Qarabağ və Şərqi Zəngəzur
Digər xəbərlər

Qarabağ və Şərqi Zəngəzur

Regionun zəngin potensialından səmərəli istifadə iqtisadi gücümüzü artıracaq

"Hazırda Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi məsələsi bizim üçün əsas prioritetdir və mənim bölgələrə səfərlərimin əksəriyyəti məhz o bölgələrə olan səfərlərdir". Bu fikirləri Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib. Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-yenidənqurma işlərinin plan üzrə getdiyini vurğulayan dövlət başçısı bildirib ki, bölgədə görülmüş işlər bir daha bu torpaqların sahiblərinin öz doğma dədə-baba yurdlarına qayıtdığını göstərir.

İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın tərkib hissəsi kimi əhalinin dayanıqlı məskunlaşması ərazilərdə "ağıllı şəhər və ağıllı kənd" konsepsiyaları əsasında yaşayış və qeyri-yaşayış komplekslərinin inşası, qabaqcıl rəqəmsal texnologiyaların geniş tətbiqi ilə müasir sosial və biznes infrastrukturunun yaradılması, ümumi məhsul buraxılışında, ixracda və məşğulluqda işğaldan azad edilmiş ərazilərin payının artırılması prioritetdir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" imzaladığı fərmana əsasən ölkəmizdə artıq 14 iqtisadi rayon təsnifləşdirilib. Qarabağ iqtisadi rayonuna Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları daxil edilib. İqtisadi rayonlar coğrafi baxımdan fərqlənməklə yanaşı, eyni zamanda iqtisadi potensialına uyğun olaraq həm də qiymətləndirmənin aparılmasına imkan verir. Bu baxımdan, yeni təsnifat artıq Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi zəfərdən sonra formalaşmış yeni düzənə, yeni reallıqlara uyğun olaraq həyata keçirilir.

Artıq iqtisadi rayonların sırasına Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonların adlarının daxil edilməsi həm strateji, həm iqtisadi, həm də tarixi baxımdan kifayət qədər vacib qərar olduğu əməli ifadəsini tapır. Belə ki, dövlətimizin başçısının Sərəncamı ilə "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in təsdiqlənməsinin ardınca 2021-ci ildə "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" sənədin imzalanması işğaldan azad edilmiş ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə edilməsinə, işlərin vahid proqram əsasında aparılmasına əhəmiyyətli töhfələr verməkdədir.

Qarabağ və Şərqi Zəngəzur bölgəsi böyük sənaye və aqrar potensiala malikdir. "Qarabağı və Şərqi Zəngəzuru öz hesabımıza yenidən qurmaq və bütün məqsədlərə çatmaq üçün bizə mütləq güclü iqtisadiyyat bundan sonra da lazım olacaq". Bu fikirləri Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyev ötən il noyabrın 21-də YAP-ın yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə deyib. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən ərazilərdə sürətlə geniş quruculuq işləri ilə yanaşı, bu bölgənin milli iqtisadiyyata sürətli inteqrasiyasının təmin edilməsi və bölgənin əhalisinin layiqli və keyfiyyətli sosial həyat tərzinin yaradılması istiqamətində addımlar atılmaqdadır.

Bu tədbirlər azad edilmiş ərazilərin iqtisadi güc mənbəyi kimi prioritetliyini daha da artırır. Azad olunmuş torpaqlarda ilk "Ağıllı kənd"in inşasının birinci mərhələsi başa çatıb. Zəngilan rayonunun Ağalı kəndi "Ağıllı kənd" konsepsiyası əsasında yenidən qurulub, burada "Smart village" konsepsiyasının hər üç komponenti - ağıllı dövlət idarəçiliyi, ağıllı infrastruktur və xidmətlər, eyni zamanda ağıllı təsərrüfat və biznes mühiti yaradılıb. Artıq kənd sakinlərinin 30 illik işğal dövründən sonra öz yurdlarına qayıtması təmin edilib və bu gün onlar Qarabağ bölgəsində quruculuq işlərinin fəal iştirakçılarına çevriliblər. "Ağıllı kənd"ə qayıtmış sakinlər arasında məşğulluğun təmin olunmasında aqrar sahənin payı böyükdür. Kənddə salınmış intensiv meyvə bağları, heyvandarlıq kompleksi, müasir suvarma sistemləri ilə təchiz olunmuş əkin sahələri Ağalı sakinlərinin davamlı gəlir əldə etməsinə və işlə təmin olunmasına hesablanıb.

"Ağıllı kənd" layihəsi çərçivəsində aqrar emal müəssisələrinin inşası burada istehsal olunan məhsulların daxili və xarici bazarlara çıxarılmasına imkan yaradacaq. İşğaldan azad olunmuş torpaqlarda 50 min hektar sahədə yazlıq və payızlıq əkin işləri aparılıb, bu rəqəmin daha da artacağı gözlənilir. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən üçüncü ildir ki, Kəlbəcər və Laçın yaylaqlarına qoyunçuluq və arıçılıq təsərrüfatlarının köçürülməsinə dair pilot layihə icra olunur. Bu il isə layihənin miqyası daha da genişləndirib, yaylaq mövsümündə Laçın və Kəlbəcərlə yanaşı, Qubadlı, Cəbrayıl, Füzuli və digər rayonlara heyvandarlıq təsərrüfatlarının köçürülməsi təmin edilib. Bundan başqa, regionda yeni aqroparkların yaradılmasına başlanıb. "Yaşıl texnologiya"ların tətbiqi, beynəlxalq hava limanlarının istifadəyə verilməsi, nəqliyyat-logistika imkanlarının artırılması və digər göstəricilər regionun inkişafında və biznes cəlbediciliyinin artırılmasında mühüm rol oynayır.

Regionun iqtisadi cəlbediciliyinə görə orada biznes quran və qurmaq niyyətində olan şirkətlərin sayı mütəmadi artmaqdadır. İndiyədək azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrdə iştirak üçün 500-ə qədəri xarici şirkət olmaqla 1500-dən çox şirkət müraciət edib. Bu göstərici istər yerli, istərsə də xarici biznes qurumları üçün Qarabağın böyük və çoxistiqamətli iqtisadi potensialının, əlverişli biznes və investisiya imkanlarının nə qədər cəlbedici olduğunu nümayiş etdirir. Hazırda strateji prioritetlərdən və mühüm hədəflərdən biri Cənubi Qafqaz regionunda yeni işbirliyi platformasının qurulmasıdır. Xüsusilə də Zəngəzur dəhlizinin açılması, kommunikasiya xətlərinin bərpası geniş və çoxşaxəli əməkdaşlıq imkanlarının formalaşdırılması deməkdir.

İşğaldan azad olan ərazilər zəngin iqtisadi potensiala malikdir və bu ərazilərin bütünlükdə ölkə iqtisadiyyatına inteqrasiyası əsasında yaradılacaq yeni iqtisadi dəyər Azərbaycan dövlətinin ərazilərin bərpası üçün çəkdiyi bütün maliyyə xərclərini üstələyəcəkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şərqi Zəngəzurda, Laçında, Kəlbəcərdə, Qubadlıda, Zəngilanda və Cəbrayılda təməllərini atdığı yaşayış məskənləri, tunellər, yollar, Ağdamda yaradılacaq Sənaye Parkı, Cəbrayılda inşasına başlanmış "KamAz" Regional Xidmət Mərkəzi, Araz Vadisi İqtisadi Zonası, Kəlbəcərdə məskunlaşmış heyvandarlıq və arıçılıq təsərrüfatları Qarabağın müasir həyatının reallıqlarıdır. Bütün bunlar həm də yeni iş yerləri, daimi məşğulluq sahələridir. Görünən odur ki, azad olunmuş ərazilərimiz yüksək səviyyədə bərpa olunur, yenidən qurulan bütün şəhər və kəndlərimizdə müasir həyat standartları yaradılır.

Mustafa KAMAL,

"Respublika".