Qlobal Bakı Forumu: Yeni dünya iqtisadiyyatı
İQTİSADİYYAT

Qlobal Bakı Forumu: Yeni dünya iqtisadiyyatı

Noyabrın 4-6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "COVID-19-dan sonrakı dünya" mövzusunda VIII Qlobal Bakı Forumu keçirilir. Hibrid formatda təşkil olunan beynəlxalq tədbirdə dünyanın 40-dan çox ölkəsindən 300-ə yaxın nüfuzlu qonaq iştirak edir. Onların arasında ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, siyasətçilər, politoloqlar, ekspertlər var.

AZƏRTAC xəbər verir ki, Bolqarıstanın sabiq Prezidenti Rosen Plevnelievin moderatorluğu ilə "Yeni dünya iqtisadiyyatı" mövzusunda keçirilən ikinci panel iclasında COVID-19 pandemiyasının dünya iqtisadiyyatına mənfi təsiri və onun fəsadları məsələləri müzakirə olunub.

Rosen Plevneliev vurğulayıb ki, qlobal pandemiyanın təsirlərindən qurtularaq nikbin iqtisadiyyata yaxınlaşmağın vaxtıdır. Uzunmüddətli planların işlənib hazırlanması, təsdiqlənməsi və onların əhalinin maddi rifah halının yaxşılaşdırılmasına sərf edilməsi çox mühüm əhəmiyyət daşıyır. Bu məsələdə Azərbaycan bizim üçün nümunədir. Gəlin, Azərbaycandan öyrənək və iqtisadiyyatımızı dirçəldək.

Rosen Plevneliev forumdakı müzakirələrin qlobal iqtisadi duruma müsbət təsir edəcəyinə ümidvar olduğunu bildirib. İqlim dəyişikliyi problemindən də danışan natiq Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, digər dövlət başçıları ilə qlobal iqlim dəyişikliyinə töhfə verməklə bağlı müəyyən razılığa gəldiyini qeyd edib.

Gələcək üçün tədbirlər görülməsinin vacibliyini diqqətə çatdıran İsrailin sabiq Baş naziri Ehud Barak vaksinasiya prosesinin diqqətdə saxlanmalı olduğunu bildirib. Deyib ki, çünki bu, pandemiyadan çıxış yolu üçün əsas amildir.

Ehud Barak diqqətə çatdırıb ki, əsas diqqət iqlim dəyişikliyi məsələsinə yönəldilməlidir. Külli miqdarda vəsait ayırmaq lazımdır ki, vəziyyət mümkün qədər qaydasına düşsün. Süni zəkanın inkişaf etdirilməsinin məhsuldarlığın artmasına müsbət təsir edəcəyini deyən İsrailin sabiq Baş naziri bildirib ki, məhsuldarlığın artması da inflyasiyanın qarşısının alınmasına müsbət təsir göstərəcək.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov qeyd edib ki, ölkəmiz COVID-19 pandemiyası ilə mübarizədə fəallıq nümayiş etdirib və pandemiya ilə mübarizə üçün dövlət büdcəsindən ümumilikdə 2 milyard vəsait ayrılıb. "Biz pandemiya ilə mübarizədə yolun ortasındayıq. Turizm sektoruna, iqtisadiyyata, bütün sahələrə ciddi ziyan dəyib. Çətin vəziyyətdən çıxış yolunun tapılması və iqtisadiyyatın dirçəldilməsi müdaxiləsiz mümkün deyil", - deyə Prezident Administrasiyasının şöbə müdiri qeyd edib.

Bütün qüvvələrin səfərbər edilməsinin vacibliyini bildirən Şahmar Mövsümov diqqətə çatdırıb ki, Azərbaycan ötən il torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünü bərpa edib. Azərbaycanın artıq Böyük Qayıdış prosesinə başladığını deyən Ş.Mövsümov işğaldan azad edilmiş ərazilərin dirçəldilməsinin ölkə iqtisadiyyatının inkişafına töhfə verəcəyini vurğulayıb.

Azərbaycanda əhalinin 40 faizdən çoxunun artıq vaksinasiya olunduğunu və bu prosesin davam etdiyini bildirən Prezidentin köməkçisi bəzi ölkələrdə bu göstəricinin 10 faiz olduğunu deyib. Bunun da səbəbinin Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, vaksinlərin ölkələr arasında bölüşdürülməsindəki ədalətsizliklə bağlı olduğunu bildirib.

 Monteneqronun sabiq Baş naziri İqor Luksiç müzakirə olunan mövzulara dair fikirlərini bölüşüb, vaksinasiya prosesində ədalətin təmin olunmasının vacibliyini qeyd edib. Həmçinin dünya iqtisadiyyatının postpandemiya dövrünə hazırlanması üçün zəruri tədbirlər görülməsinin əhəmiyyətindən danışıb.

Rumıniyanın sabiq Baş naziri Petre Roman isə qlobal iqtisadiyyatın çox mürəkkəb sistem olduğunu bildirib. Qeyd edib ki, bu sistem həm daxildə, həm də xaricdəki problemləri meydana çıxarır. Böhran vəziyyətində bu, özünü daha qabarıq göstərir. Biz həlledici qüvvələri meydana çıxarmalıyıq. Texnologiyaların davamlı və dayanıqlı olması mühüm şərtdir. Yəni, onların mümkün ola biləcək böhranlara davam gətirə bilməsi öyrənilməlidir.

Yer kürəsinin təhlükəli məkana çevriləcəyindən narahatlığını ifadə edən Petre Roman diqqətə çatdırıb ki, enerji bazarının təkrar layihələndirilməsinə fikir verilməlidir. Mürəkkəb münasibətləri araşdırmaq mütləqdir. Bazarda olan qiymətlər bazar hədəflərinə uyğun gəlmədikdə problemlərin yaranması qaçılmazdır.

İtaliya Prezidentinin sabiq diplomatik müşaviri Antonio Zanardi Landi hazırda hərbi ittifaqların tənəzzül dövründə olduğunu deyib. NATO-nun, sadəcə, hərbi ittifaq deyil, həm də bir dəyər olduğunu diqqətə çatdıran natiq Şanxay Əməkdaşlıq Təşkilatının da öz siyasətinə dəyişikliklər etməli olduğunu qeyd edib.

Ekvadorun sabiq Prezidenti Rosalia Arteaqo Serrano postpandemiya dövründə dünya iqtisadiyyatını bərpa etmək üçün bütün ölkələrin birgə səylərinin vacibliyini diqqətə çatdırıb. O, pandemiyadan ən çox təhsil və səhiyyə sahələrinin ziyan çəkdiyini vurğulayıb. Sabiq dövlət başçısı təhsil və səhiyyə sistemlərinin təkmilləşdirilməsinin vacibliyini qeyd edib.

Panel iclası müzakirələrlə davam edib.

Qeyd edək ki, VIII Qlobal Bakı Forumu öz işini noyabrın 6-da başa çatdıracaq.

AZƏRTAC