Qərbi azərbaycanlıların qayıdışı tarixi ədaləti bərpa edəcək
Digər xəbərlər

Qərbi azərbaycanlıların qayıdışı tarixi ədaləti bərpa edəcək

Son 200 ildə Cənubi Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır zülmlərə, milli faciələrə düçar olub. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalıb. Xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri dağıdılıb viran edilib. Təcavüzkar erməni millətçiləri tərəfindən xalqımıza qarşı iki yüz ilə yaxın bir dövrdə yeridilən soyqırımı siyasətinin məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaq, xarici havadarlarının köməyi ilə həmin yerlərdə Ermənistan dövləti yaratmaq olub. Bu mənfur ideyanı reallaşdırmaq istiqamətində ardıcıl olaraq hərbi, ideoloji və təşkilati xarakterli tədbirlər həyata keçirilib. Azərbaycanlılar tədricən doğma torpaqlarından qovulub, onların ərazilərində başqa ölkələrdən köçürülmüş ermənilər məskunlaşdırılıb.

Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışının təmin olunması ədalətin və onların təməl hüquqlarının bərpası demək olacaq. Artıq qeyd edilən istiqamətdə hərtərəfli işlərə başlanılıb. Azərbaycan Prezidenti İlham Əliyev ötən il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bu məsələ ilə bağlı yol xəritəsini müəyyən etdi. Dövlət başçısının tapşırığına uyğun olaraq hazırlanan Qayıdış Konsepsiyası mükəmməl bir sənəddir. Sənəd hazırlanarkən dünyadakı təcrübəyə, beynəlxalq hüquq normalarına və əlbəttə ki, tarixi sənədlərə, xəritələrə istinad edilib. Məlum görüşdən sonra Qərbi Azərbaycan İcmasında dərhal Qayıdış Konsepsiyasının hazırlanması üzrə işə başlanıldı. Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalandıqdan sonra Qərbi azərbaycanlıların da öz doğma torpaqlarına qayıdışı təmin oluna bilər.

Qərbi Azərbaycana qayıdışı zəruri edən amillərdən biri bu torpaqlarda bir vaxtlar mövcud olan mədəni irsi bərpa etməkdir. Yüz minlərlə soydaşımızın Qərbi Azərbaycana qayıdışı, eyni zamanda milli qürur və ləyaqətimizin müdafiəsi deməkdir.

Millət vəkili Elman NƏsirov bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması postmüharibə dövrünün bir nömrəli məsələsidir və bu istiqamətdə Azərbaycan dövləti, ölkənin ali siyasi rəhbərliyi mühüm təşəbbüslərlə çıxış edib, addımlar atıb:

"Azərbaycan Ermənistana beş baza prinsipindən ibarət sülh təklifi edib. Onlar da prinsip etibarilə bu təklifə razı olduqlarını bildiriblər. Dünənə qədər "Qarabağ Ermənistandır", - deyən Paşinyan bu gün artıq faktiki olaraq "Qarabağ Azərbaycandır" deyir. Sadəcə olaraq, onun dediyi bu sözlərin sənəddə imzası ilə təsdiqi lazımdır və həmin sənəd imzalanacağı təqdirdə isə onun mühüm bəndlərindən biri heç şübhəsiz ki, Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışı məsələsi olacaq. Bu məsələni dəfələrlə Azərbaycan Prezidenti cənab İlham Əliyev danışıqlar prosesində qaldırıb. Bu, bizim hədəfimizdir. Bu, həm də həmin ərazilərdən didərgin düşmüş, deportasiya edilmiş soydaşlarımızın arzusudur və bu arzunun reallaşacağına biz tam əminik. Necə ki, artıq keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərimizə tarixi qayıdışı reallaşmaqdadır, birinci mərhələdə 100 yaşayış məntəqəsinə qayıdış nəzərdə tutulub və bu istiqamətdə bütün mühüm addımlar atılmaqdadır. Eyni məntiqlə də, Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışı reallaşacaq. Bunun üçün müəyyən zaman lazımdır".

Parlamentari qeyd edib ki, sülh müqaviləsinin imzalanması da hüquqi baxımdan əksini tapdıqdan sonra təbii ki, münasibətlərin normallaşması prosesinin müəyyən zaman kəsiyində, iki dövlət və xalq arasında tam etimad mühitinin formalaşdığı çərçivədə Qərbi azərbaycanlıların qayıdışı da baş tutacaq.

"Yeri gəlmişkən, qeyd edək ki, soydaşlarımızın yaşadığı Qərbi Azərbaycan ərazilərində hazırda ermənilərin məskunlaşma səviyyəsi olduqca aşağıdır. Demək olar ki, o ərazilərdə ermənilər məskunlaşa bilməyib və həmin yerlərə tarixi qayıdışın reallaşdırılması üçün münbit şəraitin təmin edilməsi istiqamətində zəruri addımların atılması labüddür. Hesab edirəm ki, bütün bu addımlar atılacağı təqdirdə, artıq qayıdış təmin ediləcək və bunun alternativi də ola bilməz. Çünki həmin ərazilər bizim tarixi yurd yerlərimizdir və əhalimizin də tarixən yaşadığı torpaqlara qayıdışı tamamilə haqlı tələbdir. Tarixi ədalət də bu baxımdan bərpa olunmalıdır və buna heç kimin şəkk-şübhəsi qalmasın".

Nuranə DAXİLQIZI,

"Respublika".