Qloballaşan dünyanın çoxşaxəli nəqliyyat-logistika mərkəzi
İqtisadiyyat

Qloballaşan dünyanın çoxşaxəli nəqliyyat-logistika mərkəzi

Yeni geoiqtisadi çağırışlar fonunda Azərbaycanın bu sahədə strateji əhəmiyyəti artır

"Bu gün Azərbaycan dünya miqyasında nəqliyyat mərkəzi kimi qəbul edilir. Bizə həm Qərbdən, həm Şərqdən, həm Şimaldan, həm Cənubdan müraciətlər daxil olur". Bu fikirləri Prezident İlham Əliyev bu il fevral ayının 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində bildirib.

Açıq dənizlərə çıxışı olmayan bir ölkənin beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilməsi yalnız düşünülmüş siyasətin nəticəsidir.

Son illərdə nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyan Azərbaycan Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilir. Avropa və Asiya arasında yerləşməsi və inkişaf etmiş infrastruktura malik olması yeni iqtisadi imkanlar yaradır və ölkənin beynəlxalq yükdaşımalar üzrə potensialından daha səmərəli istifadə edilməsini təmin edir. Bu gün Çin-Qazaxıstan-Xəzər-Gürcüstan-Türkiyə dəhlizi ilə yanaşı, ölkəmiz Əfqanıstan-Türkmənistan-Azərbaycan-Avropa dəmir yolu xətlərinin də mühüm həlqəsi kimi çıxış edir. Hazırda Rusiyadan Türkiyəyə daşınan yüklərin əsas tranzit ölkəsi də Azərbaycandır. Özbəkistan və Tacikistan da Azərbaycanın nəqliyyat infrastrukturundan istifadə etməyə maraq göstərir.

Ötən il Macarıstanda rəsmi səfərdə olan Prezident İlham Əliyev Budapeştdə mətbuat qarşısında çıxışı zamanı qeyd etmişdir ki, Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkə olsa da, Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilə bilər. Nəqliyyat sahəsində əməkdaşlığa dair çox böyük planlar mövcuddur. Dəmir yolları vasitəsilə artıq Macarıstandan Azərbaycana, Azərbaycandan Macarıstana yüklərin ötürülməsinə başlanılıb. Bu layihənin də böyük potensialı var. Çünki Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan ərazisindən keçən yüklərin həcmi kəskin artmışdır. Buna görə də limanların, terminalların və dəmir yollarının yükaşırma, yük qəbuletmə və yükötürmə imkanları artırılır. Belə ki, 2023-cü ildə Azərbaycan dəmir yolları ilə 18 milyon tondan çox ümumi yük, 7 milyon tona yaxın tranzit yük daşınıb. Şimal-Cənub dəhlizi üzrə Astara terminalının tikintisi yekunlaşıb. Ötən il bu terminalda 700 min tondan çox yük aşırılıb. Tranzit imkanlarının genişlənməsi ölkənin gəlirlərini də artırır. Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş "2022-2026-cı illər ölkənin sosial-iqtisadi inkişaf strategiyası"na görə tranzit imkanlar artırılaraq əldə edilməsi nəzərdə tutulan gəlir həcmi qarşıdakı 5 il ərzində 450 milyon manata çatdırılacaq.

Müasir şəraitdə ölkələr arasında əlaqələrin məzmunu yeni keyfiyyət dəyişikliklərinə məruz qalsa da, regional nəqliyyat dəhlizləri ümumdünya kommunikasiya sistemində çəkisini və mövqeyini qoruyub saxlayır. Xüsusən, qloballaşan dünyamızın yeni geoiqtisadi çağırışları kontekstində Azərbaycanın bu sahədə rolu artaraq strateji əhəmiyyət kəsb edir. Əlverişli coğrafi mövqeyi, həyata keçirilən irimiqyaslı layihələr ölkəmizin tranzit və yükdaşıma potensialından daha səmərəli istifadə etməklə, bu sahədən əldə edilən gəlirlərin həcminin artmasına geniş imkan yaradır. Azərbaycanın nəqliyyat infrastrukturunda mühüm yer tutan Ələt Beynəlxalq Dəniz Ticarət Limanı tam istifadəyə veriləndən sonra bu logistik mərkəz regionun avtomobil, dəmir və dəniz yollarının kəsişmə nöqtəsinə çevriləcək. Azərbaycan qapalı göl hövzəsi olan Xəzərin də nəqliyyat imkanlarından maksimum istifadədə maraqlıdır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı məhz bu yanaşmanın məhsuludur. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovuşuğunda yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici rola malikdir. Bu limanın inşası üçün ərazi təsadüfən seçilməyib. Belə ki, Ələt qəsəbəsi respublikanın ərazisindən keçən avtomobil və dəmir yollarının kəsişməsində yerləşir ki, buraya su yollarının da əlavə olunmasından sonra ərazinin geniş potensial ixrac imkanlarına malik beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün zəmin yaranıb. Ölkənin müxtəlif bölgələrində yeni beynəlxalq aeroportların istifadəyə verilməsi, yeni yolların salınması, regional layihələrin icrasında aparıcı rol oynaması Azərbaycanın məqsədyönlü siyasətinin tərkib hissəsi kimi həm daxili nəqliyyat infrastrukturunun inkişafına töhfə verir, həm də respublikamızı Avrasiyanın nəqliyyat qovşağına çevirir.

Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra regionda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaranıb. Zəngəzur dəhlizinin açılması region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaq. Regionların sosial-iqtisadi inkişafına yönəldilmiş birinci Dövlət Proqramına start veriləndən bəri Azərbaycanda 19 min kilometr uzunluğunda avtomobil yolu tikilib və ya əsaslı təmir edilib. 1400 kilometr dəmir yolunun çəkilişi, yaxud təmiri də son iki onillikdə həyata keçirilib. Füzuli Beynəlxalq Hava Limanından sonra Zəngilanda da aeroportun qısa müddətdə inşası işğaldan azad olunmuş ərazilərdə bərpa prosesinin sürətlə getdiyini təsdiqləyir. Üçüncü hava limanının Laçında tikintisi davam edir. Hava limanlarının inşası bu ərazilərdə nəqliyyat infrastrukturunun kompleks həllinin tərkib hissəsidir. Füzuli və Zəngilan hava limanları beynəlxalq statuslu hava limanlarıdır və burada həm sərnişindaşıma, həm də yükdaşımaların həyata keçirilməsi gələcəkdə bölgənin iqtisadi baxımdan dirçəlməsi üçün geniş imkanlar açır. Belə ki, hava limanları iqtisadi baxımdan vacibdir. Qarabağın və Şərqi Zəngəzurun böyük iqtisadi potensialının reallaşması, burada istehsal olunacaq məhsulların daxili bazara çatdırılması, həmçinin xaricə ixrac edilməsi baxımından da hava limanlarının əhəmiyyəti böyükdür.

Ümumiyyətlə, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi bu bölgədə yaşayan insanların rifahını təmin edəcək, həmin yerlərin turizm imkanlarını artıracaq və nəticə etibarilə Qarabağ geniş nəqliyyat qovşağına çevriləcək. Dövlət başçısı demişdir: "Azərbaycan 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı bugünkü 7-dən 9-a çatdırılacaq". Hazırda Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Yenidən qurulan və modernləşdirilən Bakı Gəmiqayırma Zavodu bütün növ gəmilər istehsal etmək gücündədir. Ələtdə inşa olunan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, 25 milyon tona qədər artırıla bilər.

Azərbaycan bu gün qlobal nəqliyyat şəbəkəsinin şaxələndirilməsində mühüm rol oynayır. Prezident İlham Əliyevin təşəbbüsü ilə tranzit potensialının gücləndirilməsi sahəsində ölkəmiz üçün imkanlar yaradılıb. Ölkəmizin həm də əsas iştirakçısı olduğu transmilli enerji, nəqliyyat və iqtisadi layihələrin müasir kontekstdə və yeni reallıqlar fonunda təhlili Prezident İlham Əliyevin strateji uzaqgörənliyini bir daha nümayiş etdirir.

Dünyada təhlükəsiz və sürətli yükdaşımalara, yeni logistik marşrutlara böyük tələb yaranıb, ölkələri, regionları bir-birinə bağlayan yeni xətlərə maraq, o cümlədən Şərq-Qərb marşrutu ilə konteyner yükdaşımaların sayında əhəmiyyətli artım müşahidə olunur. Bu marşrutun tərkib hissəsi olan Orta Dəhliz böyük yükdaşıma həcmi və ciddi artım potensialına malik olması ilə daha çox diqqət çəkir.

Orta Dəhlizin əsas nəqliyyat qovşaqlarından olan Azərbaycan üzərindən bu dəhlizlə artıq Çin və Mərkəzi Asiyadan idxal və tranzit konteyner yükdaşımaları uğurla həyata keçirilir. Bu ilin əvvəlindən Orta Dəhlizlə Çindən Azərbaycana və Avropaya konteyner blok qatarların göndərilməsinə başlanılıb. Mart ayında Prezident İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım Jomart-Tokayev Çinin Sian şəhərində istismara verilmiş Qazaxıstana məxsus Nəqliyyat-Logistika Mərkəzindən Abşeron stansiyasına yola salınan konteyner qatarının gəlişini izləyiblər. Onu da qeyd edək ki, yükdaşımaların başladığı ilk vaxtlarda Orta Dəhlizlə ayda 10 konteyner qatar qəbul olunurdusa, növbəti aylarda bu say artırılıb və may ayında 20 qatara çatdırılıb. Bu ilin sonuna qədər Çindən 200-dən artıq blok konteyner qatarın yola salınması planlaşdırılır ki, bu da 10 min TEU (ölçü vahidi, 20 futluq konteyner ekvivalentində) konteyner və ya 150 min tona yaxın yük deməkdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda öz müstəqil siyasətini qoruyan və dünyanın sayılıb-seçilən ölkələri sırasındadır. Azərbaycan coğrafi olaraq qərblə şərqin, şimal ilə cənubun inteqrasiya etdiyi beynəlxalq nəqliyyat-tranzit yollarının kəsişməsində yerləşir. Belə əhəmiyyətli coğrafi mövqe imkan verir ki, tranzit imkanlarından istifadə edərək ölkəmiz dünya iqtisadiyyatında əhəmiyyətli mövqeyə sahib olsun.

Mustafa KAMAL,

"Respublika".