Qondarma rejim sadə ermənilərin beyinlərini zəhərləyirdi
Gündəm

Qondarma rejim sadə ermənilərin beyinlərini zəhərləyirdi

"Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb. O şansı əldən verməsinlər. Biz buna hazırıq və Azərbaycan xalqı bilir, əminəm, erməni xalqı da bilir ki, mənim sözüm sözdür". Bu sözləri Prezident İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində söyləyib. İkinci Qarabağ müharibəsindən sonra ölkəmiz dəfələrlə Qarabağda yaşayan erməni əhalisinə Azərbaycana reinteqrasiya olmaları üçün imkan yaradıb. Hətta onların işini daha da asanlaşdırmaq üçün qaynar xətt yaradılıb. Artıq həmin xəttə gün ərzində yüzlərlə müraciət daxil olur. Qarabağ ərazisindəki erməni sakinlərin əksəriyyəti Azərbaycan vətəndaşı olmaq arzusunda olduğunu bildirirlər.

Bu barədə deputat Azər Badamov bildirir ki, Azərbaycan özünün suverən ərazisi olan Qarabağ torpağında erməni separatizminin kökünü kəsməklə bu ərazilərdə yaşayan erməni sakinləri üçün yeni bir tarixi şans yaratmış oldu: "Çünki Ermənistan torpaqlarımızı işğal etdiyi dövrdə Qarabağda yaşayan ermənilər dünyada heç kimin tanımadığı qondarma qurumun qondarma vətəndaşları idi. Bu ərazilər "boz zona" olduğundan orada yaşayan sadə ermənilər də cinayətkar rejimin qurbanına çevrilmişdilər. Azərbaycan vətəndaşları hüquqları təmin olunaraq azad yaşadıqları halda ərazilərimizin bir hissəsində yaşayan erməni əsilli sakinlər dünyadan təcrid olunmuşdu. Bu illər ərzində Ermənistanın və separatçıların mütəmadi törətdikləri təxribatlara cavabımız o ərazilərdə yaşayan sadə erməniləri də səksəkədə saxlayırdı. Həm də işğal altında saxladıqları ərazilər "boz zona" olduğundan cinayətkar saxta rejim orada yaşayan sadə erməniləri istismar edərək özləri varlanırdı. Sadə ermənilərin heç bir hüquqları təmin olunmur, özləri isə kef edirdilər. Ona görə də qondarma qurumun rəhbərləri və cinayət qruplaşmalar Qarabağın Azərbaycan dövlətinin nəzarəti altına qayıtmasına qarşı idilər".

 Millət vəkili həmçinin qeyd edib ki, 19-20 sentyabr tarixlərində Qarabağda aparılmış lokal xarakterli antiterror tədbirlərlə ordumuz bu ərazilərdə yaşayan erməniləri də cinayətkarların girovluğundan azad etmiş oldu: "Qarabağdakı qondarma rejim sadə ermənilərin beyinlərini yuyaraq zəhərləyib. Bu gün Azərbaycan Qarabağda dövlət quruluşunu bərpa etməklə sadə ermənilərə bütün vətəndaşlar kimi hüquqları təmin olunmuş cəmiyyətdə yaşamaq şansını vermiş oldu. Antiterror tədbirlərin lokal xarakter alması və mülki insanlara qarşı olmaması, tədbirlərin dayandırılmasından sonra köməyə ehtiyacı olan insanlara yardımların göstərilməsi azərbaycanlıların saf niyyətini bir daha nümayiş etdirir. Azərbaycanlılar ermənilər kimi heç vaxt soyqırımları törətmir. Çünki bizim əxlaqımız, mədəniyyətimiz, dinimiz, milli kimliyimiz buna imkan vermir. Azərbaycan çoxmillətli tolerant ölkədir. Azərbaycanda ayrı-seçkilik və diskriminasiya heç vaxt olmayıb və olmayacaq. Bütün vətəndaşların hüquqları dövlət tərəfindən qorunur və hamı azad, demokratik cəmiyyətdə yaşayır. Yaxın günlərdə Xankəndidə də dövlət quruluşumuz bərpa olunacaq. Sadə erməniləri heç bir təhlükə gözləmir. Hətta onlar çox gözəl həyat şəraiti ilə təmin olunacaqlar.

Bu ərazilər uzun illər ölkədə həyata keçirilən sosial-iqtisadi inkişafdan kənar qalmışdır. Dövlətimiz bütün regionlarda olduğu kimi, erməni separatizmdən təmizlənmiş əraziləri də dirçəldəcək. Bununla yanaşı, Qarabağdakı ermənilərə yaşayış yerinin seçilməsi imkanı da təqdim olunur. Həmçinin Laçın yolu Ermənistana köçmək istəyən ermənilər üçün açıq saxlanılır. Kim dövlətimizin qanunlarını qəbul etmək istəmirsə, heç bir maneə olmadan istədiyi ölkəyə gedə bilər. Bununla yanaşı, vətəndaşlığımızı qəbul edib bizimlə yaşamaq qərarını verənlər, bütün vətəndaşlarımız aid olan hüquq və şəraitlə təmin olunacaqlar. Azərbaycanın təklifləri Qarabağdakı ermənilər üçün bir tarixi şansdır. Kimlər istifadə edəcəklərsə, öz evlərində xoşbəxt həyatlarını yaşaya biləcəklər. Kimlər bu şansdan istifadə etməzlərsə, dövlətimiz onların yolunu heç vaxt bağlamayacaq".

Röya RÜSTƏMLİ,

"Respublika".