ŞƏHİD VƏ QAZİ ÖVLADLARINA QAYĞI
Sosial həyat

ŞƏHİD VƏ QAZİ ÖVLADLARINA QAYĞI

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun şücaəti nəticəsində 44 günlük müharibədə qazandığımız Zəfər, xalqımızın minlərlə qəhrəman övladının canı-qanı bahasına, əsgər və zabitlərimizin, cəbhəyə könüllü yollanmış vətənpərvər gənclərimizin igidliyi və rəşadəti sayəsində tariximizə yazılmış şanlı salnamədir.

Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, bu yolda canını fəda edən qəhrəmanlarımızın ailələrinə diqqət və qayğı ilə yanaşmaq bütün cəmiyyətimizin borcudur. Tariximizə qızıl hərflərlə yazılmış Vətən müharibəsindən sonrakı bərpa tədbirləri ilə yanaşı, hərbi əməliyyatlardan zərərçəkmiş insanlara, xüsusən də şəhid ailələrinə, qazilərə, onların övladlarına hərtərəfli qayğı Azərbaycan dövlətinin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Bu sahədə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıyır, bu məqsədlə bir sıra məqsədyönlü tədbirlər həyata keçirilir. Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov qarşıdan gələn yeni tədris ilinin başlanması münasibətilə məktəbli şəhid və qazi övladları ilə görüş keçirib.

Şəhər rəhbəri Vüqar Novruzov onları salamlayaraq, dövlətimiz tərəfindən şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıdan əhatəli danışaraq, şəhid və qazilərin məktəbli övladlarını yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, xoş arzularını söyləyib.

Artıq ənənə halını alan və uşaqlarda sevinc dolu anlar yaşadan tədbirdə onlara "Oyal"ın məktəbli çantaları və müxtəlif dərs ləvazimatları təqdim edilib.

Görüşdə iştirak edən şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Zabit XƏLİLOV,

"Respublika".