Güclü ordusu olan ölkəmizin müstəqilliyi əbədidir
Siyasət

Güclü ordusu olan ölkəmizin müstəqilliyi əbədidir

Respublikamızda vahid komandanlığa tabe olan ordunun yaradılması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ordu quruculuğunda yeni bir mərhələnin başlanğıcı Heydər Əliyevin radio və televiziya ilə xalqa 2 noyabr 1993-cü il tarixli müraciətindən sonra qoyuldu. Bu müraciət hərbi quruculuq sahəsində yaxın və uzaq gələcək üçün Azərbaycan xalqının qarşısında dayanan proqram sənədinə çevrildi. Bu çağırışla xalqın bütün potensialı ordu quruculuğuna istiqamətləndirildi. Ulu Öndər böyük dövlətçilik təfəkkürü ilə xalqın potensialını ordu quruculuğu kimi mühüm bir sahəyə səfərbər edə bildi. Onun qətiyyəti və müdrikliyi sayəsində vahid komandanlığa tabe olan ordu yaradıldı.

Ümummilli liderin 1998-ci il 22 may tarixli Fərmanına əsasən 26 iyun Silahlı Qüvvələr Günü elan olundu. Azərbaycan Ordusunun hazırkı səviyyəsi bu sahədə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilən ordu quruculuğu siyasətinin tamamilə doğru olduğunu bir daha sübut edir. Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycan Ordusu bu gün dünyanın ən güclü orduları sırasında yer alıb. Bu da Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin nəticəsidir.

Prezident İlham Əliyev müharibə vəziyyətində yaşayan respublikamızın Silahlı Qüvvələrinin maddi-texniki bazasını daha da gücləndirmək məqsədilə 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyini yaratdı. Həmin dövrdən bu yana nazirliyin müəssisələrində silah, sursat və hərbi vasitələrin istehsalının genişləndirilməsi və keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Qısa müddətdə silah, hərbi sursat istehsalına başlanıldı. Müdafiə Sənayesi Nazirliyinin xətti ilə 1300-dən çox hərbi təyinatlı məhsul istehsal olunur. Silahlı Qüvvələrin balansında olan zavodlarda təmir, yenidənqurma işləri aparılmış, bu müəssisələr indi ordumuzun inventarında olan hərbi texnikaların təmirini, ən müasir şəkildə modernləşdirilməsini həyata keçirməkdədir.

Azərbaycan Ordusunun dünya hərb sənayesinin ən son nailiyyətləri ilə təchiz olunması və müasir hərbi texnikanın idxalına xüsusi diqqət yetirilməsi Prezident İlham Əliyevin ordu quruculuğu siyasətində başlıca məqamlardan biridir. İqtisadi gücümüzdən maksimum faydalanaraq, ordumuzu Türkiyə, İsrail, Rusiya, Belarus və digər dövlətlərin müasir hərbi texnikaları ilə təchiz edərək Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusu qarşısındakı üstünlüyü daha da artırıldı. Ordumuz artıq ən müasir tələblərə cavab verən orduya çevrilib.

Xalq öz ordusunu o zaman sevir ki, ona güvənir, onun döyüş qüdrətinə, qələbə əzminə inanır. Belə ki, hər bir Azərbaycan vətəndaşı ordunun şərəfini uca tutmalı, onun nüfuzuna, döyüş əzminə xələl gətirmək istəyən qüvvələrə qarşı sərt mövqedə olmalıdır. 

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha sürətlə və yüksək səviyyədə aparılan ordu quruculuğu işini davam etdirdi. Bu gün Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib. Bunu 2016-cı ilin aprel, 2018-ci ilin Günnüt hadisələri də sübut etdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza yenidən qələbə sevinci yaşatdı. Azərbaycan Ordusunun mənəvi-psixoloji döyüş ruhu, sosial ictimai texniki-təchizatı, silah-sursatı peşəkarlıq baxımından Ermənistan ordusunu nə qədər qabaqladığını ortaya qoydu və düşmən də bu üstünlüyü tam anladı. Bundan cəmi 2 il sonra Günnüt zəfərində Naxçıvan MR 11 min hektardan çox ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Rəşadətli Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başlatdığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək ümumilikdə 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Bu, dünyanın müasir hərb tarixində misli görünməmiş uğurlu hərbi əməliyyat idi. Ermənistan ordusu demək olar ki, məhv edildi, düşmənin 3,8 milyard dollarlıq silah-sursatı sıradan çıxarıldı. Müzəffər Ali Baş Komandan bu şanlı Qələbənin qazanılmasının əsasında ən müasir silahların deyil, Azərbaycan Ordusunun qəhrəman hərbçilərinin dayandığını dəfələrlə vurğulayıb. Vətən müharibəsində qazanılan şanlı Qələbə Azərbaycan Ordusunun gücünü bütün dünyaya göstərdi.

İlham Əliyevin həyata keçirdiyi kompleks tədbirlər Azərbaycan Ordusunu dünyanın ən qüdrətli orduları sırasında yer almasını təmin etdi. Dünyada orduların reytinqlərini tərtib edən sanballı qurumlar təsdiq edirlər ki, Azərbaycan Ordusu 50 ən güclü ordu sırasındadır.

Röya RÜSTƏMLİ,

"Respublika".