Digər xəbərlər

"Heydər Əliyev İli" çərçivəsində tədbirlər keçirilib

"Heydər Əliyev İli" çərçivəsində Milli Arxiv İdarəsində Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının üzvlərinin gənclərlə görüşü keçirilib. Görüşdə YAP-ın Binəqədi, Qaradağ və Zəngilan rayon təşkilatlarının üzvü olan gənc fəallar iştirak ediblər.

Tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov ulu öndər Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən bəhs edib. O qeyd edib ki, Azərbaycanın inkişaf strategiyasının müəllifi ümummilli liderimiz Heydər Əliyevdir.

YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dönəm dövlətçiliyimizin və xalqımızın intibahında tarixi mərhələləri təşkil edib.

YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin deputatı Elman Məmmədov isə bildirib ki, bu gün müstəqil Azərbaycan dövlətinin qazandığı hər bir uğurun təməlində ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət dayanır. Qeyd edib ki, gənclər keçmişimizi heç vaxt unutmamalı, tariximizi dərindən öyrənməlidirlər. Çünki keçmişini unutmayan, tarixini bilən xalq öz gələcəyini daha uğurlu qura bilir.

YAP Veteranlar Şurasının üzvü, Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzov Ümummilli Liderin ölkəmizin inkişafı istiqamətində başlatdığı nəhəng işlərin, möhtəşəm layihələrin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Tədbirdə Milli Arxiv İdarəsinin rəis müavini Həsən Həsənov çıxış edərək ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edib.

***

"Heydər Əliyev İli" ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində İsmayıllıda Ulu Öndərin zəngin dövlətçilik irsinin öyrənilməsi və yeni nəslə aşılanması məqsədilə tədbir keçirilib.

İsmayıllı rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov bildirib ki, "Heydər Əliyev İli" ilə əlaqədar partiyamız tərəfindən keçirilən tədbirlərdə deviz kimi istifadə olunan Ulu Öndərin "Nə qədər ki Azərbaycan var, mən də varam" kəlamı müasir Azərbaycanın timsalında öz təsdiqini tapır və müdrik dövlət xadiminin ideyalarının əbədiyaşar olduğunu təsdiqləyir.

Tədbirdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov qeyd edib ki, Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görə, bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur.

Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Misir Mərdanov qeyd edib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalı fəxri fərmanla təltif edilib.

YAP sıralarına yeni qoşulmuş gənclərə partiyaya üzvlük vəsiqələri təqdim olunub.

***

"Heydər Əliyev İli" ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiqlənən Tədbirlər Planı çərçivəsində Ulu Öndərin zəngin dövlətçilik irsinin, əbədiyaşar ideyalarının öyrənilməsi və yeni nəslə aşılanması, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərinin geniş ictimaiyyətə çatdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.

YAP Qusar rayon təşkilatı tərəfindən gənc partiya fəallarının iştirakı ilə rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub.

Mərkəzdə gənclərə müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyəti haqqında geniş məlumat verilib, gənclər eksponat, fotoşəkil və kitablarla tanış olublar.

Sonda "Heydər Əliyev və Qalib Azərbaycan" mövzusunda məktəblilər arasında keçirilən inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.

M.MUSTAFAYEV,

“Respublika”.