Qalib xalq qalib liderini seçdi
Siyasət

Qalib xalq qalib liderini seçdi

Fevralın 7-də ölkəmizdə növbədənkənar prezident seçkiləri keçirildi. Bu seçkinin əhəmiyyətini artıran amillərdən biri də müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə Azərbaycanın bütün suveren ərazilərində keçirilməsi idi. Qalib Xalq Müzəffər Ali Baş Komandanına böyük etimadını bir daha nümayiş etdirdi. 2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsi və keçən ilin sentyabrında Xankəndiyə bayrağımızın asılması İlham Əliyevi istənilən seçkilərdə alternativi olmayan lider etdi. Seçki günü xalqımızın məntəqələrə axın edərək səsvermədə yüksək fəallıq nümayiş etdirdiyinin şahidi olduq. Xalqımız onu 30 ilin natamamlıq kompleksindən xilas edən, milli mənliyini, qürurunu, özünəinam hissini qaytaran, yüz illik saxtakarlığı tarixin qaranlığına atan Böyük Şəxsiyyətə, Qalib Liderə təşəkkürünü ifadə etdi. Bu, bir xalqın öz Liderinə vəfa borcunu ödəməsi, İlham Əliyev şəxsiyyətinin 20 illik fəaliyyətinə verdiyi qiymət idi.

Seçki gününün ən unudulmaz hadisəsi heç şübhəsiz ki, Prezident İlham Əliyevin ailə üzvləri ilə birlikdə Xankəndidə səs verməsi oldu. Dövlət başçısı Xankəndidə səs verməklə yeni bir tarix yazdı. Bu seçkilərə qədər kimin ağlına gələ bilərdi ki, Xankəndi, Xocalı və Xocavənd azad olunacaq, orada Azərbaycan bayrağı dalğalanacaq, seçkilər keçiriləcək və Azərbaycan Prezidenti öz səsini Xankəndidə verəcək. Cənab İlham Əliyev məhz Xankəndidə səs verməklə zəfərimizi həzm edə bilməyənlərə bir mesaj göndərmiş oldu. Bəli, biz ərazilərimizi işğalçılardan azad etməklə həmin ərazilərdə də demokratik dövlət quruluşunu bərpa etmiş olduq.

Növbədənkənar prezident seçkilərinin keçirilməsi 2020-ci il sentyabrın 27-də Azərbaycan ordusunun əks-hücum əməliyyatı ilə başlamış tarixi mərhələnin məntiqi sonudur. Azərbaycan məğlub ölkədən mütləq qalib ölkəyə çevrildiyini bütün dünyaya elan etdi. Seçkilərin keçirilməsi ilə güclü Azərbaycan dövlətinin ölkənin ərazilərinə bundan sonra hər hansı müdaxiləyə imkan verməyəcəyi barədə qətiyyətli və hüquqi təmələ əsaslanan prinsipial mövqeyini ortaya qoymuş oldu. Və bu baxımdan, Azərbaycana qarşı düşmən mövqedə olan bütün beynəlxalq güclər öz siyasətlərini bu reallığın fonunda müəyyənləşdirməyə və Azərbaycanla münasibətlərində ciddi korrektələr etməyə məcburdurlar.

Seçkilərdən sonra bütün istiqamətlərdə - iqtisadi, siyasi, mədəni, həm də hərbi sahədə ciddi islahatlar davam etdiriləcəkdir. Məqsəd dünyaya Azərbaycanın həqiqətən müstəqil xarici və daxili siyasət yürütdüyünü bir daha nümayiş etdirərək onun da başında Azərbaycan vətəndaşının rifahını düşünən, bölgədə sülhün və sabitliyin bərqərar olması üçün əlindən gələni əsirgəməyən liderin dayandığını sübut etməkdir.

Həqiqətən də hər birimiz çox böyük tarixi, şərəfli və qürurlu günlərin şahidi və iştirakçısı olduq. Qarşıda sülhün əldə olunması, azad olunmuş torpaqlara Böyük Qayıdış, Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qaytarılması kimi nəhəng vəzifələr durur və xalqımız belə taleyüklü məsələlərin həyata keçirilməsini yalnız İlham Əliyevə - Qalib Liderə etibar edə bilərdi. İlham Əliyevin növbəti dəfə prezident seçilməsi, öz tarixinin yeni mərhələsinə qədəm qoyan Azərbaycan üçün uğurlu başlanğıcdır. Bizi yeni nailiyyətlər və yeni qələbələr gözləyir.

Tamam CƏFƏROVA,

Milli Məclisin deputatı.