Şair, mütəfəkkir və dövlət xadimi
Mədəniyyət

Şair, mütəfəkkir və dövlət xadimi

Şeirlərində insanları həyatı sevməyə, gözəlliyi dəyərləndirməyə, həyat eşqi ilə yaşamağa və nikbin olmağa səsləyən Molla Pənah Vaqif poeziya dilinin sadəliyi, aydınlığı ilə ədəbiyyat tarixində özünə taxt qurmuşdur. Bədii irsi tam olaraq dövrümüzə gəlib çatmasa da, ədəbiyyatımızda Molla Pənah Vaqif yaradıcılığı  xüsusi yer tutur. Şair əsasən şifahi xalq ədəbiyyatı üslubunda şeirlər yazmışdır. Onun yaradıcılığı Azərbaycan poeziyasının inkişafına böyük təsir göstərmişdir. Ona  Qarabağda məscid nəzdində fəaliyyət göstərən mədrəsədə dərs deməsi və el arasında qazandığı hörmətə görə Molla Pənah adı verilmişdir. Onun hakimliyi, biliyi haqqında xəbərlər Qarabağdan çox uzaqlara yayılmış, xalq arasında böyük nüfuz qazanan Vaqif barəsində belə bir məsəl də yaranmışdır: "hər oxuyan Molla Pənah ola bilməz".

Molla Pənah Vaqif 1717-ci ildə Qazax mahalının Yuxarı Salahlı kəndində anadan olmuşdur. Atası Mehdi ağa, anası isə Ağqız xanımın övladının əsl adı Pənah, Vaqif isə təxəllüsüdür. O, kiçik yaşlarında alim və müəllim Şəfi Əfəndinin yanında təhsil almış, astronomiya,  riyaziyyat, musiqi üzrə biliklərə yiyələnmişdir. 42 yaşına kimi Qazaxda yaşamış Molla Pənah Vaqif yüksək təhsil almış, ərəb və fars dillərini öyrənmiş, bir sıra dini, dünyəvi elmləri kifayət qədər mənimsəmişdir. XVIII əsrin 50-ci illərinin sonlarında Qazax mahalında və qonşu Gürcüstan sərhədlərində feodal münaqişələri nəticəsində bəzi  kəndlərin sakinləri, o cümlədən Molla Pənah Vaqifin ailəsi Qarabağ xanlığı ərazisinə köçməli olmuşdur. Onlar Cavanşir mahalının Tərtərbasar kəndində yerləşmişlər. Təhsilini bu kənddə başa vuran  Vaqif elə  həmin kənddə məktəb açmış, bir müddət sonra isə Şuşaya köçmüş, Qarabağın mərkəzində Saatlı məhəlləsində məktəb təsis etmişdir.

Onun elm yolunda uğurlu fəaliyyəti və alimlik şöhrəti Qarabağ xanı İbrahimxəlil xana çatır və o,  Vaqifi sarayına dəvət edir. Astronomiya ilə ciddi məşğul olan Molla Pənah Vaqifin ay tutulması və zəlzələ barədə əvvəlcədən xəbər verməsi xanı təəccübləndirir. Vaqiflə tanış olub, biliklərini yüksək qiymətləndirən İbrahimxəlil xan onu əvvəlcə eşikağası, sonra isə baş vəzir təyin edir. Molla Pənah Vaqif ağlı və təcrübəsi sayəsində xalq arasında böyük rəğbət və nüfuz qazanır. Hətta Ağa Məhəmməd şahın saray xadimi olan Abraham Beknazaryants Vaqifi Qarabağ türklərinin mənəvi rəhbəri adlandırmışdır.

Dövlət daxilində və xaricində bütün işləri Molla Pənah Vaqifin məsləhəti ilə həll edən İbrahimxəlil xanın şairə böyük hörməti olub. Şuşada inşa edilən bir çox binaların tikintisində o, şəxsən iştirak edib. Mühəndis işlərini yaxşı bilən Vaqif  Şuşa şəhərinin ətrafına çəkilmiş  qala divarların tikintisinə də rəhbərlik etmişdir. Zəngin kitabxanaya sahib olan şair özünü bacarıqlı dövlət xadimi, müdrik alim və xalq arasında sevilən şair kimi də tanıda bilmişdi. Əsasən qoşma, təcnis,  qəzəl, müxəmməs janrında şeirlər yazmış, yaradıcılığında xalq ədəbiyyatının ruhunu saxlamaqla klassik poeziyaya da müraciət etmişdir. O, klassik poeziyanın ənənələrinə yenilik qataraq deyiliş tərzini və ifadə üsulunu təzələmişdir. Yaradıcılığının əsas mövzusu mərhəmət və insan gözəlliyinin tərənnümü olmuşdur. Molla Pənah Vaqif yaradıcılığında Şərq poeziyasının bütün klassik janrlarından istifadə etmişdir. Heca vəznində yazdığı şeirlər Azərbaycan poeziyasının parlaq nümunələrindən hesab olunur. Şairin "Durnalar", "Heyran olmuşam", "Toy adamları", "Sonalar kimi", "Tel nazik" və bir çox şeirləri dillər əzbəridir.

Vaqif poeziyası sadəliyi, şirinliyi ilə yanaşı axıcılığı ilə də qəlb oxşayır. Bəzi bəndlərdə dəfələrlə təkrarlanan söz hər dəfə başqa mənaları ifadə edir. Bu baxımdan, şairin şeiriyyəti fərqlənir, sevilir, oxucunu yormur. Kökündə, mənbəyində milli folklorumuzu yaşadan Vaqif poeziyası Qurbani, Aşıq Valeh, Abbas Tufarqanlı və Xəstə Qasım kimi söz sərraflarından bəhrələnib. Gözəllik aşiqi olan şair həm də gözəlin ağlını, kamalını və sədaqətini vəsf edir.

Gözəl gərək əl

            götürə cəfadan,

Ləzzət görə hər dəm

            zövqü səfadən

Vaqifəm, qaçaram

            mən bivəfadən,

Qurbanıyam bir

            vəfalı gözəlin.

1797-ci ildə Ağa Məhəmməd şah Qacarın Şuşaya hücumu zamanı İbrahimxəlil xan Car-Balakənə qaçır. Şəhəri ələ keçirən Qacar səhəri gün sui-qəsd nəticəsində öldürülür. Hakimiyyətə gələn Məhəmməd bəyin Vaqifdən xoşu gəlmir və oğlu Əli bəylə birlikdə öldürtdürür. Şairin evi talan edilir, bütün külliyyatı,  əlyazmaları isə yandırılır.

Azərbaycan xalqı Molla Pənah Vaqifin xatirəsini əziz tutur. Hələ 1967-ci ildə dövlət başçısı Heydər Əliyev Şuşada olarkən Vaqifin məzarını ziyarət etmək istəyib, lakin məzarı tapa bilməyiblər. Qısa müddət ərzində Heydər Əliyevin tapşırığı ilə məzar tapılır və  onun üzərində 1980-1981-ci illərdə abidə və türbə tikilir. 1982-ci ildə isə Heydər Əliyevin iştirakı ilə şairin məqbərəsinin açılışı olur. Həmin vaxtdan etibarən Molla Pənah Vaqifin məqbərəsi insanların ziyarət yeri olmaqla bərabər, həm də bir sıra dövlət səviyyəli tədbirlərin keçirildiyi məkana çevrilir. Lakin 1992-ci il may ayının 8-də Şuşa şəhərinin ermənilər tərəfindən işğalı nəticəsində Şuşada olan tarixi-mədəni abidələrlə yanaşı, Vaqifin məqbərəsi də erməni terrorunun qurbanı olur. 2020-ci il noyabr ayının 8-də Azərbaycan Ordusunun şücaəti sayəsində Şuşa işğaldan azad edildi. Azad Şuşanın bərpasında ilk tikilib, yenidən qurulan abidələrdən biri də Vaqifin məqbərəsi oldu. Bu gün azad Şuşada Molla Pənah Vaqifin məqbərəsi önündə yenə də mədəni tədbirlər keçirilir.

Ramidə YAQUBQIZI,

"Respublika".