Ulu Öndərin yüksəlişə aparan inkişaf strategiyası
Digər xəbərlər

Ulu Öndərin yüksəlişə aparan inkişaf strategiyası

Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin şanlı tariximizdə yerini və rolunu hər zaman yüksək qiymətləndirib. Daim Ümummilli Liderini ehtiramla yad edir, həm doğum, həm də anım günündə böyük insan seli onun məzarı üstünə gedir, ruhuna dualar oxuyur. Eləcə də ideyalarını, zəngin siyasi irsini qoruyub saxlayır. Xalqımız Heydər Əliyevin siyasi kursuna ürəkdən dəstək verir, varlığının, müstəqilliyinin, inkişafının qarantı hesab edir.

 Ulu Öndərin müəllifi olduğu siyasi strategiyanın uğurlu davamı xalqımızı zirvələrə qaldırdı, qələbədən-qələbəyə daşıdı, dövlətimizi dünyada söz sahibinə, regionda liderə çevirdi. Məhz bu siyasi kurs Azərbaycanın adını kosmos dövlətləri sırasına yazdırdı. Biz Azərbaycan xalqı olaraq dövlətimizin başçısı, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevə təşəkkür edirik ki, ötən il Sərəncam verərək 2023-cü ili "Heydər Əliyev İli" elan etdi. Bu münasibətlə ölkəmizdə yerli və beynəlxalq əhəmiyyətli forumlar, konfranslar keçirildi, idman yarışları, müsabiqələr, sərgilər təşkil olundu. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və ona üzv təşkilatlar da "Heydər Əliyev İli" ilə bağlı tədbirlər planı hazırladı və uğurla həyata keçirdi.

 Heydər Əliyevin dövlətçilik strategiyası Azərbaycanımızın uğurlu inkişafına hesablanıb. Bu gün hər birimiz Heydər Əliyevin şah əsəri olan qüdrətli Azərbaycanın vətəndaşı olmaqdan çox qürurluyuq. O həm sovet Azərbaycanının təhlükəsizlik orqanına rəhbərlik edərkən, həm də ölkə başçısı olarkən yalnız xalqının mənafeyi naminə çalışıb, insanlarımızı əsassız təqiblərdən qoruyub, milli şüurun inkişafına şərait yaradıb. Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən vaxt respublikamızda vəziyyət son dərəcə ağır idi. Bilavasitə onun rəhbərliyi ilə 1970-ci ildən Azərbaycan intibah dövrünə qədəm qoydu, respublikamızın gəlirləri artmağa başladı, göstəricilər yüksəldi. Təkcə 1971-1975-ci illərdə 55 yeni iri sənaye müəssisəsi və çalışan müəssisələrdə 32 yeni sex və istehsal sahəsi fəaliyyətə başlamışdı. Heydər Əliyevin qətiyyəti və şəxsi nüfuzu sayəsində SSRİ-nin bir sıra strateji əhəmiyyətli müəssisələri ölkəmizdə inşa olunmuşdu. Onun Bakı Məişət Kondisionerləri zavodunun inşası üçün göstərdiyi səylər xüsusilə təqdir olunmalıdır. Zavodun Bakıda tikilməsi xalqımızın dahi oğlunun böyük vətənpərvərliklə həyata keçirdiyi əzmkar fəaliyyətin nəticəsi idi. Bu sırada biz indiki Bakı Dərin Özüllər Zavodunu da qeyd edə bilərik ki, bu gün də iqtisadiyyatımızın güclənməsinə, xalqımızın rifahına xidmət edir.

Həmin illərdə Bakının görkəmi əsaslı şəkildə dəyişdi. Yeni binalar tikildi, geniş abadlıq işləri aparıldı. Əhalinin mənzil şəraitinin yaxşılaşdırılması Heydər Əliyevin diqqət yetirdiyi mühüm məsələlərdən biri idi. Məhz onun rəhbərliyi dövründə əhaliyə 376,1 min yeni tikilmiş mənzil verildi. On beş mindən çox azərbaycanlı tələbə ittifaqın nüfuzlu ali məktəblərinə oxumağa göndərildi. Qeyd edim ki, həmin məzunlar Azərbaycan müstəqil olduqdan sonra yüksəkixtisaslı kadr kimi ölkəmizə xidmət etməyə başladılar və müstəqil Azərbaycan üçün çalışdılar. Ümumilikdə Ulu Öndərin respublikamıza rəhbərliyi onun ittifaq səviyyəsində tanınmasına, nüfuz qazanmasına səbəb olmuşdu. Odur ki, Heydər Əliyev 1982-ci ilin sonunda SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi. O, həmin vəzifədə gördüyü işlərlə, humanist mövqeyi, ədalətli və sülhsevər yanaşmaları ilə dünya səviyyəsində tanınırdı.

Ötən əsrin 90-cı illəri çox çətin dövr idi, xalqımız ağır sınaqla üzləşmişdi. Xalqımızın müdrik qərarı - Heydər Əliyevin yenidən hakimiyyətə gətirilməsi bizi bu bəlalardan xilas etdi. Bugünkü müstəqil, suveren, firavan, qüdrətli Azərbaycan həqiqətən də, Heydər Əliyevin şah əsəridir. Məlumdur ki, Ulu Öndərin bütün siyasi fəaliyyətinin mərkəzində Azərbaycan dövlətinin maraqları, xalqın sosial-iqtisadi vəziyyətinin yüksəldilməsi, vətəndaş cəmiyyətinin inkişafı dururdu. Bu yolda həmkarlar ittifaqlarının fəaliyyətini nəzərə alaraq ona hər zaman dövlət qayğısı göstərir, zəhmətkeşlərin hüquq və mənafelərinin qorunması, maraqlarının təmin olunması, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində fəaliyyətini dəstəkləyirdi. 1994-cü ildə Ulu Öndərin şəxsi təşəbbüsü və birbaşa nəzarəti altında keçmiş postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda "Həmkarlar ittifaqları haqqında" Qanun qəbul edildi. Bu qanunla həmkarlar ittifaqlarının cəmiyyətdəki fəaliyyətinin yeni prinsiplər əsasında tənzimlənməsi və vətəndaşlarımızın sosial-iqtisadi mənafelərinin qorunmasında fəal iştirakı üçün hüquqi baza yarandı.

Azərbaycanı öz layiqli davamçısına etibar edən Ulu Öndər bununla ölkəmizin xoşbəxt gələcəyinin əsasını qoydu. Cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyasını qətiyyətlə davam etdirdi. Ötən 20 ildə cənab İlham Əliyevin müdrik rəhbərliyi sayəsində ölkə iqtisadiyyatı dinamik şəkildə inkişaf edib, Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib. Dövlət başçımızın gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz və müzəffər xalq kimi tanındı. Xoşbəxtik ki, öz torpaqlarımızın sahibiyik, dövlətimizin suverenliyi bütün ölkə ərazisində təmin olunub, müqəddəs bayrağımız doğma Vətənimizin hər bir guşəsində - Şuşada, Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda və digər işğaldan azad edilmiş şəhər və kəndlərimizdə əzəmətlə dalğalanır.

Bu gün ölkə vətəndaşları öz dövləti ilə qürur duyur, qazanılan nailiyyətlər, əldə olunan uğurlarla fəxr edir. Əminik ki, gələn il fevralın 7-də Prezident seçkilərinə gedəcək xalqımız yenə də tərəqqiyə, inkişafa, əmin-amanlığa səs verəcək. Azərbaycan həmkarlar ittifaqları Prezident İlham Əliyevin xalq və dövlət qarşısında xidmətlərini yüksək qiymətləndirir, onun bütün sahələrdə uğurla həyata keçirilən siyasətinə ürəkdən dəstək verir. İnanırıq ki, Prezident İlham Əliyevin bundan sonra da müdrik idarəçiliyi sayəsində dövlətimiz daha da inkişaf edəcək, müstəqilliyimiz möhkəmlənəcək, xalqımız xoşbəxt və firavan həyatına davam edəcək.

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları

Konfederasiyasının sədri,

Milli Məclisin deputatı.