İşğal dövründə dağıdılan Qarabağ abidələri
Mədəniyyət

İşğal dövründə dağıdılan Qarabağ abidələri

Ermənistan 30 illik dönəmdə təkcə torpaqlarımızı işğal etmədi,  həm də milli-mədəni sərvətlərimizi də məhv etməyə,  yer üzündən silməyə çalışdı. Onlar çox yaxşı bilirdilər ki, bölgədə olan tarixi abidələr Qarabağın Azərbaycan tarixinə bəxş etdiyi ən qiymətli sərvətdir. Mənfur düşmən ilk növbədə, bu abidələri məhv etməklə işğal etdikləri ərazilərdən Azərbaycanın izlərini itirmək məqsədi güdürdü.

Azərbaycan qədim sivilizasiyaların yarandığı məkanlardan biridir. Əlbəttə ki, ölkəmizdə qədimliyi özündə yaşadan çoxlu sayda tarixi-memarlıq abidələri mövcuddur. Bu günümüzə kimi gəlib çatan abidələr dünya mədəni irs siyahısına düşməklə Azərbaycanın qədim dövlət olduğunu bir daha  sübut edir. Bu abidələr forma və quruluşuna görə xalqımıza xas xüsusiyyətləri yaşadır, bölgənin adət-ənənəsini, mədəni-sosial həyatını özündə ehtiva edir. Milli-mədəni abidələrimizdə özünün tarixini yaşadan bölgələrimizdən biri də Qarabağdır. Azərbaycan mədəniyyətinin ən mühüm qollarından birini təşkil edən Qarabağ abidələri bütün dövrlərdə istər yaxın, istərsə də uzaq yadellilərin diqqət mərkəzində olmuşdur.

Ermənistan torpaqlarımızı işğal edərkən ilk növbədə bölgənin mədəni tarixinə qarşı soyqırımı törətdi. Bic xislətə malik ermənilər fikirləşirdilər ki, bu yerlərdə Azərbaycan izlərini itirmək və işğal etdikləri əraziləri öz adlarına çıxmaq üçün ilk olaraq tarixi, mədəni abidələri məhv etmək lazımdır. O səbəbdən də burada yerləşən bütün abidələrə qarşı xüsusi amansızlıqla davranmışlar. Hələ Birinci Qarabağ müharibəsinə kimi bölgədə 706 tarixi və mədəniyyət abidəsi olub. Bu abidələrdən 11-i beynəlxalq, 240-ı dövlət, 455-i  yerli əhəmiyyət daşıyıb. Digər tərəfdən, Qarabağın, həmçinin Ermənistanla sərhəd olan Qazaxın 7 kəndinin və Naxçıvanın Kərki kəndinin işğal olunması nəticəsində 100 mindən çox artefaktın saxlanıldığı 22 muzey, 4,6 milyon kitabdan ibarət 927 kitabxana, 85 musiqi məktəbi, 4 teatr, 2 konsert zalı, 4 incəsənət qalereyası və 808 istirahət məkanı məhv edilib. İkinci Qarabağ müharibəsi zamanı isə işğaldan azad olunmuş ərazilərdə 400-ə yaxın abidə dağıdılıb.

Təkcə Ağdam rayonunda dağıdılmış abidələrin tarixinə nəzər salanda görürük ki, bu yerlərdə məskunlaşma 8-10 min il əvvələ gedib çıxır. Ağdam şəhərində olan dünya əhəmiyyətli e.ə. II minilliyin sonlarına və Orta Tunc dövrünə aid tarixi-memarlıq abidəsi - Üzərliktəpə ermənilər tərəfindən yandırılaraq məhv edilib. Kəngərlidəki XIV əsrə aid daş abidələr, Xan qızı Natəvanın və oğlunun şərəfinə tikilmiş türbə, Şahbulaq qalası, Paprəvəd kəndində yerləşən Xanoğlu türbəsi, məscid və digər tarixi-memarlıq abidələri də işğal dövründə ermənilər tərəfindən məhv edilib. Memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən 1868-1870-ci illərdə tikilmiş Ağdam Cümə məscidi də 1993-cü ildə ermənilərin rayonu işğalı zamanı darmadağın olub. 

Ermənilərin vəhşi əməllərinə məruz qalan başqa bir ərazimiz isə Şuşa şəhəridir. Bu şəhərdə də xeyli sayda tarixi və mədəni abidələrimiz yer üzündən silinmişdir. Belə binalardan Şuşa şəhərinin tarixi muzeyi, Üzeyir Hacıbəyov, Bülbül, Mir Möhsün Nəvvabın xatirə muzeyləri, Azərbaycan Xalça Muzeyinin Şuşa filialı, Rəsm Qalereyası və digər tarixi binalar dağıdılıb. İşğal dövründə ermənilər həmçinin, 550 qədim yaşayış binasını sökərək şəhərin ümumi görünüşünə xeyli ziyan vurmuşlar. Məhv edilən 210 tarix və mədəniyyət abidəsi Azərbaycanın dövlət qeydiyyatında olan abidələrdir. Ermənilərin vandal əməllərindən tanınmaz hala düşən abidələrdən biri də Molla Pənah Vaqifin məqbərəsi idi. Məqbərənin yalnız uçuq sütunları qalmışdı. Şuşa işğaldan azad olunan kimi dövlət başçısının Şuşanın bərpası ilə bağlı verdiyi ilk tapşırıqlardan biri də Vaqifin məqbərəsinin bərpası oldu. Tez bir zamanda təmir-bərpa işləri nəticəsində əvvəlki vəziyyətinə qaytarılan  məqbərə görünüşü ilə şəhərə ayrı bir gözəllik verir. Ənənəvi Vaqif Poeziya Günləri də artıq hər il məqbərənin önündə keçirilir.

Dünya üzrə ən maraqlı muzeylər siyahısına düşən Şuşa Dərman Bitkiləri Muzeyi də vəhşi qəbilənin hücumuna məruz qalaraq dağılıb. Bu siyahını saymaqla qurtarmır. Özü böyük bir muzey olan Qarabağda ermənilər tərəfindən dağıdılan, məhv edilən tarixi-memarlıq abidələri yüzlərlədir. Bu da ermənilərin nə qədər vəhşi, vandal bir toplum olduğunun sübutudur.

Ramidə YAQUBQIZI,

"Respublika".