq. Buna görə də biz hələ də ümid edirik ki, onlar məntiqli davranacaqlar, sabiq Minsk qrupu fəaliyyətdə olanda işğal zamanı istifadə etdikləri taktikadan istifadə etməyəcəklər. Yeri gəlmişkən, nəticə nöqteyi-nəzərindən 28 il ərzində Minsk qrupu heç bir nəticə verməmişdir. Bunun əsas səbəbi isə o idi ki, Ermənistan torpaqları geri qaytarmaq istəmirdi".

Buradan bir daha aydın olur ki, Ermənistan üçtərəfli Bəyanatdan boyun qaçırmaqla, eləcə də öhdəlikləri yerinə yetirməməklə regionda sülhə təhdid yaradır.

Nəzrin ELDARQIZI,

"Respublika".