Saxtakarlıqla dolu Aİ-nin böhtan kampaniyası
Siyasət

Saxtakarlıqla dolu Aİ-nin böhtan kampaniyası

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibinin qurum adından bəyanat yayaraq Müstəqillik Günündə imzalanmış əfv Sərəncamının mahiyyətinə kölgə salmaq cəhdi açıq qərəzdir və qəbuledilməzdir. Prezident İlham Əliyevin növbəti dəfə əfv Sərəncamı imzalaması, 154 ailəyə Müstəqillik Günü ərəfəsində sevinc bəxş etməsi böyük humanizm nümunəsidir. Lakin Avropa İttifaqının bu humanist yanaşmanı görməzdən gəlməsi, onların yox, məhz Qərbin müəyyən etdiyi siyahı üzrə "fundamental hüquqlarına görə həbs edilən bütün şəxsləri azad etməyə" çağırması qəbuledilməz ayrı-seçkilikdir və Azərbaycan Respublikası bu selektiv münasibəti rədd edir.

Aydındır ki, əfvetmə sadə bir mexanizm deyil, bu proses təhlillərə əsaslanır və hər dəfə mümkün qədər daha çox insanı əhatə edir. Eyni zamanda cəzanın, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilməsi amilini unutmamalıyıq. Məhkəmə qaydasında cəzaya məhkum edilmiş şəxslər, bir qayda olaraq, o halda əfv edilir ki, onun barəsində təyin edilmiş cəza tədbiri ilə məqsədə nail olunub. Yəni şəxs artıq islah edilib və cəmiyyət üçün daha təhlükəli deyil və onun cəzasının bütövlükdə çəkilməsinə ehtiyac yoxdur. Son əfvetmə aktına qədərki araşdırmaların nəticələri də məhz bu sayda insanın müvafiq kriteriyaya cavab verdiyini ortaya çıxarıb. Ümumiyyətlə, dövlətimiz bir nəfər də olsun vətəndaşın cəzaya məruz qalmasını arzu etmir, amma cəmiyyətin təhlükəsizliyi və ictimai qaydanın təmin edilməsi çox vacibdir.

İndi bütün bunların fonunda bu böyük humanizm aktı barədə hər hansı yanlış düşüncə formalaşdırmaq cəhdləri, kimlərinsə prosesdən kənarda qalması barədə qərəzli və savadsız mühakimə ən azı bu əfvdən yararlanmış ailələrə hörmətsizlikdir. Eyni zamanda əfvi amnistiya aktı ilə müqayisə edərək niyə amnistiyadan daha az insanı əhatə etməsi barədə iddiaları görürük. Bu, savadsız populizmdir. Ən azı ona görə ki, əfv fərdi qaydada müəyyən edilmiş şəxs barəsində Prezident tərəfindən, amnistiya aktı isə fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Milli Məclis tərəfindən qəbul edilir. Yəni əfv zamanı hər bir şəxsə fərdi yanaşılır, amnistiya zamanı isə şəxslər yox, əməllər önə çəkilir.

Bir sözlə, cənab Prezidentin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncamı böyük humanizm aktıdır və kimlərinsə özfəaliyyət xarakterli yorumları bu hüquqi aktın mahiyyətinə xələl gətirə bilməz.

Avropa İttifaqının rəsmisi qərəzli və ikili standartlara əsaslanan yanaşması ilə əslində bir daha göstərdi ki, təşkilatı insan hüquq və azadlıqları, yaxud digər fundamental dəyərlər maraqlandırmır.  Təşkilat Prezident İlham Əliyevin imzaladığı Sərəncamın Azərbaycanda milli birlik və həmrəyliyin daha da möhkəmlənməsinə xidmət etməsindən narahatdır. Səbəbi isə çox sadədir, onlar Cənubi Qafqazda sülh və sabitlik arzu etmir. Bütün bunlar bir daha göstərir ki, bu tip qərəzli təsisatlar mahiyyətcə düzgün olmayan qruplaşmadır və verdiyi qərarlar, qəbul etdiyi qətnamələrin isə heç öz üzv subyektlərinin belə gözündə heç bir hüquqi qiyməti yoxdur.

Ümumiyyətlə, bildiyiniz kimi, cinayət qanunvericiliyinə əsasən əfvetmə Prezident tərəfindən həyata keçirilir və bu aktla məhkum olunmuş şəxs ya cəzanın qalan hissəsini çəkməkdən azad edilə bilər, yaxud ona təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxsin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə, habelə cəzasını çəkmiş şəxsin məhkumluğu götürülə bilər. Dövlət başçısının müvafiq hüquqi aktı ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 63 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilmiş, 52 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmış, habelə bu cəza üzrə cəzasının çəkilməsi təxirə salınmış 1 şəxs cəzadan azad edilmiş, o cümlədən cəzasını çəkmiş 1 şəxsin məhkumluğu götürülmüşdü.

Həmçinin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 28 şəxs cəzanın çəkilməmiş hissəsindən azad edilmiş, 3 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmış, islah işləri cəzasına məhkum edilmiş 2 şəxs cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 4 şəxs cəzadan azad edilmişdi.

Belə bir mənzərə fonunda insan hüquqlarına prioritet kimi baxan istənilən qlobal və ya regional təsisat üçün Azərbaycanda imzalanan əfv Sərəncamı ilə 154 insanın üzərindən bu və ya digər formada məhrumiyyətlərin götürülməsi yalnız və yalnız alqışlanmalıdır. Lakin bunun əvəzinə Avropa İttifaqı rəsmisinin hansısa uydurma qrup - "fundamental hüquqlarına görə həbs edilən şəxslər"dən danışıb, insanların taleyindən narahatlıq ifadə etməsi, sözün əsl mənasında, ikrah doğurur. İlk növbədə, 30 il Qarabağ və Şərqi Zəngəzurda Ermənistan tərəfindən yerlə-yeksan edilən şəhər və kəndlərin talan edilməsinə, 1 milyondan çox azərbaycanlının zülmə məruz qalmasına göz yuman və ortaq olan bir təsisat anlamalıdır ki, regionda insan hüquqları barədə danışmaq haqqını itirib. Artıq hər kəsə aydındır ki, beynəlxalq hüquqa və beynəlxalq hüququn normalarında əksini tapan prinsiplərə, o cümlədən insan haqlarına baxışı selektiv xarakter daşıyan bu təşkilatın əsas niyyəti beynəlxalq hüququn aliliyinin təmin olunması yox, Qərbin neoimperialist niyyətinin realizə olunmasıdır. Əgər Avroittifaq çağırışını humanist niyyətlə əlaqələndirirsə, nəyə görə, məsələn, Fransada, Korsikada həbs olunan korsikalı siyasətçilərin, yaxud dənizaşırı ərazilərdəki fransız müstəmləkələrindəki təqiblərə məruz qalan siyasilərin azadlığını tələb etmir? Məhz bu səbəbdəndir ki, artıq Avropa təsisatlarında, o cümlədən Avropa İttifaqı və Avropa Parlamentində Azərbaycana qarşı zamanla ayrı-ayrı çağırışlar, qəbul edilən qətnamələr heç bir təsir gücü və hüquqi əhəmiyyətə malik olmur və yalnız təsisatın özünün əsl mahiyyətini ifşa edir.  

Bəhruz MƏHƏRRƏMOV,

Milli Məclisin deputatı.