Gözlərində açıldı bu millətin səhəri
Tarix

Gözlərində açıldı bu millətin səhəri

Əbədiləşib, tarixin səhifələrində şərəfli yer tutmaq, ümumxalq məhəbbəti ilə xatırlanmaq və dünyasını dəyişdikdən sonra da ehtiramla anılmaq hər dövlət xadiminə, ölkə başçısına müyəssər olmur. Ümummilli lider Heydər Əliyev bütün bu məziyyətləri ilə Azərbaycan xalqının yaddaşında özünə əbədi taxt qurub. El məhəbbəti, xalq sevgisi qazanıb. Azərbaycanın müasir tarixi və taleyi Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər xalqın xilaskarı, müstəqil Azərbaycanın banisi və qurucusudur. Özündən sonra əmanət qoyduğu bütün ideya və məqsədləri bu gün yeni Azərbaycanın formalaşmasında və inkişafında işıqlı yola çevrilib.

2003-cü ilin 12 dekabrı Azərbaycan xalqının tarixində hüznlə anılan günlərdən biridir. Həmin gün xalqımızın böyük oğlu, tarixi şəxsiyyət, ümummilli lider Heydər Əliyev dünyaya gözlərini əbədi yumdu.

Heydər Əliyev xalqın ən ağır məqamlarında onun yanında olmağı bacarırdı. Ölkə rəhbərliyinə birinci dəfə gəldiyi zaman Azərbaycanı bütün sahələrdə sürətlə inkişaf etmiş güclü bir respublikaya çevirdi. İqtisadi-sosial baxımdan olduqca geridə qalan ölkəmiz qısa zaman ərzində keçmiş SSRİ-nin inkişaf etmiş respublikalarından biri kimi tanındı. İstər sovetlər dönəmində, istərsə də sonralar Heydər Əliyev əsl lider, öndər olaraq dünyada müdrik dövlət xadimi, həm də ləyaqətli, cəsarətli şəxsiyyət imici qazanmışdı. Ümummilli liderin həmin illərdə və ikinci dəfə hakimiyyətdə olduğu 1993-2003-cü illərdə yürütdüyü uzaqgörən siyasət, respublikamızın tərəqqisi naminə həyata keçirdiyi misilsiz tədbirlər nəticəsində Azərbaycan yeni inkişaf yoluna qədəm qoymuşdur. Heydər Əliyevin hakimiyyəti dövründə görülən işlər müstəqilliyimizin əbədiliyinin təmin olunmasında və Azərbaycanın dünyada öz layiqli yerini tutmasında həlledici rol oynamışdır. Ulu öndərin müstəqillik illərində apardığı və cəmiyyətin bütün sahələrini əhatə edən islahatlar sonrakı dövrlərdə Azərbaycanın daha da inkişafına, iqtisadi gücünün artmasına və dünyada özünü təsdiq etməsinə gətirib çıxarmışdır. Heydər Əliyev xalqımızın və dövlətimizin maraqlarını hər şeydən üstün tuturdu. Məhz bu böyük insanın tükənməz qayğı və diqqəti sayəsində siyasət, iqtisadiyyat, mədəniyyət, təhsil və bir çox sahələrdə böyük nailiyyətlər əldə etdik. Azərbaycan dövlətinin mövqeyi və adı beynəlxalq arenada hörmətlə çəkilməyə başladı, dünyanın ən nəhəng ölkələri artıq bizimlə hesablaşmalı oldular. "Əsrin müqaviləsi"nin imzalanması, bir çox əhəmiyyətli layihələrin həyata keçirilməsi, dünya ölkələri ilə sıx əlaqələrin yaradılması, çətin günlərdə atəşkəsə nail olunması, cəmiyyət həyatının bir çox sahələrində əsaslı dəyişikliklərin əldə edilməsi Heydər Əliyevin böyük xidmətlərinin nəticəsidir. Odur ki, xalqımızın dahi oğlunun adı hər bir azərbaycanlının qəlbində əbədi yaşayır.

Heydər Əliyevin böyük sovet imperiyasına qarşı apardığı mübarizə 20 Yanvar hadisələrinin səhəri günü Moskva şəhərində bir daha özünü büruzə verdi. Böyük bir imperiyaya qarşı çıxmaq cəsarət və hünər tələb edirdi. Ulu öndər imperiyanın gücünü də gözəl bilirdi. Lakin bütün təhlükələrə baxmayaraq, O, Sovet hökumətinə qarşı etiraz səsini qaldırdı. Qanlı faciəni törədənlərin cəzalanmasını tələb etdi. 1990-cı ilin 20 Yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək xalqımıza qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etdi. Qarabağda yaranmış münaqişə ilə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdi və 1990-cı ilin iyulunda Azərbaycana qayıtdı. Xalqının, millətinin ən çətin günündə yanında olmaq üçün əvvəlcə Bakıya, sonra isə Naxçıvana gəldi. Elə həmin ildə də xalq öz mərd oğlunu Azərbaycan Ali Sovetinə deputat seçdi. 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olan Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçildi.

Dahi şəxsiyyət öz qətiyyəti ilə xalqını arxasınca apararaq onu dünyaya, beynəlxalq aləmə yeni bir tərzdə təqdim etdi. Artıq dünyanın nəzərləri Azərbaycanda idi. Supergücə malik ölkələrin liderləri bu dahi şəxsiyyətlə ünsiyyətə maraq göstərirdilər.

Ulu öndərin siyasi kursunu və əlbəttə, ata vəsiyyətini layiqli yerinə yetirən Prezident İlham Əliyev Azərbaycanı qalib dövlətə çevirdi. 44 günlük Vətən müharibəsində 30 il işğal altında qalan torpaqlarımızı düşmən tapdağından azad edərək həm xalqının arzusunu, həm də ulu öndərin vəsiyyətini yerinə yetirdi.

Bu gün ümummilli lider Heydər Əliyevin anım günüdür. Azərbaycan xalqı görkəmli siyasi xadim Heydər Əliyevi dərin ehtiramla yad edir. İllər, qərinələr, minilliklər ötsə də, Heydər Əliyev şəxsiyyəti Azərbaycan xalqının qəlbində yaşayacaq. Ən böyük əsəri olan Azərbaycanın hər qarışı, hər nöqtəsi ulu öndəri xatırladacaq. Çünki yeni Azərbaycan Onun şah əsəridir.

Ramidə YAQUBQIZI,

"Respublika".