Pensiya, müavinət, təqaüd, ünvanlı yardımlar üzrə ötən ilin müvafiq dövrünə nisbətən 21,4 faiz çox vəsait ödənilib
Sosial həyat

Pensiya, müavinət, təqaüd, ünvanlı yardımlar üzrə ötən ilin müvafiq dövrünə nisbətən 21,4 faiz çox vəsait ödənilib

2023-cü ilin yanvar-iyun aylarında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən 695 milyon manat və ya 21,4 faiz çox olmaqla 3 milyard 941 milyon manat ödənilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Respublika”ya bildirilib ki, reallaşdırılan yeni sosial islahat paketi çərçivəsində 2023-cü ilin əvvəlindən müavinət və təqaüdlər növbəti dəfə artırılıb, minimum pensiya fevralın 1-dən 240 manatdan 280 manata çatdırılıb.

2022-ci ildə pensiyaçılara verilən maddi yardımlar da bu ilin əvvəlindən onların pensiyaları tərkibinə daxil edilib və bu artım edildikdən sonra həmin pensiyalar ötən il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olmaqla 14,7 faiz indeksləşdirilərək artırılıb.

Həmçinin 2023-cü il üçün ehtiyac meyarının həddi artırılaraq 246 manata çatdırılıb ki, bu da ünvanlı sosial yardımın məbləğlərinin növbəti dəfə artması ilə nəticələnib.