Qürurla anırıq: SEYMUR MƏMMƏDOV
Digər xəbərlər

Qürurla anırıq: SEYMUR MƏMMƏDOV

Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etməkdən çəkinməyən minlərlə Vətən övladı silaha sarılaraq təcavüzkar orduya qarşı vuruşaraq şəhidlik zirvəsinə yüksəliblər. Respublikamızın bütün bölgələrindən fədakar və vətənpərvər eloğulları Ana Vətənimizin və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda qorxu nədir bilmədən özlərini odun-alovun içinə ataraq qəhrəmanlıq göstərmişlər. Belə ki, qəlbimizdə kök salmış, yaddaşlarımızda iz qoymuş layiqli Vətən oğullarından biri də 18 sentyabr 1971-ci ildə Füzuli şəhərində dünyaya göz açmış Seymur Qəhrəman oğlu Məmmədovdur. Qeyd edək ki, Füzuli rayonundan Birinci Qarabağ müharibəsi zamanı 6 Azərbaycanın Milli Qəhrəmanı, 44 günlük Vətən müharibəsi zamanı göstərdikləri şücaətə görə 3 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüşdür.

Seymur 1978-ci ildə buradakı 2 saylı orta məktəbə getmiş, 1988-ci ildə məktəbi bitirmişdir. Elə həmin il Azərbaycan Politexnik İnstitutunun elektrotexnika fakültəsinə daxil olmuşdur. O, təhsil almaqla yanaşı, Füzuli şəhər rabitə şöbəsində işləyirdi. 1991-ci ildə hərbi xidmətə göndərilmişdir. O, Vladimir vilayətinin Kovrov şəhərində artilleriya üzrə 6 aylıq kurs keçir, sonra Almaniyaya göndərilir. Bir müddətdən sonra isə Ukrayna Respublikasının Çerniqov şəhərində xidmətini davam etdirir. Hərbi xidmətdən qayıtdığı gündən könüllü olaraq "N" saylı özünümüdafiə batalyonuna yazılır. Bu ərəfədə bir neçə kəndimiz ermənilər tərəfindən işğal edilmişdi. O, çox gənc olmasına baxmayaraq, həmişə qaynar nöqtələrdə olur, ən çətin əməliyyatlarda iştirak edirdi. Seymur onlarla azərbaycanlı əsirin azad edilməsində, 11 nəfər əsgərin mühasirədən çıxarılmasında və bir neçə kəndin erməni işğalçılarından təmizlənməsində əsl igidlik göstərmişdir.

1 aprel 1992-ci il... Seymurun son döyüşü... Xocavənd rayonunun Məlikcan kəndi uğrunda gedən döyüşdə hər birində 10 nəfərə yaxın erməni yaraqlısı olan 15 post darmadağın edildi. Bu qeyri-bərabər döyüşdə düşmən snayperinin gülləsi onun ömrünü qırdı. Azərbaycan Respublikası Prezidentinin 11 avqust 1992-ci il tarixli Fərmanı ilə Məmmədov Seymur Qəhrəman oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. Oxuduğu məktəb onun adını daşıyır. 2019-cu ildə "Salnaməfilm" studiyasında haqqında "Qartal yuvası" sənədli filmi çəkilmişdir. Filmin rejissoru Çingiz Həsənovdur.

Xocavənd rayonunun Bulutan kənd inzibati ərazi dairəsinə daxil olan Məlikcan kəndi 2 oktyabr 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Məlikcanlı kəndi 14 oktyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

Azərbaycan torpaqlarının bütövlüyü uğrunda şəhid olan hər bir Vətən övladının xatirəsi hər zaman bizim üçün əzizdir. Bu insanlar unudulmazdır, onların adları əbədi olaraq Vətən tarixinə yazılıb. Onun həyat yolu hər bir gənc üçün örnəkdir və onun xatirəsi həmişə xalqımızın qəlbində əbədi yaşayacaqdır. Azərbaycan xalqı Seymur Məmmədov qəhrəmanlığını, döyüşdə göstərdiyi şücaəti heç zaman unutmayacaqdır. Vətənimizin bütövlüyü uğrunda mübarizədə şəhidlik zirvəsinə yüksəlmiş Seymur qısa, lakin çox dəyərli ömür yaşamışdır.

Bu gün Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində azad edilən torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır. İllərlə həsrətində yaşadığımız, Seymur Məmmədov həlak olduğu torpaq öz sahibinə qovuşub. Vaxtilə baş vermiş faciələrdə tökülən qanlar əbəs yerə axmayıb. Artıq Azərbaycan bütövdür.

M.MİRZƏ,

"Respublika".