İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Şahmatçılarımız növbəti qələbələrini qazanıblar

Hindistanın Qandinaqar şəhərində şahmat üzrə gənclər arasında keçirilən dünya çempionatında daha iki turun partiyaları oynanılıb. V turda Azərbaycan təmsilçilərindən Nərmin Abdinova hindistanlı, Ayan Allahverdiyeva isə isveçrəli rəqibinə qalib gəlib. VI turda mübarizə aparan Nərmin Abdinova Hindistan təmsilçisi olan Rindhiya Veni məğlub edib. Bu nəticələrdən sonra liderdən cəmi 0,5 xal geri qalan Nərmin Abdinova (5 xal) 2-3, Ayan Allahverdiyeva 4,5 xalla 5-10-cu yerləri bölüşdürür. Xatırladaq ki, turnir İsveçrə sistemi ilə keçirilir. 11 turdan ibarət yarışda 44 ölkədən 102 şahmatçı iştirak edir.

İdmançılarımız birincilikdə mübarizə aparacaqlar

İyunun 15-dən 24-dək Yunanıstanın Saloniki şəhərində ağırlıqqaldırma üzrə Avropa çempionatı keçiriləcək. Yarışlarda 36 ölkədən 461 (218 qız + 243 oğlan) atlet mübarizə aparacaq. Azərbaycan ağırlıqqaldıranları 15 və 17 yaşlı yeniyetmələr arasında keçiriləcək birincilikdə iştirak edəcəklər. Milli komanda turnirdə 18 idmançı ilə təmsil olunacaq. U-15 qızlar arasında Nuray Əbilova (40 kq), Malikə Biçekuyeva (55 kq), Arzu Qədimova (76 kq), oğlanların mübarizəsində Rəhman Mərdəliyev (49 kq), Kamran Xappayev və Əbdülhüseyn Hüseynov (hər ikisi 61 kq), Elman Kurdanov (67 kq), İsa Əliyev (73 kq), Allahverdi Qaragözov və Aslan Əmiraslanov (hər ikisi 89 kq), Muhəmmədəli Məmmədzadə (96 kq), Sultan Sultanov (102 kq), Sadiq Əliquliyev (+102 kq) qüvvəsini sınayacaq. U-17 oğlanların yarışında Turan Əliyev (67 kq), Akif Abdullayev (73 kq), Hüseyn Heydərov (81 kq), Məmməd Əhmədzadə (96 kq), qızlardan isə Mələk Hüseynli (+81 kq) mübarizə aparacaqlar.

Akrobatika gimnastlarımız Dünya Kubokları seriyasının qalibi olublar

Azərbaycanın akrobatika gimnastları Dünya Kuboku seriyası üzrə ən yüksək nəticəni əldə ediblər. Murad Rəfiyev və Daniel Abbasovdan ibarət kişi cütlüyü Bolqarıstan, Portuqaliya və Polşada gümüş, qızıl və bürünc medal qazanaraq Dünya Kuboku seriyasının ümumi nəticəsinə əsasən kuboka layiq görülüblər. Ağasif Rəhimov və Raziyə Seyidlinin təmsil etdikləri qarışıq cütlük Portuqaliyadakı yarışa gümüş medalla yekun vurublar. Polşada da bütün rəqiblərini geridə qoyan gimnastlarımız fəxri kürsünün ilk pilləsinə qalxıblar. Qeyd edək ki, Azərbaycanın akrobatika gimnastları sentyabrın 12-15-də Portuqaliyanın Gimarayeş şəhərində təşkil olunacaq dünya çempionatında iştirak edəcəklər.

Nərgiz İSMAYILOVA,

"Respublika".