Milli kinolarımız həm də təbliğat vasitəsidir
Mədəniyyət

Milli kinolarımız həm də təbliğat vasitəsidir

Avqust ayının 2-si Azərbaycanda Milli Kino Günüdür. Ulu Öndər Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə həmin gün kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.

Azərbaycan kinosu öz fərqliliyi və milliliyi ilə hər zaman seçilib. Milli dəyərlərimiz, adət-ənənələrimiz kinolarımızda qorunub saxlanılıb. Müstəqil olmadığımız dövrlərdə belə, xalqımızın qan yaddaşını, kimliyini özündə ehtiva edən məqamlar çox ustalıqla canlandırılıb. Azərbaycan milli kinoları, eyni zamanda maarifləndirici rol oynayıb. Həmçinin, bədii təxəyyül və rejissor məharəti ilə xalqın qəhrəmanlığı, milli, mənəvi ruhu tətbiq edilib.

Bəzən hansısa bir filmlə ağlayıb, gülmüşük. Özümüzü baş qəhrəmanların yerində görüb, onlara bənzəməyə çalışmışıq. Bəzən də baxdığımız filmin təsirindən günlərlə çıxa bilməmişik. Elə personajlar, obrazlar olub ki, onlar cəmiyyətin güzgüsü rolunda çıxış edib və yaxud da ekranda gördüyümüz qəhrəman cəmiyyət arasında olan əyər-əskiklikləri, çatışmazlıqları nümayiş etdirib. Hətta, bir çox aktyorları kinodakı obrazları ilə tanımışıq. Kino böyük təsir gücünə malikdir. Filmlərimizin dil şirinliyi, doğmalığı, məkan, məqam gözəlliyi heç vaxt unudulmur. Bəzən bir filmdən hansısa deyim dillər əzbəri olur.

Azərbaycan kinosunun tarixi 1888-ci il avqust ayının 2-nə təsadüf edir. İlk film fotoqraf və nasir Aleksandr Mişon tərəfindən lentə alınıb. 1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətlər tərəfindən Bakı və Tiflis şəhərində prokat kontorları yaradılıb. Həmin il adıçəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə İbrahim bəy Musabəyovun "Neft və milyonlar səltənətində" romanı əsasında eyniadlı ilk Azərbaycan bədii filminin çəkilişlərinə başlayır. Filmi çəkmək üçün Boris Svetlov adlı rejissor Peterburqdan dəvət olunur. Təbiət mənzərələri Bakı və ətraf kəndlərdə, pavilyon səhnələri isə Tiflisdə çəkilir. Lütfəli bəy rolunu canlandırmaq Hüseyn Ərəblinskiyə həvalə edilir. Melodram janrında çəkilən filmdə baş verən hadisələr dövrün həyat həqiqətlərini əks etdirirdi. Bu filmlə Azərbaycan kino tarixində bədii film çəkilişinin əsası qoyulur.

İlk səsli film 1935-ci ildə çəkilən "Mavi dənizin sahilində" bədii film olub. Bundan sonra, səsli filmlərin çəkilişində yeni imkanlar yaranıb. Məsələn, 1936-cı ildə yazıçı Y.V.Çəmənzəminlinin rus dilindən tərcümə etdiyi "Çapayev" filmi Azərbaycan dilində səsləndirilib. Bu isə kino sənətimizdə ilk dublyaj filmi olub.

İlk Azərbaycan kinokomediyası Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettası əsasında 1918-ci ildə Bakıda çəkilib. Ardınca 1919-cu ildə Azərbaycan dövlət müstəqilliyinin ildönümünü əks etdirən "Təntənə" adlı tammetrajlı film nümayiş etdirilib.

Böyük Vətən müharibəsi illərində keçmiş Sovet İttifaqında 3,5 milyon metr kinoplyonka çəkilib, 34 tammetrajlı, 67 qısametrajlı film, 24 cəbhə buraxılışı, "Söyuzkinojurnal" və "Novosti dnya" kinojurnallarının 465-dən artıq nömrəsi istehsal olunub. Çəkilən film və kinoxronikaların hər birində Azərbaycan kinematoqrafçılarının böyük əməyi olub.

Azərbaycan istehsalı olan filmlər bir çox ölkələrdə sevilərək nümayiş etdirilib. Bu filmlər keçmiş SSRİ-nin tərkibində olan respublikalarla yanaşı, bir çox xarici ölkələrdə də məşhurluq qazanıb. Belə filmlərimizdən biri də 1945-ci ildə ekranlara çıxan "Arşın mal alan" filmidir. Ümumiyyətlə, film Azərbaycan kinosunda musiqili komediya janrının əsasını qoymaqla yanaşı, həm də bu janra marağı xeyli artırdı. Kino tariximizdə əlamətdar hadisəyə çevrilən film, digər ölkələrdə də seyrçi məhəbbəti qazandı. Onu da qeyd edək ki, "Arşın mal alan" filmi Stalinin ən sevimli operettalarından olub. Film ilk nümayişindən sonra iki il ərzində respublikaya 5 milyard rubl qazanc gətirmişdir. 86 dilə tərcümə edilən film indiyədək dünyanın 140-a yaxın ölkəsində nümayiş etdirilib. Azərbaycan kinosunun daha bir yeniliyi isə 1956-cı ildə olub. İlk dəfə rəngli film çəkmək imkanı əldə olunub. Bu ekran əsəri isə, "O olmasın, bu olsun" filmi idi.

Beləcə, Azərbaycan kinosu öz inkişaf və intibah dövrünə qədəm qoyaraq daha uğurlu, keyfiyyətli ekran əsərləri araya-ərsəyə gətirib. 1970-1980-ci illərdə daha böyük uğurlara imza atıb. Belə ki, həmin ərəfədə böyük və fundamental əsərlər ekranlaşdırılmaqla yanaşı, eyni zamanda ölkəmizdə güclü rejissor truppası, aktyor heyəti formalaşmışdır. O illərin məhsulu olan, "Uzaq sahillərdə", "Yeddi oğul istərəm", "Axırıncı aşırım", "Nəsimi", "Dədə Qorqud", "Babək", "Dəli Kür" və digər fundamental ekran əsərləri yaradılıb. Bu filmlər xarakter, kolorit və obraz baxımından milli-mənəvi dəyərlərimizi təbliğ edib, azərbaycançılıq, milli kimlik və adət-ənənələrin nümayişini həyata keçirib. Azərbaycan kinosunun süjet xətti təkcə qəhrəmanlıqdan ibarət olmayıb. Kinematoqrafçılarımızın çəkdikləri filmlər öz janr müxtəlifliyi, musiqili komediya, dedektiv, macəra, psixoloji, qrotesk, sosial pamflet, nağıl və digər janrlarda da özünü mükəmməl şəkildə göstərib.

Azərbaycan milli kinosuna müstəqillik illərində ümummilli lider Heydər Əliyev tərəfindən böyük dövlət qayğısı göstərilmişdir. 1993-cü ildə ulu öndərin qayğısı sayəsində milli kinomuz yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. 1998-ci il avqustun 19-da qəbul edilmiş "Kinematoqrafiya haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müasir müstəqil respublikada dövlət kinematoqrafiyasının hüququ bazası formalaşdırıldı. Eyni zamanda, 1996-cı ildə Azərbaycan Dövlət Film Fondunun yaradılması filmlərimizin qorunmasını təmin etdi.

Hər il 2 Avqust Azərbaycanda Kino Günü kimi qeyd edilir. Bu isə təkcə kino işçilərinin deyil, həm də kinosevər Azərbaycan tamaşaçısının bayramıdır. 2000-ci il dekabrın 18-də ulu öndər Heydər Əliyevin imzaladığı Sərəncam Azərbaycan kino tarixində əlamətdar gündür. Bu gün də kinomuza dövlət qayğısı göstərilir, milli kino sənətinin inkişafı üçün mühüm işlər həyata keçirilir. Dövlət başçısı İlham Əliyevin "Azərbaycan kino sənətinin inkişaf etdirilməsi haqqında" 2007-ci il 23 fevral və "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı" nın təsdiq edilməsi haqqında 2008-ci il 4 avqust tarixli sərəncamları böyük əhəmiyyət kəsb edir. Dövlət qayğısının nəticəsidir ki, son illər filmlərimiz 50-dən çox beynəlxalq festivalda iştirak edib. Bu gün də Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında işlər davam etdirilir.

Ramidə YAQUBQIZI,

"Respublika".