Qarşılıqlı etimadın göstəricisi
Siyasət

Qarşılıqlı etimadın göstəricisi

Ulu öndər siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası əsas vəzifələrdən birinə çevrildi. Nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələri möhkəmləndirmək və həmin qurumların fəal üzvünə çevrilmək ölkəmizin inkişafına daha da təkan verərək iqtisadi, mədəni və siyasi dividend gətirəcəkdi. Müstəqilliyimizin bərpasından sonra Azərbaycanın sağlam təməllər üzərində tərəqqisi, nüfuz dairəmizin genişlənməsi bu gün qlobal platformalarda Azərbaycanın imperativlərinin qəbul edilmısinə şərait yaratmışdır. Ümummilli liderin müəyyənləşdirdiyi siyasi kurs Azərbaycan dövlətçiliyini möhkəmləndirməyə, inkişaf etdirməyə, milli mənafeləri qorumağa yönəlmişdir. Həmin dövrdən başlayaraq, ölkəmizin xarici siyasət kursunun beynəlxalq hüququn norma və prinsipləri əsasında qurulması müasir Azərbaycanın təkanverici qüvvəsinə çevrilmişdir.

Bu gün beynəlxalq birlik Azərbaycana böyük inamla yanaşır və ölkəmizdə gedən proseslərə dünyanın aparıcı dövlətləri yüksək qiymət verir. Yeni dünya düzənini nəzərə alaraq deyə bilərik ki, müstəqil dövlətlərin uğurlu inkişafı xarici siyasət kursunun paradiqmalarının düzgün müəyyənləşdirilməsindən keçir. Regional və qlobal əməkdaşlıqda ortaya qoyulan müsbət impluslar beynəlxalq münasibətlər sistemində çox mühüm amil hesab edilir. Dövlətimizin çoxvektorlu xarici siyasəti məhz bu qəbildən diqqətəlayiqdir. Bu gün regionda respublikamızın moderatorluğu ilə reallaşdırılan qlobal əhəmiyyətli meqalayihələrdə beynəlxalq güclərin də marağı var. Məhz qısa bir zamanda etibarlı tərəfdaşa çevrilmək zərgər dəqiqliyi ilə hesablanmış siyasi kursun nəticəsidir ki, Azərbaycan bunun bəhrələrindən faydalanmaqdadır.

Kəskinləşməkdə olan beynəlxalq münasibətlər ölkələr üçün yeni missiyalar yaradır. Dövrün tələbindən doğan yeni münasibətlər, əməkdaşlıqlar inkişafa və tərəqqiyə yol açır ki, belə bir şəraitdə öz Liderinə arxalanan Azərbaycan qarşılıqlı formada əməkdaşlıq təklif edən, sülhə tərəfdar olan dövlət kimi dünyada müsbət imic formalaşdırıb. Dövlətimizin başçısının həyata keçirdiyi düşünülmüş siyasi kurs Azərbaycanın nüfuzunu yüksəldən amillərdəndir. Ulu öndərin layiqli siyasi davamçısı olan Prezident İlham Əliyev beynəlxalq sferada Azərbaycanın mövqeyini hər keçən gün daha da möhkəmləndirir. Belə ki, Azərbaycan bir-biri ilə ziddiyyətdə olan, müharibə aparan ölkələrə münasibətdə neytral mövqe tutur, onlarla qarşılıqlı əməkdaşlıq edir. Azərbaycanın qısa müstəqillik tarixində 155 dövlətin dəstəyini qazanaraq BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi məhz ölkəmizə verilən dəyərin əyani sübutudur. Prezident İlham Əliyev bildirmişdir: "Apardığımız uğurlu xarici siyasət nəticəsində Azərbaycan, demək olar ki, bütün ölkələrlə, bütün güc mərkəzləri ilə çox səmərəli, işgüzar, bərabərhüquqlu münasibətlər qura bilmişdir. Bu münasibətlər qarşılıqlı inam, hörmət, bir-birinin işinə qarışmamaq prinsipləri əsasında qurulur. Beləliklə, ölkəmizin uğurlu inkişafı üçün çox gözəl beynəlxalq mühit mövcuddur".

Müasir dövrdə Azərbaycanın prioritet istiqamətləri arasında İslam aləmi ilə münasibətlərin qurulması və inkişaf etdirilməsi də yer alır. Respublikamız İslam dünyasında da bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirməyi vacib bilir. Təqdirəlayiq haldır ki, respublikamızın ilk diplomatik missiyaları məhz müsəlman ölkələrində fəaliyyətə başlayıb. Eyni zamanda, Azərbaycan qısa müddətdə müsəlman dünyasını birləşdirən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fəal üzvünə çevrilib. Dövlətimiz İslam həmrəyliyinin möhkəmlənməsinə töhfə verən İƏT Gənclər Forumu, İƏT Əmək Mərkəzi, İƏT-ə Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası kimi yeni qurumların yaradılması barədə təşəbbüslərlə də çıxış edib.

Daha bir vacib məqam isə Azərbaycanın müsəlman dünyası ilə əlaqələrin genişləndirilməsinə xidmət edən ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatlarını təsis etməsidir. Bu istiqamətdə həyata keçirilən bir çox layihələr isə İslam ölkələri ilə qarşılıqlı münasibətlərin möhkəmlənməsi məqsədi daşıyır.

Ölkəmiz beynəlxaıq səviyyədə İslam həmrəyliyinin inkişafı üçün mühüm addımlar atır. 2017-ci il Azərbaycanda "İslam Həmrəyliyi İli" elan olunub. Bundan başqa, Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edib. Bu gün Azərbaycan Ərəb Dövlətlər Liqası ilə də sıx əməkdaşlıq edir. Əsası 1945-ci ilin martında qoyulan Ərəb Dövlətləri Liqası (ƏDL) Misir, İraq, İordaniya, Livan, Səudiyyə Ərəbistanı, Suriya və Yəmən tərəfindən yaradılıb. Ümumilikdə 22 dövlətin daxil olduğu təşkilatın mərkəz-qərargahı Misirin paytaxtı Qahirə şəhərində yerləşir. Qardaş ölkə Türkiyə təşkilatda daimi müşahidəçi statusuna malikdir. Ölkəmiz 2006-cı ildən təşkilatın müşahidəçi statusunda üzvüdür. Azərbaycanın bu təşkilatla olan əlaqələrinin yüksək səviyyədə inkişafını ölkə başçımızın ötən il noyabrın 1-də təşkilatın 31-ci Zirvə Toplantısında iştirakı bir daha təsdiqləyir. Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində keçirilən Zirvə görüşündə Prezident İlham Əliyevin Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə iştirak etməsi olduqca əlamətdar hadisədir. Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısının açılış mərasimində Fəxri qonaq statusunda iştirak edən dövlət başçımız çıxışı zamanı bir sıra mühüm məqamlara toxunaraq mövcud reallıqları dilə gətirmişdir. İlham Əliyev qeyd edib ki, Ərəb Dövlətləri Liqası ilə Azərbaycan arasındakı münasibətlər xüsusi xarakterə malikdir.

Ölkə başçımızın açılış mərasimi zamanı Fransanın müstəmləkəçilik siyasətini bir daha vurğalaması dünyaya önəmli mesaj idi. Məlum olduğu kimi, Fransa Əlcəzair xalqına qarşı yer üzündə görünməyən vəhşiliklər törətmişdir: "Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Bu gün biz bu faciəni anaraq gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik". Məhz 1 noyabr Əlcəzairin Milli Azadlıq Günü olduğunu nəzərə alaraq ölkə başçımızın fikirləri tədbir iştirakçıları tərəfindən də yüksək qiymətləndirilmişdir.

Bir məqamı da vurğulayaq ki, dövlətimizin başçısı bu tədbirə Qoşulmama Hərəkatının sədri kimi qatılmışdır. Ölkəmizin QH-yə sədrliyi təsisata bir çox uğur qazandırmışdır. 120 ölkəni bir araya gətirən və BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına dövlətimizin sədrliyi Azərbaycana qarşı inam və etimadın əyani sübutudur. Məhz Azərbaycanın sədrliyi dövründə ölkə başçımızın: "Fransa müstəmləkəçilik siyasətinə və soyqırımlarına görə əlaqədar ölkələrdən üzr istəməlidir" ifadələri 31-ci Zirvə görüşündə deyilənləri bir daha təsdiq edir.

Məhz bu səbəbdən qeyd edə bilərik ki, Azərbaycanın konstruktiv mövqeyi, beynəlxalq ictimaiyyəti narahat edən hallara qarşı digər ölkələr ilə koordinasiyalı fəaliyyəti ölkəmizin etibarlı tərəfdaş statusunu daha da möhkəmləndirir.

Nurlan ABDALOV,

"Respublika".