Çoxuşaqlı ailələrə qayğı dövlət siyasətinin əsas tərkib hissələrindəndir
Sosial həyat

Çoxuşaqlı ailələrə qayğı dövlət siyasətinin əsas tərkib hissələrindəndir

Ölkəmizdə son illər aparılan sosial-iqtisadi islahatlar sahəsində vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətinə çevrilmiş, aparılan islahatlar sayəsində ölkədə ciddi irəliləyişlərə nail olunmuşdur. Belə ki, Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamları ilə son beş ildə artıq dördüncü sosial islahat paketi reallaşdırılaraq əməkhaqqı, müavinət və təqaüdlərin artırılması təmin edilmişdir. Ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi, həyat şəraitinin yaxşılaşdırılması yönündə atılan bütün addımlar vətəndaş məmnunluğuna xidmət edir. Yeni Sərəncamla dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanların aylıq vəzifə maaşları 2023-cü il yanvar ayının 1-dən orta hesabla 15 faiz artırılıb, eyni zamanda müavinət və təqaüdlərdə də növbəti artımlar edilib. Ölkəmizdə gələcəyimiz olan uşaqlara hər zaman böyük diqqət və qayğı göstərilib. Azərbaycan bir çox milli dəyərləri ilə yanaşı, həm də ailə dəyərləri ilə də dünyada seçilir.

Həmçinin, ölkəmiz çoxuşaqlı ailə

lər baxımından bir zamanlar ön sıralarda olub. Təəssüf ki, son dövrlər çoxuşaqlı ailələrin sayı getdikcə azalır. Buna baxmayaraq, dövlətimiz hər zaman olduğu kimi, bu gün də yenə də bu məsələni diqqət mərkəzində saxlayır. Dövlət başçısının bu günlərdə verdiyi sərəncam və fərmanlarda da bir daha bunun şahidi olduq. Belə ki, Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin artırılması və "Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikasının Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ailə institutunun möhkəmləndirilməsi siyasətinin təzahürüdür. Əlbəttə ki, dövlətin göstərdiyi dəstək bu ailələrin maddi ehtiyaclarının qarşılanmasında da mühüm rol oynayır. Azərbaycan dövləti ailəyə, bu ailələrdə böyüyən uşaqlara, onların hüquqlarının qorunmasına qarşı daim qayğı ilə yanaşır. Artmaqda olan əhalinin ehtiyaclarını hərtərəfli ödəmək üçün dövlət tərəfindən əhəmiyyətli tədbirlər həyata keçirilir. Bu günlərdə dövlət başçısının imzaladığı müvafiq Sərəncamda yeni doğulan uşaqlara görə verilən müavinətlərin artırılması da öz əksini tapmışdır. Belə ki, uşağın anadan olmasına görə sosial müavinətin məbləği 500 manat müəyyən edilmişdir.

Sosial müavinətlərin məbləğinin artırılması və "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə də ölkə başçısı Fərman imzalayıb.

 Ramidə YAQUBQIZI,

 "Respublika".