Paşinyanın sülh prosesini ləngitmək üçün növbəti cəhdi
Digər xəbərlər

Paşinyanın sülh prosesini ləngitmək üçün növbəti cəhdi

İkinci Qarabağ savaşından xeyli keçməsinə baxmayaraq, Ermənistan tərəfinin müxtəlif təxribatları, eləcə də sərsəm bəyanatları səbəbindən hələ də sülh müqaviləsinin imzalanmasına nail olunmayıb. Ölkəmiz 44 günlük müharibədə 30 illik işğala son qoymaqla yanaşı, Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi.

Azərbaycan, həmçinin regionda davamlı sülhün yaranması üçün hərbi, siyasi üstünlüyü ələ alaraq digər şərtlər daxilində də əməkdaşlığın bərpa olunması üçün yeni mühitin yaranması istiqamətində mühüm addımlar atdı. Qərb qonşumuzla davamlı sülhün bağlanması isə ancaq hər iki ölkənin qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması, Ermənistanın Azərbaycana qarşı ərazi iddiasının olmaması barədə rəsmi sənədin imzalanması ilə baş tuta bilər. Sülh müqaviləsinin imzalanmasından sonra isə qarşıda duran prioritet məsələlərdən biri bölgədə iqtisadi münasibətlərin daha da səmərəli aparılması üçün kommunikasiyaların qarşılıqlı şəkildə açılması və genişlənməsi hesab olunur. Amma Hayastan sözdə sülhün tərəfdarı olsa da, əməldə davamlı sülhə getməkdən boyun qaçırır. Əslində, bu, Ermənistanın xislətinin dəyişmədiyini bir daha sübut edir. Paşinyan və onun timsalında Ermənistan hakimiyyətinin apardığı siyasət hər zaman bu cür "sürüşkən" olub.

Ermənistanın siyasi hakimiyyəti o qədər zəifdir ki, ölkə onun elitasına təsir edən hər xarici qüvvənin güdazına gedir. Daha dəqiq desək, ölkədaxili revanşist qüvvələrin - istər erməni diasporları tərəfindən, istərsə də bölgədə daimi sülhün olmasını istəməyən qüvvələrin verdiyi vədlər Hayastanda sabitliyin yaranmasına əngəl olur. Bunun ən böyük günahkarı Ermənistanın baş naziri Nikol Paşinyandır. Çünki Paşinyan özü barışıq ilə bağlı addımlar atmaqdan çəkinir, manevrlər etməklə sülh prosesini ləngitməyə çalışır. O, dərk etmək istəmir ki, sülh müqaviləsinin imzalanması bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi ilə yanaşı, Ermənistanın xilası da ola bilər. Hayların əsrlər boyu beyinlərinə yeridilən azərbaycanofob, türkofob siyasətin sonu onları sadəcə məğlubiyyətə sürükləyib. Ermənistanın yürütdüyü işğalçı siyasət, o cümlədən başqasının torpağını zorla talan etmək Qərb qonşumuza baha başa oturdu. Mənfur haylar bu cür mövqe sərgiləməklə danışıqlardan, beynəlxalq ictimaiyyətin, ilk növbədə isə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirməkdən imtina etdiyini, eləcə də kimin münaqişənin tənzimlənməsinə mane olduğunu açıq şəkildə nümayiş etdirir.

Ermənistan rəhbərliyi münaqişənin danışıqlar yolu ilə həll edilməsinə maraq gösrtərmir. Paşinyanın avqustun 24-də hökumətin iclasındakı çıxışı zamanı prosesi ləngitmək məqsədi daşıyan ifadələri də bunu təsdiqləyir. Belə ki, Ermənistanın baş naziri sülh gündəliyinə sadiq olduğunu iddia etsə də, rəsmi Bakıya Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı yeni "təkliflərini" göndərdiyini diqqətə çatdırıb.  Məhz bununla, Ermənistanın heç də barışıqda maraqlı olmamasını sübuta yetirir. İlk olaraq, ikitərəfli danışıqların gündəliyi hələ mart ayında onsuz müəyyənləşdirilmişdi. Hayların sərsəm şərtləri isə beş aydan çoxdur ki, Moskva, Brüssel və Vaşinqton görüşlərində də açıq-aydın görünür. Baş tutan görüşlərdə ümumi razılığa gəlinsə də, Ermənistan təxribatları yenə də səngimədi. Ən vacib məqam isə Cənubi Qafqazda vəziyyətin bu cür mürəkkəb olduğu zamanda Paşinyanın sülh müqaviləsinə "düzəliş" etmək təşəbbüsü onun regiondakı sabitliyə təhdid yaratmaq cəhdindən xəbər verir. Bu günədək öz üzərinə düşən heç bir razılaşmaya və öhdəliyə riayət etməyən Hayastanın Azərbaycanı xəyali razılıqları inkar etməkdə təqsirləndirməsi də təəccüblü məsələ deyil. Bu daha çox Ermənistanın öz mümkün hərbi təxribatlarını ört-basdır etməyə yönəlmiş bir addımı kimi qiymətləndirilə bilər. Düşmən unudur ki, sülh müqaviləsinin imzalanması çərçivəsində yarana biləcək hər hansı gərginliyin məsuliyyəti sadəcə Ermənistanın üzərinə düşür.

Xatırladaq ki, Paşinyan avqustun 17-də baş tutan hökumət iclasında da sərsəm məqamlarla yadda qalmışdı. Belə ki, Ermənistan baş nazirinin iclasdakı çıxışı zamanı BMT Təhlükəsizlik Şurasında aparılmış müzakirələri və üzv dövlətlər tərəfindən səslənmiş bəyanatları təhrif etməsi onun növbəti dəfə BMT TŞ-də düçar olduğu uğursuzluqla barışmaq istəmədiyini göstərdi.

Nəzrin ELDARQIZI,

"Respublika".