Haqq və hüquq müdafiəçiləri
Tarix

Haqq və hüquq müdafiəçiləri

Qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq və konfidensiallıq prinsipləri əsasında fəaliyyət göstərən peşə sahiblərindən biri də  məhz vəkillərdir. Hüquq təkcə sadə vətəndaşlar üçün deyil, həm də qurumlar, dövlətlər üçündür. Hər bir məsləyin özünə görə önəmi var. Lakin bütün bu peşələrin üzləşəcəyi hər hansısa qanunsuzluqda ədaləti təmin edə biləcək sahə məhz vəkillikdir. Bu şərəfli peşənin sahibləri öz işlərinə bağlı, dürüst və qanunun aliliyinə sadiq olmalıdırlar. Vəkil olmaq nə qədər çətin olsa da bir o qədər qürurvericidir. Haqqı tapdalanan insanlar üçün ədaləti bəpa etmək məsuliyyətli və şərəflidir.

Ölkəmizdə bu günün təsis edilməsi məsələsinə toxunmazdan əvvəl ötən tarixə qısa nəzər salaq. Şərqdə qadınlara seçki hüququ vermiş ilk ölkə olan Azərbaycan XX əsrdə ciddi problemlərlə üzləşmiş  hüquq müdafiəçiləri  70 il ərzində sovetlər tərəfindən sərt nəzarət altına alınmış və yalnız 1991-ci ildə müstəqillik bərpa edildikdən sonra  onlara sərbəstlik verilmişdir.

Ümummilli lider Heydər Əliyev tərəfindən 28 dekabr 1999-cu ildə "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanun imzalanmış, Azərbaycan tarixində ilk dəfə vəkillik tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan bir təsisat olmuşdur. Həmin dövrdə qəbul olunmuş yeni prosessual qanunvericiliyə əsasən, vəkillik çəkişmə prinsipi çərçivəsində prosesin bərabərhüquqlu tərəfinə çevrilmişdir. Müstəqilliyin təməlini qoyan qanunun qəbulundan sonra isə ilk dəfə olaraq 3 noyabr 2004-cü ildə keçirilmiş təsis yığıncağı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası təsis edilmişdir. "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının preambulasında da qeyd edildiyi kimi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti vardır. Bununla yanaşı, Sərəncamda dövlət hesabına göstərilən hüquqi yardıma görə müəyyən edilmiş məbləğin 3 dəfə artırılması, üzvlüyə xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaradılması, vəkillərin peşə hazırlığının və ixtisasının artırılması ilə bağlı zəruri tədbirlərin görülməsi, ixtisas imtahanlarının müntəzəm keçirilməsi, aztəminatlı şəxslər üçün ödənişsiz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi, müasir İKT-nin tətbiqi, hüquqi xidmətlərin elektron formada göstərilməsi təcrübəsini genişləndirmək üçün vəkilliyin vahid elektron informasiya sisteminin təşkili və bu sistemin "Elektron məhkəmə" informasiya sisteminə inteqrasiyası istiqamətində tədbirlərin görülməsi və sair məsələlər qeyd edilib. Sərəncamın icrasının davamı olaraq, 2018-ci ildən başlayaraq Kollegiya tərəfindən vəkillərin sayının artırılması ilə bağlı genişmiqyaslı işlərin görülməsinə başlanılıb.

Bütün bu fəaliyyətlərin məntiqi davamı olaraq isə Prezident İlham Əliyevin 25 dekabr 2019-cu il tarixli Sərəncamı ilə hər il dekabrın 28-nin ölkəmizdə "Vəkil günü" peşə bayramı kimi qeyd edilməsi qərara alınmışdır. Şübhəsiz ki, bu, vəkillik institutuna dövlət başçısı tərəfindən verilən yüksək dəyərin bariz nümunəsidir. Qərar qəbul edildiyi gündən bu yana hər il haqq və hüquqlarımızın mühafizəçilərinin peşə bayramı xüsusi təntənə ilə qeyd edilir.

Töhfə SƏMƏDOVA,

"Respublika".