QANLA YAZILMIŞ TARİX
Tarix

QANLA YAZILMIŞ TARİX

Çağdaş tariximizin qürur, qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 34 il ötür. O müdhiş, qanlı şənbə gecəsi xalqımızın yaddaşına əbədi həkk olunub.

1980-ci illərin axırlarında ölkəmizin hər yerində geniş vüsət almış azadlıq hərəkatını beşiyindəcə boğmaq, xalqımızın müstəqil, demokratik dövlət qurmaq arzusunu, inamını qırmaq məqsədilə keçmiş sovet rəhbərləri tərəfindən 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya qoşun yeridildi.

Fövqəladə vəziyyət elan edilmədən sovet ordusunun təpədən-dırnağadək silahlanmış böyük bir kontingenti paytaxtın küçə və meydanlarına toplaşan əliyalın, dinc əhaliyə odlu silahlardan atəş açdı. Azğınlaşmış ordu qocaya, qadına, uşağa məhəl qoymayıb köməksiz insanları qanına-qəltan etdi. Yollarda avtomobillər, təcili yardım maşınları atəşə tutuldu, vəzifə borcunu yerinə yetirən ağxalatlı həkimlər gülləyə tuş gəldi. Şəhərin küçələri al-qana boyandı.

Xüsusi amansızlıqla, misli görünməmiş vəhşiliklərlə müşayiət olunan Yanvar faciəsində 147 nəfər qətlə yetirildi. Şəhidlərdən biri 21, digəri 10-dan çox, başqa birisi 23 güllə yarası almışdı. O qanlı gecədə 744 nəfər əlil oldu, 841 nəfər qanunsuz həbs edildi.

Ağrılı-acılı, qanlı şənbə gecəsində beş nəfər lənkəranlı - Asif Kamil oğlu Əsədullayev, Mircamal Mirsaleh oğlu Əbülfətov, Telman Məlik oğlu Bağırov, Azad Əliheydər oğlu Mirzəyev və Əflatun Həşim oğlu Kazımov Bakı şəhərində şəhidlik zirvəsinə  ucaldı.

Bakıda fövqəladə vəziyyətin elan olunması barədə məlumat isə faciə törədiləndən sonra - yanvarın 20-də səhər saat 05:30-da respublika radiosu ilə xalqa çatdırıldı. O dəhşətli, ağır günlərdə xalqımızın yeganə ümidi və pənahı olan ümummilli lider  Heydər Əliyev Azərbaycanın haqq səsini dünyaya çatdırdı. Sovet imperiyasının xüsusi xidmət orqanları tərəfindən təqib edilən, həyatı hər an təhlükə qarşısında olan ulu öndər ailə üzvləri ilə birlikdə Moskva şəhərində Azərbaycan nümayəndəliyinə gələrək bəyanatla çıxış etdi. Sovet ordusunun vəhşiliyini kəskin şəkildə pislədi, əliyalın xalqa qarşı törədilən faciəni hüquqa, demokratiyaya, insanlığa zidd dəhşətli terror aktı kimi qiymətləndirdi.

Xalqımızın müdrik rəhbəri faciədə Sovet İttifaqının və Azərbaycanın rəhbərlərini bilavasitə günahkar olduğunu qətiyyətlə beynəlxalq ictimaiyyətə çatdırdı: "Buraya ən əvvəl ona görə gəlmişəm ki, Azərbaycanın Moskvada kiçik parçası olan daimi nümayəndəliyində, böyük itkilərə səbəb olmuş faciə ilə bağlı bütün Azərbaycan xalqına başsağlığı verim. İkinci tərəfdən, bu məsələyə öz münasibətimi bildirmək istəyirəm. Azərbaycanın Moskvadakı nümayəndəsindən xahiş edirəm ki, mənim sözlərimi, kədərimi, başsağlığımı Azərbaycan xalqına çatdırsın. Hazırda başqa imkanım olmadığı üçün təəssüf hissi keçirirəm. Azərbaycanda baş vermiş hadisələrə gəlincə, mən onları hüquqa, demokratiyaya yabancı, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm".

Əbədiyaşar liderin qətiyyətli çıxışı, M.S.Qorbaçovun və digər ittifaq rəhbərlərinin ünvanına söylədiyi ittihamlar təkcə  Bakıda deyil, təcavüzə məruz qalmış Almatı, Tbilisi, Vilnüs və digər şəhərlərdə, xarici dövlətlərdə böyük rəğbətlə qarşılandı.

O dövrdə Azərbaycanın siyasi rəhbərliyi və sonra hakimiyyətə gəlmiş AXC-Müsavat cütlüyü faciəyə siyasi-hüquqi qiymət vermədi. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verərək 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi.

Xalqın təkidi ilə hakimiyyətə gələn ümummilli lider 1994-cü il yanvar ayının 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı Fərman imzaladı. Fərmanda Milli Məclisə tövsiyə olunurdu ki, faciəyə tam siyasi-hüquqi qiymət verilsin. Azərbaycan parlamenti 1994-cü il mart ayının 29-da "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" qərar qəbul etdi. Beləliklə, 20 Yanvar faciəsi əbədiyaşar liderin qətiyyəti və prinsipial mövqeyi sayəsində öz siyasi-hüquqi qiymətini aldı.

Ulu öndərin rəhbərliyi ilə Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm işlər görüldü. "20 Yanvar şəhidi" fəxri adı təsis edildi, Şəhidlər Xiyabanında "Əbədi məşəl" kompleksi yaradıldı.

Ölkəmizin azadlığı, suverenliyi yolunda həlak olanların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, onlara dövlət qayğısının artırılması məqsədilə  mühüm qərarlar qəbul edilib.

Qanlı Yanvar ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü yoluna parlaq işıq saçdı. Şəhidlərimizin qanı yerdə qalmadı. 44 günlük Vətən müharibəsində yağı düşmən diz çökdü, torpaqlarımız işğaldan azad edildi. Keçən ilin sentyabr ayında 23 saatlıq antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam bərpa olundu. Artıq 4 ildir ki, qalib, müzəffər, qürurlu xalq kimi 20 Yanvar şəhidlərinin ruhunu ehtiramla yad edirik.

Respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da şəhidlərin xatirəsi daim əziz tutulur, xalqımızın azadlığı, ölkəmizin suverenliyi yolunda canlarını qurban vermiş igidlər böyük ehtiramla yad olunur. Lənkəran şəhərində Şəhidlər Xiyabanı əsaslı şəkildə yenidən qurulub, burada xatirə kompleksi, şəhidlərin qəbirüstü abidələri inşa edilib, ərazidə abadlıq işləri görülüb.

İllər keçəcək, nəsillər dəyişəcək, tariximizin qəhrəmanlıq səhifəsi olan  20 Yanvar faciəsi heç zaman unudulmayacaq.

Əlisəfa HƏSƏNOV,

"Respublika".