Su itkilərinin qarşısı alınır
Sosial həyat

Su itkilərinin qarşısı alınır

İçməli sudan qeyri-qanuni istifadəyə və israfçılığa qarşı tədbirlər davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı"na uyğun olaraq su itkilərinin və israfçılığın qarşısının alınması məqsədilə aparılan araşdırmalar nəticəsində Sabunçu və Ramana qəsəbələrində sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanıb. Sabunçu qəsəbəsindəki "Aylin" uşaq bağçasının su təchizatı sisteminə baxış keçirilərkən məlum olub ki, obyekt texniki şərt almadan su xəttinə qanunsuz qoşulub.

"Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatında bildirilir ki, qəsəbə ərazisində yerləşən təndir, dönər satışı obyektlərində və kafedə də içməli sudan qeyri-qanuni istifadə olunduğu aşkar edilib. Yeni Ramana yaşayış massivində ağac və dekorativ güllərin satıldığı obyektdə də suyun talanması halına rast gəlinib. Burada qanunsuz çəkilmiş su xətti vasitəsilə suvarma işləri aparılır. Yeni Ramanada eyni ünvanda fəaliyyət göstərən ferma və internet klubun su təchizatı özbaşına çəkilmiş qanunsuz xətt vasitəsilə aparılır.

Qeyd edək ki, 2022-ci ilin yanvar-iyul aylarında içməli sudan qanunsuz istifadə ilə bağlı "Azərsu" ASC üzrə 5373 fakt aşkarlanıb. Həmin hallar üzrə müvafiq olaraq 1 milyon 400 min kubmetr həcmində sərfiyyat bərpa olunub. Cari ilin yanvar-iyul aylarında sudan qanunsuz istifadə ilə bağlı 100-dən çox fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.

Kamil İSMAYIL,

"Respublika".