UNESCO-nun mədəni irsimizə biganəliyi
Digər xəbərlər

UNESCO-nun mədəni irsimizə biganəliyi

Dekabrın 8-də Bakıda keçirilən “Mədəni sərvətlərin qorunmasında UNESCO Konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsinin aspektləri” mövzusunda beynəlxalq elmi konfransda iştirak edəcək qonaqlar Ermənistanın işğalından azad edilmiş Ağdam şəhərində olublar. Səfərdə ICOMOS-un (UNESCO yanında Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Komissiya) vitse-prezidenti Zeynəb Gül Ünal , təşkilatın Suriya və İraqda mədəni irsin qorunması üzrə işçi qrupunun sədri Samir Abdulac və ICOMOS  Pakistan Milli Komitəsinin prezidenti Fauzia Husain Qureshi, İCOM-ICME prezidenti Rauf Çeplak Mençin olmaqla, ümumilikdə 10 xarici ölkədən 20-yə yaxın xarici ekspert iştirak edib. 

Nümayəndə heyətini Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərin bir qismində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Araz İmanov, UNESCO üzrə Milli Komissiyanın, ICOMOS Azərbaycan Milli Komitəsinin, İCOM Azərbaycan Milli Komitəsinin, ADA Universitetinin nümayəndələri müşayiət ediblər.

Bölgəyə səfər edən nümayəndələr Ağdamda Ermənistan tərəfindən işğal dövründə dağıdılmış yaşayış binalarına, mülki obyektlərə, dini mədəni və tarixi abidələrə, o cümlədən İmarət kompleksinə, Ağdam Cümə məscidinə, Dram teatrının binasının qalıqlarına və yerlə-yeksan edilən Şəhidlər Xiyabanına baxış keçirmişlər. Qonaqlara Ağdamın tarixi, indiki vəziyyəti və ermənilər tərəfindən ərazidə törədilmiş vandalizm,  terror əməlləri haqqında ətraflı məlumat verilmişdir. Əslində isə erməni vandalizminə məruz qalan bu ərazilərin hazırkı vəziyyəti ilə bağlı şərhə,  izaha ehtiyac yoxdur . Mənzərə o qədər acınacaqlı, dəhşətlidir ki, görənlərə hər şeyi deyir. Bu yerlər cənnətdən cəhənnəmə,  ruhlar diyarına çevrilib. Nəinki, Qarabağın, Azərbaycanın ən ninkişaf etmiş,  gözəl rayonlarından olan Ağdam bu gün tanınmaz haldadır. İşğala qədər Ağdamda, sənaye, kənd təsərrüfatı, mədəniyyət obyektləri özünün geniş inkişaf mərhələsini yaşayıb. İşğal dövründə isə şəhər və onun kəndlərində olan bütün infrastruktur, iaşə obyektləri, tarixi abidələr, evlər,  mülklər ermənilər tərəfindən ya sökülüb daşınıb, ya da yandırılaraq yerlə-yeksan olunub. Müharibədən sonra bu yerlər cəhənnəmi, xarabazarlığı xatırladan ərazi idi. Hətta, ölkə başçımız Prezident İlham Əliyev qələbədən sonra ilk  dəfə bu yerlərə səfər edərkən gördüklərindən heyrətlənərək Ağdamı ruhlar şəhəri adlandırmışdır. Erməni vəhşiləri hətta, azərbaycanlılara məxsus qəbiristanlıqları da dağıdıb, viran qoymuşlar.

Konfransın açılış mərasimində Azərbaycan Respublikası Baş nazirinin müavini və “ Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında Konvensiya" nın müddəalarının yerinə yetirilməsi üzrə komissiyanın sədri Əli Əhmədov çıxış etmişdir. Baş nazirin müavini çıxışında  Azərbaycanın UNESCO-nun mədəniyyət, təhsil, ekologiya, idman və digər sahələr üzrə ümumilikdə 14 konvensiyasına üzv olduğunu vurğulayıb. Onlardan ikisi--1954-cü il Haaqa Konvensiyası və 1972-ci il Dünya İrs Konvensiyası bilavasitə mədəni sərvətlərin qorunması üçün əhəmiyyət kəsb edir. Əli Əhmədov qeyd edib ki, Azərbaycan bu konvensiyalardan irəli gələn öhdəliklərə hər zaman sadiq qalır.

Azərbaycan öhdəliklərinə sadiq qaldığı halda, UNESCO-da  mədəni sərvətlərin qorunması ilə özünün müvafiq konvensiyalarına sadiqliyini nümayiş etdirməlidir. Təəssüf ki, biz bunun əksini görürük.  UNESCO kimi nüfuzlu bir təşkilatın Azərbaycana qarşı biganə münasibətinin şahidi oluruq. Buna sübut kimi də Azərbaycanın işğal dövründə ermənilər tərəfindən dağıdılıb, viran qoyulan mədəni irsinə,  tarixi abidələrinə qarşı heç bir münasibət göstərməməsini misal çəkə bilərik. Azərbaycan artıq 30 ildir UNESCO-nun üzvüdür. Bu tarix Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə haradasa üst-üstə düşür. 30 illik dövrdə UNESCO beynəlxalq, nüfuzlu təşkilat kimi nə işğal altında olan ərazilərimizdəki mədəni və tarixi abidələrimizin dağıdılmasına münasibət bildirdi, nə də işğaldan azad edilmiş ərazilərə missiya göndərməyib. Onu da qeyd edək ki, işğal dövründə ermənilər tərəfindən bir çox tarixi, mədəni abidələrimiz qəsdən dağıdılıb. Ötən 30 illik işğal dövründə, hətta qələbədən sonrakı müddət ərzində də Azərbaycan dəfələrlə UNESCO -ya müraciət etsə də, əraziyə heç bir missiya göndərilməyib.

İndiyə kimi ümumilikdə Azərbaycanın qeyri-maddi-mədəni irsi ilə bağlı 19 nominasiya UNESCO-da qeydə alınıb. Onlardan 17-si  reprezentativ siyahıya , 2-si isə təcili qorunmaya ehtiyacı olan irs nümunəsi kimi siyahıya daxil edilib. Konfransda iştirak edən ICOMOSun vitse-prezidenti xanım Zeynəb Gül Ünal çıxışı zamanı dünyada baş verən münaqişələr fonunda mədəni abidələrin dağıntılara məruz qaldığını vurğulayaraq 1954-cü il və 1972-ci il konvensiyalarının icrasının vacibliyini xatırladıb. Azərbaycanın mədəni və tarixi abidələri içərisində elə abidələrimiz var ki, onlar nəinki Azərbaycan, eləcə də bütün dünya üçün əhəmiyyətli və vacibdir. Bu abidələri qoruyub saxlamaq isə bütün dünyanın, eləcə də UNESCO-nun üzərinə düşən vacib vəzifələrdəndir.

                                     Ramidə YAQUBQIZI,

                                            “Respublika".