Azərbaycanın qətiyyətli  mövqeyi düşməni susduracaq
Siyasət

Azərbaycanın qətiyyətli  mövqeyi düşməni susduracaq

Son zamanlar qlobal və regional güclər arasında artan ixtilaflar, beynəlxalq münasibətlər sistemində davam edən müxtəlifyönlü gərginliklər, o cümlədən dövlətlərin suverenliyi və daxili işlərinə olan xoşagəlməz müdaxilələr, baş verən münaqişələr, tətbiq olunan birtərəfli iqtisadi sanksiyalar bir çox ölkələrdə vəziyyəti daha da kəskinləşdirib. Bütün bunlara baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik inkişafı, müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu ölkəmizin Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilməsini təmin etmişdir. Əlbəttə, bütün bunlar Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir.  Beynəlxalq konfranslarda, yüksək tribunalarda çıxışları zamanı Azərbaycan Prezidenti Ermənistanın ölkəmizə qarşı  əsassız ərazi iddialarını tutarlı faktlarla isbat etməklə Azərbaycanın haqq səsini dünyaya çatdırmışdır.

Azərbaycan Prezidenti informasiya sahəsində də uğurlu siyasət yürüdərək milli mənafelərimizi müdafiə etmişdir. Ölkə başçımızın müharibə dövründə - 2020-ci il oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına verdiyi müsahibəsi zamanı bunun bir daha şahidi olduq. Jurnalistin "Qarabağ nə üçün Azərbaycan üçün belə önəmlidir?" sualına cənab Prezidentin verdiyi cavab bütün baş verən proseslərə dəqiq və tarixi faktlarla yanaşdığının sübutu oldu:

"Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik". Bundan əlavə, Prezident İlham Əliyev Fransanın "Figaro" qəzetinə verdiyi müsahibədə də Azərbaycana qarşı  əsassız iddialara layiqincə cavab vermişdir. Belə ki, jurnalistin "Siz sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hücuma keçmisiz" iddiasına Prezident İlham Əliyevin cavabı belə olmuşdur:

“Biz sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hərbi hücuma keçməmişik, Ermənistan Azərbaycana qarşı hərbi hücuma keçmişdir. Bu hərbi hücumun ilk saatlarında bizim mülki şəxslər və hərbi qulluqçularımız arasında qurbanlarımız olmuşdur. Bu, üç ay müddətində Ermənistan tərəfindən Azərbaycana qarşı üçüncü hərbi təxribat idi. Onlar birinci dəfə bizə Qarabağ bölgəsindən uzaqda olan Ermənistan-Azərbaycan dövlət sərhədində hücum etdilər. Beynəlxalq müşahidəçilərin yekdil rəyi ondan ibarət idi ki, Ermənistan bizə qarşı hücum etmişdir. Onlar yeni əraziləri işğal etmək istəyirdilər. Onlar bizim Ermənistanla dövlət sərhədindən bir neçə kilometr məsafədə yerləşən strateji enerji infrastrukturu üzərində nəzarəti ələ keçirmək istəyirdilər”.

Ölkə Prezidenti İlham Əliyevin müsahibələrində ən çox diqqəti cəlb edən məqamlardan biri Azərbaycan liderinin qətiyyətli, dönməz və cəsarətli mövqeyidir. Belə ki, dövlətimizin başçısı Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi tarixi Qələbə ilə Cənubi Qafqazda yeni reallıqlar yaratdığını və Ermənistan istəsə də, istəməsə də bu reallıqları qəbul etmək məcburiyyətində olduğunu qətiyyətlə bildirir. Ali Baş Komandan erməni silahlı birləşmələrinin Qarabağı birdəfəlik tərk etməli olduğunu xüsusi olaraq vurğulayır və bildirir ki, Ermənistan 10 noyabr 2020-ci ildə imzaladığı üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərdən biridir və Ermənistan hökuməti bu öhdəliyi yerinə yetirməlidir.

Son zamanlar daha çox  gündəmə gələn və hüquqi cəhətdən heç bir əsası olmayan anti-Azərbaycan siyasəti təəssüf ki, davam etməkdədir. Belə ki, Laçın-Xankəndi yolunda 45 gündür ki, Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına son qoyulması tələbi ilə keçirilən etiraz aksiyası bəzi beynəlxalq media qurumlarında Azərbaycan tərəfindən ermənilərin "blokada"ya salınması kimi təqdim olunur. Bu hadisə ilə bağlı Prezident İlham Əliyev demişdir: "Laçın-Xankəndi yolunda etiraz aksiyası keçirən gənclər bizim fəxrimizdir. Gecə-gündüz şaxtalı-qarlı havada oradadırlar, öz haqlarını tələb edirlər və bir daha Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərirlər. Bunun, necə deyərlər, bir addımlığında separatçılar dünyaya tamamilə yalan informasiya ötürməklə məşğuldurlar".

Vurğulamaq lazımdır ki, bütün bu səylərə baxmayaraq, ermənilərin və onların havadarlarının etdiyi cəhdlər indiyə kimi heç bir nəticə verməyib. Azərbaycan bu kampaniyalara hər zaman tutarlı cavab verib və Ermənistanın əsl üzünü daim ifşa edib.

Nurlan ABDALOV,

"Respublika".