Qarabağ və Şərqi Zəngəzur: Meşələr bərpa olunur, çaylar öz məcrasında çağlayır
Sosial həyat

Qarabağ və Şərqi Zəngəzur: Meşələr bərpa olunur, çaylar öz məcrasında çağlayır

Hər dəfə təbiət haqqında düşünəndə uşaqlığımın keçdiyi yurd yerləri gözlərim qarşısında canlanır, dizimi yerə qoyub gözündən su içdiyim buz bulaqlar, şehli çəmənlər, qüdrətdən səngərli, qalalı dağlar, təpələrin belinə kəmər kimi dolanan cığırlar yadıma düşürdü, xatirələr qəlbimdə şimşək kimi çaxırdı. Bir vaxtlar sehrinə, ününə həsrət qaldığımız yurd yerlərinə indi qalib xalq kimi qayıtmağımız ürəkləri cuşa gətirən saz havası, ney səsi kimi ruhumuzu təzələyir.

Otuz illik işğal dövründə Ermənistan və onun quldur silahlı dəstələri Qarabağın və Şərqi Zəngəzurun təbiətinə məqsədli şəkildə, vandallıqla qəsd ediblər. Yeraltı və yerüstü sərvətləri, flora və faunanı, tarixi, mədəni-dini abidələri, nadir təbiət incilərini dağıdıblar. Meşələri, çayları, ormanları, ekoloji terrora məruz qoyaraq öz mənfur xislətlərini göstəriblər. Bir sözlə, otuz ilə yaxın müddətdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil edilən ərazilərin yeraltı-yerüstü sərvətləri erməni vandalları tərəfindən talanıb, qarət olunaraq Ermənistana daşınıb.

Uzun illər münaqişənin sülh yolu ilə həll olunmasına vasitəçilik edən ATƏT-in keçmiş Minsk qrupuna həmsədrlik edən dövlətlərin nümayəndələri, sapand daşı kimi ora-bura atılan beynəlxalq təşkilatlar erməni vəhşiliyinə göz yumublar. Təbiətin, həm də insanlığın düşməni olan ermənilər tərəfindən bu müddətdə Ağdərə və Xankəndi meşə təsərrüfatlarının böyük hissəsini əhatə edən məhsuldar fısdıq, Laçın rayonunun Şəlvə dərəsindəki qırmızı palıd meşələrini məhv ediblər. Qeyd edək ki, qırmızı palıd mebel və parket üçün əvəzedilməz materialdır. Bundan başqa, Bəsitçay qoruğundakı çinar və qoz ağacları, Kəlbəcər meşələrindəki mebel sənayesi üçün tayı-bərabəri olmayan ayı fındığı ağacları doğranaraq xarici ölkələrə satılıb. Ərazilərin yandırılması, su resurslarının çirkləndirilməsi, qiymətli ağac növləri ilə zəngin meşələr, eləcə də təbiət abidələri, ümumilikdə yeraltı və yerüstü təbii sərvətlərin məqsədli şəkildə talan edilməsi nəticəsində hər iki bölgədə ekoloji tarazlıq pozulub və Azərbaycanın ekologiyasına ciddi ziyan dəyib.

Tarixi Qələbədən sonra Qarabağ və Şərqi Zəngəzurda ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlər vahid proqram əsasında aparılır. İşğaldan azad edilən ərazilərdə quruculuq, bərpa işlərinin sürəti və miqyası gündən-günə artır, ermənilər tərəfindən viran edilmiş yurd yerlərinə həyat yenidən qayıdır, keçmiş məcburi köçkünlər dövlət tərəfindən inşa edilən modern evlərə köçməyin sevincini yaşayırlar. Qarabağda və Şərqi Zəngəzurda ekovəziyyəti yenidən bərpa etmək üçün mühüm addımlar atılır. Füzuli, Zəngilan və Ağdam rayonları ərazilərində, əsasən Şərq çinarı olmaqla minlərlə müxtəlif növ ağaclar əkilir, meşə zolaqlarına palıd və digər ağacların toxumları səpilir. Ağacəkmə aksiyaları Qubadlıda, Cəbrayılda da davam etdirilir. Çaylara balıq körpələri buraxılır. Cəbrayılda təbiətin yaraşığı olan ceyran sürüləri bu yerlərə başqa bir gözəllik gətirir. Laçın dağları dağ kəllərini öz qoynuna alıb.

Rəsmi məlumata görə, azad edilmiş ərazilərdə 260 min hektar meşə fondu olub. Onun 226 mini meşələrlə örtülü idi. İlkin tədqiqatlara görə, ərazinin təxminən 56 min hektarı ermənilər tərəfindən məhv edilib. Son üç ildir ki, azad edilmiş torpaqlarda əkin işləri aparılarkən həmin ərazilərin planlama işləri həyata keçirilir. Çünki bu ərazilərdə müxtəlif yüksəkliklər, meşələr var. Ona görə də əraziyə uyğun meşə bitkilərinin əkininə üstünlük verilir. Ötən ilin payız mövsümündə 100 hektara qədər ərazidə işğaldan azad edilmiş ərazilərin florasına xas bitkilərə üstünlük verilən əkin işləri aparılıb. Bura vələs, palıd, xüsusən də Araz palıdı, uzunsaplaq palıd, daha quraq ərazilərdə Şərq vələsi, ardıc və digər bitkilər daxildir. Meşələrin bərpa prosesi uğurla davam etdirilir, mütəxəssislərin qənaətinə görə, yaxın gələcəkdə Qarabağ və Şərqi Zəngəzur işğaldan əvvəlki vəziyyətinə qaytarılacaq, dağların zirvəsində qartallar qıy vuracaq, çaylar öz məcrasında çağlayacaq, ormanlar təbiətə güzgü tutacaq.

Salman ALIOĞLU,

"Respublika".