Parisin qərarı sadəcə kağız parçası olaraq qalacaq
Siyasət

Parisin qərarı sadəcə kağız parçası olaraq qalacaq

Bu il Azərbaycanda qlobal iqlim dəyişmələrinin fəsadlarını müzakirə edəcək nüfuzlu beynəlxalq konfrans keçiriləcək. Qeyd edək ki, 2015-ci ilin sonlarında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin 21-ci konfransında Paris Razılaşması qəbul olunub və həmin sənədi 171 ölkə imzalayıb. Azərbaycan Paris razılaşmasına 2016-cı ilin aprel ayından qoşulub. COP tədbirlərinin başlıca hədəfi Paris Sazişinin tələblərinə uyğun olaraq dünyada karbon qazının miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi, 1,5 dərəcə selsi ilə məhdudlaşdırmağa nail olmaqdır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının - COP29-un ölkəmizdə keçirilməsinə bir sıra dövlətlər səs verib. Lakin Paris Şəhər Şurası Azərbaycanın COP29-a ev sahibliyini boykot etmək barədə absurd qərar çıxarıb. Bu qərar sırf siyasi qərəzin nəticəsidir. Çünki COP29 bütövlükdə planetimizin gələcəyi ilə bağlı mühüm qərarların qəbul ediləcəyi bir tədbir olacaq. Bu, qlobal iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması istiqamətində qəbul edilmiş "Paris razılaşması"na ev sahibliyi etmiş bir dövlətin beynəlxalq hüquqa olan yumşaq desək, sayğısızlığıdır. Azərbaycanın “yaşıl enerji”yə keçid istiqamətində qərarlılığı və qətiyyəti, atdığı konkret addımları ölkəmizə COP29-a ev sahibliyi etmək üçün mənəvi haqq qazandırıb. Adətən COP tədbirlərinə hazırlıq üçün ölkələrə 2 il vaxt verilir. Azərbaycanın bu mötəbər tədbiri keçirməsi üçün cəmi 1 il vaxt ayrıldı. Bu da ölkəmizin beynəlxalq aləmdə qazandığı nüfuzun, Azərbaycana olan inamın, güvənin nəticəsidir. Ölkəmiz buna qədər çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi edib və bu toplantıları kifayət qədər yüksək səviyyədə keçirib. Hazırlıq tədbirləri onu göstərir ki, ölkəmiz COP29-u da yüksək səviyyədə təşkil edəcək.

Paris Şəhər Şurasının qərarı 44 günlük savaşdan sonra Cənubi Qafqazda, bütövlükdə öz mövqelərini itirən Fransanın ermənipərəst acısıdır. Son 20 ildə Azərbaycan təkcə Güney Qafqazın deyil, beynəlxalq aləmdə ciddi söz sahibi olan dövlət statusunu qazanıb. Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan nəhəng transmilli layihələr ölkəmizi Avropanın etibarlı yanacaq-enerji təchizatçılarından birinə çevirib. Şimal-Cənub Nəqliyyat Dəhlizi kimi beynəlxalq infrastrukturun fəaliyyətə başlaması Azərbaycanın nüfuzunu daha  artırıb.

Bəllidir ki, Azərbaycan karbohidrogen ehtiyatları ilə zəngin ölkədir. Qalıq yanacağın satışından ölkəmiz külli miqdarda gəlir götürür. Lakin ölkəmiz bərpa olunan enerjiyə keçidi əsas prioritetlərdən birinə çevirib.

Ermənistanın başda Fransa olmaqla beynəlxalq havadarlarının yardımı ilə 30 il işğalda saxladığı Qarabağ və Şərqi Zəngəzur ərazilərini Azərbaycan “yaşıl enerji zonası”na çevirməyi elan edib. Böyük qayıdış layihəsi çərçivəsində görülən işlər ekoloji yanaşmalara əsaslanır. Maraqlıdır ki, torpaqlarımız işğaldan azad olunmasına, suveren ərazilərimizdə antiterror əməliyyatlarına ciddi etiraz edən yeganə dövlət də elə Fransa oldu. Fransanın qlobal iqlim dəyişmələrinin nəticələrinin yumşaldılması istiqamətində imza atdığı konvensiyalara sadiq olsaydı, COP29-la bağlı belə cəfəng, gülünc qərar çıxarılmazdı. Fransanın Afrikada və planetimizin digər bölgələrində apardığı qatı müstəmləkəçilik, xalqlara qarşı etnik diskriminasiya siyasəti müasir dünyada ciddi şəkildə qınanırmı?!. Bu ölkənin Aralıq dənizini ekoloji fəlakət bölgəsinə, “plastik zibilliyi”nə çevrilməsində böyük “payı” var.

Azərbaycan neft və qazla zəngin olsa da bərpa olunan enerjiyə, karbonsuz nəqliyyata keçid istiqamətində ciddi addımlar atılır. Hesab edirəm ki, iqlim dəyişmələrinin nəticələrinin aradan qaldırılması istiqamətində beynəlxalq təşəbbüslər qoşulmuş digər dövlətlər də, o cümlədən Fransa da səmimi olmalı, iqtisadi və geosiyasi maraqlarını öndə tutmamalıdır. Çünki söhbət Yer kürəsinin taleyindən gedir. Biz gələcək nəsillərə yaşana bilən bir planet buraxmalıyıq. Bu gün məsuliyyətli qərarların verilməsi zamanıdır. Əgər Fransa kimi  dövlətlər öz siyasi maraqlarını yenə bəşəriyyətin taleyindən üstün tutacaqsa, o zaman qlobal ekoloji böhranın nəticələrini aradan qaldırmaq mümkün olmayacaq. Güman edirəm ki, Paris Şəhər Şurasının bu gülünc qərarı kağız parçası olaraq qalacaq. COP29 yüksək səviyyədə baş tutacaq və tarixi əhəmiyyətli toplantlı kimi yadda qalacaq.

Elman CƏFƏRLİ,

“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri.