Azərbaycan kinosunun unudulmaz aktyoru
Mədəniyyət

Azərbaycan kinosunun unudulmaz aktyoru

Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti Siyavuş Aslan 5 sentyabr 1935-ci ildə Bakının Saray kəndində anadan olub. Aktyorluq sənətinə ilk addımlarını dram dərnəyində başlayan Siyavuş 1963-1969-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda musiqili komediya aktyorluğu ixtisası üzrə ali təhsil alaraq özünü daha da inkişaf etdirib. Aktyor olmazdan öncə isə 1957-ci ildə Azərbaycan Dövlət Estrada Birliyində, 1958-ci ildə Quba Dövlət Dram Teatrında, 1959-1984-cü illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb.

Bütün ömrünü incəsənətə həsr edən aktyor bir çox rollara həyat verib. Siyavuş yaddaşlarda bir çox rolları ilə qalıb. Həm güldürüb, həm də düşündürüb. Bütün rolları məharətlə canlandırıb, insanları özünə heyran edib. Təkcə teatr yox, həm də kino tarixinə öz adını qızıl hərflərlə yazdıran Siyavuş saysız-hesabsız rollar yaratmışdı. Xalq artistinin məharətlə oynadığı rollar bu gün gənc aktyor və aktrisaların peşə sahəsində getdiyi yollara işıq salır.

Onunla eyni səhnəni paylaşan, dəfələrlə ortaq ekran işində rol alan Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Yaşar Nuri kimi sənətkarların yerini heç kim tuta bilməz. Onların birgə ərsəyə gətirdiyi işlər sözün əsl mənasında şah əsərdir.

Əvəzolunmaz sənətkarın təkrarolunmaz fərdi ifadə üslubu və manerasında teatr mədəniyyətimizin yumor ənənələri bütün yaradıcılığı boyu bədii-estetik prinsiplərə uyğun, novatorcasına davam etdirməsi Siyavuşa uğur qazandırıb. Onunla birgə oynayan insanlar bildirir ki, Siyavuş Aslan rola girən zaman çox improvizələr edir, mətnə əlavə dialoqlar salırmış. Rolları özününküləşdirən Xalq artistinin oynadığı "Hicran" tamaşasını nümunə kimi göstərmək olar. İlkin versiyaya baxan zaman tamaşaçı heç nə anlamır. Rollar tam təbii formada oynanılıb, ssenari məharətlə yazılıb. Lakin rejissor və oradakı digər insanlar etiraf edib ki, buradakı bir çox cümlə və səhnə aktyorların sonradan öz inisiativləri ilə əlavə edilib. Əlbəttə, bu kimi improvizələr, mətnə əlavə edilən dialoqlar əsl ustalıq işidir. Bu aktyorun necə dərin təfəkkürə malik olduğunun sübutudur. Məsələn, Dadaşbalanın (Siyavuş Aslan) ayrıldığı həyat yoldaşı ilə (Nəsibə Zeynalova) söhbətindən epizodu misal gətirmək olar. Belə ki, qadına mühüm söz demək istəyən kişi həm dilindəki qüsura, həm də yoldaşının çox danışmağına, dil-boğaza qoymamağına görə sözünü deyə bilmir. Nə qədər çalışsa da, alınmır ki, alınmır. Elə buna görə də, sözü ağzında yarımçıq qalır. Axırda bezən kişi ağlaya-ağlaya deyir: "Mənə yazığın gəlmir gəlmir, heç olmasa, tamaşaçılara yazığın gəlsin. Axı, onlar da bilmək istəyir nə demək istədiyimi".

Məlum məsələdir ki, heç bir ssenarist və ya rejissor mətnə belə bir söz salmaz, bu, Siyavuş Aslanın məharətlə tamaşaçını həm çaşdırıb, həm də güldürmək üçün etdiyi öz əlavəsidir. Maraqlısı da odur ki, bu əlavə Nəsibə xanımı çaşdırmır, peşəkar aktrisa elə belə də olmalıymış kimi rolunu ən yüksək şəkildə davam etdirir.

Xalq artistinin aktyorluq sahəsində oynaya bilməyəcəyi rol olmayıb. Yaratdığı obrazlarla həm tamaşaçını güldürən, həm düşündürən, həm də cəmiyyətdə yer alan problemlərə dərindən toxunan aktyor onlarla tamaşada iştirak edib. "Hamlet", "Böyük Romul", "Ax, Paris, Paris", "Mənim sevimli dəlim", "Bizim qəribə taleyimiz" tamaşalarında, "Ulduz", "Bəyin oğurlanması", "Yol əhvalatı" filmlərində, "Yaşıl eynəkli adam", "Hicran", "Poçt şöbəsində xəyal", "Varlı qadın", "Sevgililərin cəhənnəmdə vüsalı", "Qaynana əməliyyatı" və digər teletamaşalarda yaratdığı bir-birindən yaddaqalan obrazlarla böyük tamaşaçı sevgisi qazanıb.

Siyavuş Aslanın böyük sənəti dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib. O, bir çox mükafat və fəxri adlar alıb, "Şərəf", "Şöhrət" ordenlərinə və "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"na layiq görülüb.

Unudulmaz sənətkarımız Siyavuş Aslan 2013-cü ilin iyunun 27-də dünyasını dəyişib. Yaratdığı parlaq obrazlar qalereyası ilə sənətsevərlərin qəlbində, o cümlədən teatrımızın, kinomuzun tarixində əbədi olaraq qalacaq.

Töhfə SƏMƏDOVA,

"Respublika".