Premyer Liqa: “Neftçi” nadir göstəriciyə, “Qarabağ” tarixi rekorda imza atıb
İdman

Premyer Liqa: “Neftçi” nadir göstəriciyə, “Qarabağ” tarixi rekorda imza atıb

“Neftçi” Azərbaycan çempionatlarında nadir təsadüf olunan göstəriciyə imza atıb.

"Respublika" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının XXXIII turunda “Qarabağ”dan 5 qol buraxan Bakı klubu XXXIV turda “Kəpəz”in qapısına eyni sayda qol vurub – 0:5 və 5:1.

Paytaxt təmsilçisi tarixində ilk dəfə 5 və ya daha çox buraxdığı görüşdən sonrakı qarşılaşmada belə məhsuldarlıq göstərib. 1992-ci ildən keçirilən ölkə çempionatlarında 7-ci dəfə belə hadisə yaşanıb.

Buna sonuncu dəfə AZAL klubu nail olub. Paytaxt təmsilçisi 2011-2012-ci illər mövsümündə “Neftçi”yə 1:7 hesabı ilə uduzandan sonra “Simurq”a qalib gəlib – 5:1.

“Neftçi” və AZAL-dan başqa, daha 3 komanda belə halla üzləşib. “Turan” üç dəfə bu cür oyunlar ardıcıllığı yaşayıb. Tovuzlular 1997-1998 (“Qarabağ” 1:5, “Kür-Nur” 5:1), 1998-1999 (“Bakı fəhləsi” 1:5, “Şahdağ” 8:0) və 2000-2001-ci illər (“Neftçi” 1:5, “Araz-Naxçıvan” 7:2) mövsümlərində iki fərqli matçı sıralayıb.

Sumqayıt “Xəzər”i 1999-2000 (“Şəfa” 0:5, “Neftqaz” 5:0), “Qarabağ” 2001-2002-ci illər (“Şəmkir” 1:5, “Şahdağ” 6:0) mövsümlərində 5 və ya daha çox qol buraxdığı görüşdən sonra məhsuldarlıq nümayiş etdirib.

“Qarabağ” isə Azərbaycan Premyer Liqasının 2023-2024-cü illər mövsümündə 91-ci qolunu vurub. Ağdam klubu bu rəqəmə XXXIV turun “Zirə” ilə matçındakı 1:0 hesablı səfər qələbəsi ilə çatıb.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda bununla da tarixinin rekordunu təkrarlayıb. “Qarabağ”ın ən çox qol vurduğu mövsüm ötən çempionat olub. Ağdamlılar 2022-2023-cü illər mövsümündə 91 dəfə fərqləniblər. Həmin göstəricini təkrarlayan “Qarabağ” qarşıdakı iki turda rekordunu yeniləmək imkanına malikdir.

Qeyd edək ki, çempion son iki turda “Turan Tovuz”la evdə, “Araz-Naxçıvan”la səfərdə qarşılaşacaq.