Makron hakimiyyəti ölkəsini uçuruma sürükləyir
Digər xəbərlər

Makron hakimiyyəti ölkəsini uçuruma sürükləyir

Deyirlər dostunu göstər, söyləyim kimsən. Xain Ermənistanın rəzil vəziyyəti onu göstərir ki, havadarı Fransanın da heç də haylardan geri qalmaması təsadüfi deyil. Makronun uğursuz siyasəti, eləcə də onun dövlətin "demokratik" imicini yerlə-yeksan etməsi bir daha Fransa prezidentinin ölkəni uçuruma apardığını deməyə əsas verir.

Makronun prezidentlik kürsüsünə əyləşəndən bəri lobbi qruplarının maraqlarını ifadə etməsi bu gün narazılıqları artıran başlıca səbəblərdən hesab olunur. Şübhəsiz, qruplardan bəhs etdiyimiz zaman erməni lobbisini nəzərdə tuturuq. Siyasətini xalqın maraqlarından daha çox, mənfur hayların istəklərinə uyğun quran Makron bununla Hayastanın "kuklasına" çevrilib. Fransa lideri ölkənin nüfuzuna vurduğu zərbənin bərpası üçün onilliklər lazım olacağını dərk etmək istəmir. Makronun prezidentlik fəaliyyətini təhlil etsək, onun yürütdüyü siyasətin sanki məqsədli şəkildə ölkəsini aşağılamaq, beynəlxalq aləmdə nüfuzunu zəiflətmək məqsədi daşıdığını görmək mümkündür. Məhz, Makron hakimiyyətinin səriştəsizliyi ucbatından dövlətin siyasi, iqtisadi vəziyyəti günbəgün pisləşməyə davam edir. Xüsusi vurğulamaq lazımdır ki, hakimiyyətin uğursuz fəaliyyəti birbaşa fransızların büdcəsinə ağır zərbə vurmaqla yanaşı, ölkədə yanacağın qiymətinin də xeyli yüksəlməsinə gətirib çıxarıb. Bu isə özlüyündə digər məhsulların da bahalaşmasına, vətəndaşların həyat keyfiyyətinə mənfi təsir göstərir. Daha dəqiq desək, bu hətta inflyasiyaya da təkan verir. Sözdə "demokratiya bələdçisi" olan Fransadakı real vəziyyət bu cür mürəkkəbdir. Ölkəni bürüyən etiraz aksiyaları, bahalaşma, xarici uğursuzluq, polis özbaşınalığı və daha saymaqla bitməyən bir çox problem xalqın hakimiyyətdən narazılığını açıq şəkildə dilə gətirməyinə zəmin yaradıb.

Qeyd etməli olduğumuz digər vacib məqamlardan biri də Fransa prezidentinin təkcə ölkə daxilində həyata keçirdiyi uğursuz siyasəti ilə deyil, həm də xarici siyasətindəki neokolonializmi ilə tarixə düşməsidir. Belə ki, son zamanlarda Nigerdə baş verən hadisələr Fransanın Afrika qitəsində həyata keçirdiyi müstəmləkəçiliyin, köləliyin və acgöz istismarın ağır nəticəsidir. Təsadüfi deyil ki, çevrilişə qalxan qüvvələr Fransa hakimiyyətindən istismara son qoymağı tələb edir. Bütün bunların müqabilində isə, Makron utanmazcasına Nigerdəki maraqlarını hər şeydən üstün tutur, hətta xalqı hədələyir. Makronun hədəsindən sonra minlərlə insan etiraza çıxaraq diplomatik nümayəndəliyin qarşısındakı "Fransa səfirliyi" yazılmış lövhəni qopararaq onun yerinə Niger bayrağını asıblar. Bu səbəbdən də Fransa mediasında Emmanuel Makronun ölkəni çökdürməsi istiqamətində analiz və şərhlərin sayında artım müşahidə olunur. Məsələ ondadır ki, fransız jurnalistlər də Makron hakimiyyətinin uğursuzluğunu qəbullanıblar. Bunun nəticəsidir ki, ölkə siyasiləri və deputatlarının ardınca jurnalistlər də prezidenti hədəfə alıb. Makronun xarici və daxili siyasətdəki "üz ağartmayan" fəaliyyətini artıq hər kəs açıq şəkildə dilə gətirir. Pensiya yaşının artırılması ilə geniş vüsət alan etirazlar getdikcə daha çox alovlanır. Ölkə daxilində keçirilən sorğu nəticəsində Fransa vətəndaşlarının 70 faizinin Makron hakimiyyətindən narazı olduğu qənaətinə gəlinib. Doğrusu, Makronun xalqın onu istəmədiyindən xəbərdar olub hələ də öz yolundan geri dönməməsi təəccüblüdür. Görünür, Fransa lideri öz postunu itirməkdən qorxmur, ya da sözün əsl mənasında vəzifə və öhdəliklərini heç də ciddiyə almır. Getdiyi hər yerdə narazılıqla qarşılanan Emmanuel Makron bu dəfə də Fransada keçirilən reqbi üzrə Dünya Kubokunun açılış mərasimindəki tamaşaçıların qəzəbinə tuş gəlib. Tamaşaçılar çıxış etməsi üçün kürsüyə dəvət edilən Fransa prezidentini fitə basıblar. Belə ki, Marsel və Parisin fan zonalarında dövlət başçısının ünvanına təhqirlər səsləndirilib.

Qeyd edək ki, bu Emmanuel Makronun başına gələn ilk belə hadisə deyil. Bundan əvvəl Fransa liderinin Liona səfəri və sakinlərlə görüşü zamanı naməlum şəxs tərəfindən ona yumurta atılmışdı. Həmçinin ölkə prezidentinin Drom rayonuna səfəri zamanı da sakinlərdən biri ona şillə vurmuşdu. Makronun bütün bu reallıqlar fonunda öz nüfuzunu bərpa etmək üçün lazımi addımlar atması daha məqsədəuyğundur. Bunun əvəzində Fransa hakimiyyətinin erməni fitnələrinə şəriklik edərək özünü, eləcə də ölkəsini gülünc duruma salması heç də xoşagələn hal deyil.

Nəzrin ELDARQIZI,

"Respublika".